Professional mövhümat
Ya da mövhümata dəxli olmayan peşəkarlıq

İndi hazırda sevimli noutbukumla tetatet oturub yazmağa cəhd eləyirəm. Əsil Azərbaycanlı kimi pürrəngi çayın canına yel ləyməyə qoymayıb artıq ağzım yana-yana içmişəm və çay buxarına ilham pərim olmağa ona şans saxlamamışam. Sabah gedəsi yerim var deyən köşə mütləq bu gün yazılmalıdı. Mən də razıyam, axmaq iddiadır! Niyə məhz bu gün? Niyə həmişəki kimi evdə? Köşə marşrutda yazıla bilməz bəyəm? Məsələn diz üstə, qırıq qələmlə… (bu yazıq jurnalist obrazına çox uyğun gəlir) Ya da redaksiyadakı çap maşını kimi işləyən kompüterlərin nəyi əskikdi? Amma hamı bilir ki, mən redaksiyaya gəldimsə deməli yazı olmayacaq. Məndən yazı gözləyən redaktorlar «həmişə sən gələsən» demək əvəzinə az qala dilinə gətirir ki, «sən allahın, get evinə, bir şey yaz, eybi yox, göndərərsən». Bu da bir cür mövzümatdı, ya inamdı – həmişəki stulumda, həmişəki şəraitimdə, həmişəki kimi sakitlikdə olmasam yazı pis alınacaq. Sonra oxuyub xəcalətdən öləcəm. Buna professional mövhümat demək olar, məncə…
Bu qəribəlik təkcə məndə deyil. Fransız kralı 14-cü Lüdovik boynunda həmişə eyni yaylıq gəzdirərdi. Bu yaylığı ona eks favoriti Fransuaza de Blan hədiyyə eləmişdi. Bu xanım necə olmuşdusa kralı inandıra bilmişdi ki, o, yaylığı çıxaran kimi taxt-tacını itirəcək. Kralın da bu yaylıqdan o qədər də xoşu gəlmirdi. Göbəyinə qədər sallanan yaylıq həmişə yemək vaxtı mane olur, daim yeməyə bulaşır, parikinə ilişib onu əsəbləşdirirdi. Ona görə də Lüdovik bu yaylığı hər gün yuyulmağa göndərməyə məcbur olurdu. Hətta deyirlər ki, qalstukun tarixi də belə başlayıb.
Həkimlər növbətçilik qrafiklərini dəyişməyi sevmir. Deyirlər ki, qaçhaqaç salıb kolleqalarınla danışıqlara başlasan qismətinə rahatlıq əvəzinə elə bir gün, ya da gecə düşəcək ki, nəfəsini dərməyə vaxtın olmayacaq. Gecədirsə gözünü də yuma bilməyəcəksən. Cavan həkimlər növbətçilikdən qabaqkı gecə sevişməməyə çalışırlar. Yoxsa həmən gün, ya gecə çox ağır ola bilər. Təyyarəçilər uçuşdan qabaq şəkil çəkdirmir. Musiqiçilər inanır ki, konsert qabağı səhər yuxudan duranda sağ ayaqla durmaq lazımdı. Konsert qabağı yatağı yığmaq da olmaz. Bu iki əlamət dirijorlar və opera müğənniləri arasında ən çox yayılan inamdır. İndi buna də mövhümatmı deyək?
Teatrda pyesin məşqləri zamanı rol yazılan vərəq, ya da pyes yerə düşərsə aktyor mütləq bu kağızların üstünə oturmalı, sonra onlarla birlikdə qalxmalıdı. Yoxsa rolu oynamaq qismət olmaz. Hamı bilir ki, barmağı uzadıb nəyisə göstərmək ədəbsizlik əlamətidir, yaxşı jest deyil. Amma dənizçilər sizə deyər ki, barmaqla səmanı göstərmək lap pis əlamətdi. Bu allahları qəzəbləndirib fırtına, ya da tamam küləksiz havanı gətirə bilər. Hər bir liman şəhərində bilirlər ki, sahildən aralanan gəmiyə barmaq uzatsan onu fəlakətə sürükləyirsən.
İstehkamçı pirotexniklər, yəni partayışların qarşısını alan minaaxtaranlar heç vaxt əməliyyatdan qabaq sağollaşmırlar və heç vaxt hansı anlamda olursa olsun «sonuncu» sözünü işlətmirlər. Yanğınsöndürənlərsə deyir ki, növbədən əvvəl uzunboğaz çəkmələri təmizləsən mütləq yanğın baş verəcək və çağırış olacaq. Bölmədə yeni işçi peyda olanda da hamı inanır ki, bu gün onunçün çox gərgin keçəcək. Yanğınsöndürənlər məzuniyyətdən işə qayıdanda onları sulayırlar. Yoxsa ki, hamı yanğın söndürməkdən əldən düşüb su içində olacaq.
Ola bilər ki, dünyada ən mövhümatlı adamlar kosmonavtlardı. Kosmonavt Sergey Korolyov bazar ertəsinə düşən uçuşları o qədər sevmirdi ki, hətta günü dəyişməkdə təkid eləyirdi. Bunun səbəbi indiyədək aydın deyil. Amma sovet dövründə, hazırda rus kosmonavtları də az qala rəsmi şəkildə həftənin birinci gününü start gününə layiq bilmir. İnamların içində ən qəribəsi odur ki, kosmodromda hər daşıyıcı raketi havaya buraxmazdan əvvəl onun üstündə «Tanya» yazırlar. Yəqin nə vaxtsa bu Tanyaya vurulmuş zabit sevgilisinin adını raketdə əbədiləşdirib. Amma sonrakı raketlərin birində ayağı yüngül adı yazmayıblarmış, raket havaya qalxan kimi partlayıb.
Amma necə olsa da mənim bu mövhümat sözündən nəsə acığım gəlir. Onun qarşısında hörmətli peşəkar sözü dayansa belə. Mövhümatçı saqqal buraxar, şalvarının balağını kəsdirər, ya da qoltuğunda partlayıcı, ya da heç olmasa bıçaq gəzdirər və hamıya birtəhər nəzərlərlə baxır. Ona görə də gələn köşəmi mütləq diz üstə yazmağa cəhd eləyəcəm. Alim kimi bardaş qurub mütəkkəyə söykənəcəm və qələmin bir ucunu ağzıma qoyub çeynəyəcəm. Görüm belə pozada ağlıma abırlı bir fikir gəlir, ya yox…

 

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?