|
Dəhşət
gecəsi
Əlimi klaviaturaya aparıb ilk cümləni yazmaq cəhdi edirəm. Təqvimdə cümə
günü ayın 13-dür. Dəhşət! Hiçkokun bu adda məşhur dəhşət filmi var deyən
dilimə ayrı söz gəlmir. Görən yazı yazsam nələr olar? Nə olacaqmış, uzaqbaşı
köşəni oxuyan olmayacaq. Ya da oxuyub həmən unudacaqlar. Lap son variant,
ən yaxşı halda oxuduqlarını öz fikirləri kimi məclisdə dillərinə gətirib
fors edəcəklər. Mənə yəqin ki, bundan heç nə olmaz. Bəxtim cətirsə nə
vaxtsa öz yazdıqlarımı mənə də danışarlar, sevinərəm.
Əvvala, 13-dən qorxmaq özü bir xəstəlikdir. Adı da var – «triskaydekafobiya».
Bu 13 rəqəmindən niyə belə qorxuruq axı?! Deyirlər ki, hər 4 avropalıdan
biri 13 rəqəmindən hürkür. Sıravi adamlar bir yana, dahilər və məşhurlar
da 13 rəqəmindən qorxurdular. Homer və Sisiron də bu rəqəmi uğursuz sayırdı.
Qədim yəhudi müqəddəs kitabı Kabbalada 13 qəddər ruhların adı çəkilir.
Höte ayın 13-ü cümə gününə düşürdüsə axşamacan heç yatağından qalxmırdı.
Bismark həmən gün ən adi, lap kommunal xərcləri kağızındakı yazının altına
imzasını atmırdı. Neft maqnatı Pol Gettini də mövhümatçılar sırasına salmaq
olar. ABŞ-ın prezidentləri Qerbert Quver, Franklin Ruzvelt də belə məsələlərdə
xırdaçılıq edirdi. Müasirlərinin dediklərinə görə Ruzvelt hər ayın 13-də
səfərə çıxmaqdan imtina edirdi. 13-ü çərşəmbəə düşsə belə fikrindən dönmürdü.
1965-ci ildə ingilis kraliçəsi Yelizaveta Almaniyaya səfər edəndə səfərin
tərtibatçıları bir də ayılırlar ki, qatar dəmir yolunun 13-cü perronuna
girməlidir. Son məqamda qatar yollarının nömrələnməsini dəyişdirməli olurlar.
Bəstəkarlar arasında 13 rəqəmi qarşısında panik qorxu keçirənlər Rossini,
Vaqner və Şopen idi. 13 rəqəmindən qorxanlardan ən çox Rixard Vaqnerin
bəxti gətirmədi. O, fevralın 13 vəfat etdi. O, 13 rəqəmindən nə qədər
qaçsa da bu rəqəm sanki onu təqib edirdi. Alman dilinin orijinal yazısında
onun ad və soyadı 13 rəqəmlidir. O, 1813-cü ildə doğulmuşdu. 13 iri səhnə
əsəri yazıb. «Tanqeyzer» operasınnı premyerası martın 13-nə düşüb. «Parsifal»
operasını da o, yanvarın 13-də tamamlayıb. Ona görə də Vaqnerin 13-də
vəfat etməsi təəccüblü görünmür.
Məşhur italyan aktrisası Eleanora Duze əksinə, 13 rəqəminin pərəstişkarı
idi. Ətrafına 13 rəqəmi ilə bağlı əşyaları, hadisələri sanki kolleksiya
kimi toplamışdı. Onun sevimli Duzesi, yəni ki, sevgilisi Qabriela D Annusionu
bu, dəhşətə gətirirdi.
Napoleon da cümə gününə düşmüş ayın 13-də döyüş aparmırdı. Hər ayın 13-cü
günü isə onun düşmənləri üçün gülləsiz, atəşsiz gün kimi elan edilirdi.
13-dən qorxmaq xristian xəstəliyidir. İnama görə belə günün gecəsi 12
əcinnə, ifritə şabaşa yığışır. Şənliyin ən şirin məqamında İblisin özü
gəlib 13-cü olur. Bəzi xristian biliciləri hesab edir ki, məhz cümə günü
13-də Adəm və Həvva cənnət almasından bir diştəm vurublar. Elə həmən günü
də Habil-Qabil qardaşlarının faciəsi baş verib. «Taro» kartlarında 13-cü
kart ölüm mənasını verir.
«da Kinçi kodu» filmindən sonra əksəriyyəti cümə günü 13-nü Tampliyer
ordeni cəngavərlərinin həbsi ilə bağlamağa başladı. Əsərin müəllifi Den
Braun bu fikri başqa kitablardan götürmüşdü. Amma həqiqətən də Tampliyer
ordeni cəngavərlərinin edamını fransız kralı 4-cü Filipp cümə günü 13-nə
bilərəkdən salmışdı. Guya Papanın yuxusuna İsa peyğəmbər gəlib tampliyerləri
qırmağı əmr etmişdi. Nəticədə bu gün krala uğur gətirdi. Tampliyerlərin
varidatını mənimsəmiş kral xeyli varlandı. Günahı isə yuxuya gələnin boynuna
yıxdılar. Rəvayətə görə İsa peyğəmbəri də cümə günü 13-də çarmıxa çəkiblər.
Xristianlarda 13-cü olmaq bir növ başına həvarilərini yığmış İsa peyğəmbəri
30 qəpiyə satan İuda olmaq kimidir. Müqəddəs kitablarda onun adı axırda,
13 –cü kimi çəkilir. Antixristin gələcəyi günün təsviri Aprkalipsisin
13-cü fəsiləsində verilir.
Bəziləri deyir ki, 13 rəqəmi uğur gətirir. Məsələn, Atlantik okeanın üstündən
uçub getmiş pilot Çarlz Lindberq üçün bu rəqəm uğurlu oldu. O, okeanının
üstündən uçub getməyə çalışmış ilk yox, 13-cü adam idi. Sadəcə ondən əvvəlki
12 cəhd uğursuz olmuşdu.
13 rəqəmindən qorxan oxucular narahat olmasın. Necə deyərlər, sizdən keçdi.
Dünən cümə günü 13-də az qala bütün telekonallar dəhşət filmləri göstərirdi.
Dəhşət filmlərinə baxan deyiləm. 13-dən də qorxmuram. Gördünüz ki, bu
günü yazı yazanda demək olar ki, heç nə baş vermir. 13 saylı məktəbin
13 nömrəli sinfində dərs keçən müəllim kimi sizi əmin edə bilərəm ki,
həyat öz axarıyla gedəndə harda qırılacağını sizdən, bizdən soruşmur.
Uşaqlar həmişəki kimi dərslərini, millət isə qəzetləri oxumur deyən cümə
günləri 13-nü hətta uğurlu gün saymaq da olar.
|
|