Həmişəbelə
Xahiş edirəm,
yazının başlığında səhv axtarmayasız. Bu elə belə də yazılmalıdı – Həmişəbelə.
Özü də böyük hərflə. Çünki dilimizdə personaların adı böyük hərflərlə
yazılır. Tanımırsızsa yada salım, belə bir milli folklor qəhrəmanımız
var. O, ildə bir dəfə (lap Santa kimi) Novruz bayramında evlərimizə
gəlir. Adətən gözə görünmür, amma gözdən pərgardı. Leksikonunda isə
cəmi iki kəlmə var: həmişə belə. Bəyəndimi, ya dodaq büzdü, fərq eləməz
nə görsə deyəcək ki, «həmişə belə». İndi özünüz düşünün, iki söz tanıyan
qəhrəmana bundan artıq nə ad verəcəkmişik ki?
Yəqin Allah-Taala günü çətin keçən xalqlarını bərk sevdiyindən ona belə
qəribə obrazlarda kömək göndərir. Bunu bilən zirək azərbaycanlılar nə
qədər kasıb, nə qədər imkansız olsalar da süfrələrini boş qoymaz, bir
yumurtadan, şəkərburadan, ya da qoz-fındıqdan düzər süfrəsinə. İmkanı
heç nəyə çatmasa qonşusunun qapısına papaq atmaq şansı var, gətirib
yığar süfrəyə. Axı Həmişəbelə gələcək. Növbəti il də kasıbçılıqda keçirmək
qorxusuyla yaşamaq olar? Yaxşı, bəs bu il gələn Həmişəbelə nə gördü,
nə nəticə çıxardı, bunu hardan bilək? Bayram qaçaqovdusu bitib, indi
geriyə ayıq başla baxa bilərik.
Bayramda biz o ki var yedik. Halal olsun vaxtilə Bakının kanalizasiya
sitemini inşa edənlərə. Dedim dözməz, şükür, qəza olmadı. Həmişəbelənin
gözündən iraq, sonra bir ili nəcis içində yaşayardıq. Dükanlarda yeməli,
görməli, geyməli nə vardısa hamısını süpürləyib apardıq. Bayram ərəfəsində
evinə iliboş gələn görməzdin, maaşşallah. (Bir yerinizi qaşıyın, göz
dəyər. Axı böhranın tüğyan elədiyi vaxta başqa ölkələr də oxuyur yazdıqlarımızı).
Ən qeybətcil arvadların belə, hətta deyingən qadınların da dilini ağzında
tərpətməyə heyi olmadı. Bişir ki, bişirəsən. Sonra da ye ki, yeyəsən.
Sağ olsunlar, Bakıdan qıraqlarda da bişirhabişirdə işıqları kəsmədilər.
Həmişəbelədən də ayıbdı da.
Bayramdan əvvəl gedib səs də verdik, əgər unutmamısızsa. Həmişəbelə
bunu da gördü yəqin. Gördü ki, millət öz taleyini necə şüurlu surətdə
həll eləməyi bacarır. İnanıram ki, şəkərburaya naxış vurub sobaya qoyan
kimi qadınlar «bıy başıma xeyir, mən ki, gedib səs verməmişəm» deyərək
əlinin ununu öndüyünə silib səsvermə məntəqəsinə qaçıb. İldırım kimi,
o başa cumub, sonra da evə tələsib. Axı şəkərəburanın üstü qızardısa,
apar tök onu itin qabağına. Həmişəbelə gördüsə, vəssalam, adın batdı,
ən azı biriillik. Yəqin ki, Həmişəbelə bir seçki məntəqələrinə də baş
çəkib, ordakı bayram əhval-ruhiyyəsini də gördü, səmənini, xonçaları,
bura axışan milləti də. Sonra yəqin ki, razı halda «həmişə belə» deyib
yola düzəldi.
Bu bayramda o qədər şit mahnılar eşitdik, o qədər oynadıq, hırıldadıq
və əlbəttə ki, yenə də yedik. Oxuyanlardan kimisinin təzə mahnıya gücü
çatdısa fors elədi. İmkansızları nənəsinin sandığından çıxan köhnə paltarlar
kimi naftalin iyi verən havaları oxudu. Eybi yox, Həmişəbelənin nə yadındadı
bütün mahnılar. Onsuz da müğənnilərimiz qocalanacan, səsi xırıldayıb
batanacan elə onları oxuyacaq. Deyəsən, Həmişəbelənin də bu artıq xoşuna
gəlir. Dilini dinc saxlamayıb yenə də (yəqin ki, havaya uyğun çırtıq
çala-çala) «həmişə belə» deyib.
Bir iş də var ki, bu Həmişəbelə həmişəki kimi dinc oturmayıb hər yeri
gəzib. Qorxuram ki, o, əldən getmiş torpaqlar tərəfə də bir də baxıb.
Sonra tikintiləri tozunu udub oskürə-öskürə bir cüt sözü dilinə gətirib.
Sonra ola bilər ki, axuru olmayan təzə yollarımızda göllənən sularda
ayağını isladıb, tıxaclarda səbrini itirib, evinə çata bilməyən əli
zəmbilli adamların deyinmələrini eşidib. Ola bilməz ki, həbsdə olan
jurnalistlərin yanına getməsin. Tərs kimi bayram ərəfəsində bir qəzetlər
də çıxmadı ki Həmişəbelənin başını qataq.
Hadisələrə bir az gendən, yəni həmişəki kimi bizə dəxli yoxmuş kimi
baxaq. Nolub e bizə, şüşələrimiz parıldayır (bayramda yumuşuq), qarnımız
tox, kefimiz saz, gələcəyimiz də məlum. Qoy gəlsin bu Həmişəbelə, ondan
qorxacayıq bəyəm. Gör gələn il ona nələr göstərəcəyik…