Dilim
dilim olasan, dilim!
İncə
biyo be rəftəni
Pişik apardı küftəni
Nənəmin
dilindən
Bu yaxınlarda qəribə bir səhnənin şahidi olmuşdum. Kifayət qədər məşhur
prodüsser ondan da məşhur olan bəstəkarla məsləhət eləyirdi ki, görəsən
məşhur fars muğənnisi Ququşu Bakıya gətizdirsək necə olar. Bəstəkarsa
dedi ki, Ququşun Bakıya gəlişi bomba partlayışı kimi bir şey olacaq
və bu çox təhlükəlidir. Dözməyib çox da uzun olmayan burnumu söhbətə
«soxmağa» ürəkləndim. Çünki indi ürəyimizin yumşaqlığındanmı, yoxsa
cibimizin zənginliyindənmi çal-çağır Dilarə demiş şəhərin bacası da,
qapısı da, lap elə nəfəsliyi də hər gələnə taybatay açıqdı. Türkləri
demirəm, burdan-buradırlar, şəpitnən də gələ bilərlər. Elton Gona, Patrisiya
Kaasa yer olan məkanda Ququşa bir qırıq səhnə tapılmayacaq? Marağımın
əvəzində təxminən belə bir cavab aldım: Ququş əsrlərlə azərbaycanlıların
beyninə yeridilmiş fars intonasiyalarını yenidən oyada bilər! Baho!
150-200 il, yəni rusların ərazilərimizi qamarlamamışdan əvvəl hamı bu
intonisiyada danışırdı. Köklü bakılılar hələ də duzu «nəməkdana» tökür,
indiyədək 80-ə «həştad» deyir, əsəbləşəndə «həftadı»nı yandırır, hərdən
də «xub» deyib razı qalır. İntonasiyanın gücünə bax bir! Həri…
O vaxtdan bəri bakılılar mühafizəkar mövqeydə dayanıb ona «bakılılar
farsdır, tatdır» deyənlərlə hələ də çarpışır. Nolsun, türklüyünü sübuta
yetirə bilməyiblər ki. İndi bu mübarizəyə rus dilində danışanlar da
qoşulur. Onlara «rusdur» demirlərsə də «ruslaşıblar» yarlıkını çoxdan
yapaşdırıblar. İndi «şəhərli» və «əyalət adamı» ağzını açan kimi özünü
büruzə verir. Qəribədir ki, bu kültür laylar bir-birinə qarışmadan yanaşı
yaşayır. Öz aramızdı, amma bir-birini o qədər də bəyənmir. Fars intonasiyasıyla,
ya da rus dilində, rus intonasiyasıyla danışanlar əslində millətinə
xilaf çıxmış yox, sadəcə dövrünün oxumuş adamlarıdır. Əgər dünyanı rus
dili vasitəsiylə qavrayırsansa səs yaddaşın dilin intonasiyasını yadda
saxlamazmı? Filmlərə rusca baxmaq ləzzətini, kitabları bu dildə oxumaq
kefini yaşayıb fikrini səninlə eyni tonda danışanlarla bölüşürsənsə
milliyyətin dəyişir? Podumayeş, dünya dağılmadı ki! Vsyo e, bu mövzuda
bütün toçkaları uduzmuşuq. Da,da, da…
Köşənin mövzusu barədə düşünərkən məni çoxdandır ki, incidən bir suala
cavab tapdım deyəsən. Uzun müddət türk serialları bəlasına mübtəla olmuş
Azərbaycan televiziyasının məqsədini anlaya bilmirdim. İndi başa düşürəm
ki, türk seriallarında günümüzün çalarına uyğun olan acı sevgidən, intiharlardan,
kasıblıqdan, ayrılıqlardan doğan o qədər yalvarış, zarıma intonasiyaları
spektri var ki, qaragün xalqa çox lazımdı. Türk serialları başqa dili
yəni müasir sayılan rus, avanqard olan ingilis dilini öyrənə bilməyənlərə
bir növ əlavə paraşut kimidir. Yəni ki, zəhmət çəkib özünü ora bura
vurma, səninçün hər şey artıq hazırlanıb, yavrum. Televizoru açıyorsan,
baxıyorsan və xoşbəxt oluyorsan. Əvət…
Milliyəti seçmirlər, amma ləhcəni ki, özün seçirsən. Türk havalarını
dinləyənlərə indi «çuşka» deyirlər. (Keçmişdə milli havanı dinləyənlərə
belə deyərdilər. İndi yəqin ürək eləmirlər. Milli qürur və sair iradlar….
Başa düşürsüz də) İngilis ləhcəsində danışanlar xarici musiqiləri bəyənir.
Bu layın uşaqları analarına «Bəsdir də, ana» əvəzinə «İnaf də, mazə»
deyib etiraz eləyir. Bəzən qulaqcığında meyxanayla, ya da toyxana havasıyla
özünü təsdiqləməyə cəhd eləyən etiraz formalarına rast gəlmək olur.
Onlar kənardan səs yaddaşında terror yaratmağa cəhd eləyən diversantlara
bənzəyir. Fars muğamını dinləyib fars ədəbiyyatını oxuyub dilin avazını
götürmək olursa, filmləri rusca tamaşa eləyib, dünya ədəbiyyatını bu
dildə öyrənmək olursa, türk ruhunu türk filmlərindən, şarkılardan, türkülərdən
almaq olursa mənim dilimin, BİZİM dilimizin avazını hardan öyrənməliyik.
Yenə də ananın laylasından?! Hamı da özünü elə bil öz avası olan dilimiz
də, musiqimiz də, ədəbiyyatımız yoxmuş kimi aparır. Təklifim var, epotaj
jeşt kimi, yəni kütləni heyrətləndirmək məqsədilə sırf azəricə danışaq!
Öz avazımızda, öz musiqimizdə, öz ləhcəmizdə…. Okeymi? Yes….