Sevgi 
          naminə
        
          «Sevgi azad insanların qismətidir». 
          S. Vivikenanda
        
          «Sevmisən?» soruşsam hamı deyəcək ki, «Əlbəttə». Ya da qəlbinin dərinliklərinə 
          lağım salıb ordan bir şey qoparıb xatırlaya bilsə bu an mütləq dodağı 
          qaçacaq. Olubsa əgər sevgisinin yolunda verdiyi bütün qurbanlar bir-bir 
          yadına düşəcək. Bəlkə də bu xatirələrin fonunda çalışsa da sevginin 
          özünü yaddaşında təzələyə bilməyəcək. Biz sevgini unutmağı bacarırıq, 
          amma eşq yolunda verdiyimiz qurbanları nədənsə heç unuda bilmirik.
          Nakam sevgilərdən əfsanələr yaranır, ədəbiyyata, tarixə, yaddaşa çevrilir. 
          Əlbəttə, əziz oxucum, hisslərin sənə Yuli Sezarın Kleopatraya duyduğu 
          hisslərdən daha qiymətli gəlir. Bəlkə də sən də mənim kimi öz sevgini 
          (bəlkə sevgilərini?) Yer kürəsindən də artıq, Kainatın qiymətli zinəti 
          kimi ürəyində gəzdirirsən. Amma Sezar sevgisi yolunda xanımına bütöv 
          bir ölkənin azadlağını bağışlamışdı. Misir müstəqilliyi yunan sərkərdəsinin 
          sevgisinin həcminə uyğun biçilmişdi. 
          Məşhur fizik Pyer Küri sevgilisi Mariyaya verdiyi ilk hədiyyə «Fiziki 
          hadisələrdə simmetriya haqqında. Elektrik və maqnit sahələrinin simmetriyası» 
          adlı məruzə olub. Bu məruzənin titul vərəqində cızdığı bu cümlə tarix 
          boyu adları yanaşı çəkilən cüt fizikin ilk sevgi etirafı sayılır: «Mademuazel 
          Sklodovskayaya – böyük hörmət və dostluq rəmzi kimi müəllifdən». 
          Qraf Potyomkim Sofiya Pototskayaya şərəfinə ballar təşkil eləyir, dəlisovluq 
          sayıla biləcək dərəcədə bahalı hədiyyələr verirdi. Hətta onun şərəfinə 
          saldığı Sofiya parkı adlanan zəngin park indiyədək durur. Amma rəhmətlik 
          Əliş Ləmbəranskinin Nərgiz Xəlilovanın şərəfiinə tikdirdiyi «Nərgiz» 
          kafesi artıq yoxdu. Fontanlar meydanındakı bu əfsanəvi kafe el arasında 
          «xalçalı» adlanardı.
          Yunan milyoneri Aristotel Onassis ikinci arvadı Ceki Kennediyə (Con 
          Kennedinin birinci arvadı) toy günündə ənənəvi brilyant üzükdən başqa 
          40, 42 karatlıq qaşdarı olan birlyant üzük, rubin və sapfirlərlə bəzənmiş 
          zinət əşyaları da bağışlayıb. Xanım isə əvəzində kitab rəfi şəklində 
          işlənmiş ərinin sevimlisi «Kristina» yaxtasının kopiyasını bağışlamaqla 
          kifayətlənib. Ümumiyyətlə tarixdə sevgiliyə bağışlanmış ən bahalı hədiyyə 
          ingilis aristokratının əlindən çıxıb. Fil sümüyündən oyma qarnitur brilyantlarla 
          bəzənmiş olduğundan 520 min funt sterlinq dəyərindəydi. Pol Makkartninin 
          evlənməsini də sevgi yolunda verilmiş ən bahalı qurbanlardan sayırlar. 
          Çünki prodüsserlər və dostlarının «Evlənsən pərəstişkarları itirəcəksən» 
          məsləhətlərini qulaq ardına vuraraq köməkçisi Lindayla evlənmişdi.
          Bəzən qadınlar da bu yolda qurbanlara getməli olur. Məsələn, Angelina 
          Coli hər təzə eşqinin şərəfinə özünə yeni tatuaj vurur. Əvvəlki ərlərinin 
          şərəfinə zülmlə vurulmuş köhnə tatuajlar eləcə də zülmlə artıq silinib. 
          İnsanlar sevgi yolunda gülünc olmaqdan da qorxmur. Məsələn, Marçello 
          Mastroyani Katrin Denyovun səsini eşitməkçün hər gün Romadan Parisə 
          zəng vururdu. Bu ona az gələndə bir dəstə gül alırdı. Adətən şəhərin 
          gur meydanlarından birində oturub «sevir, ya sevmir» deyərək gülün ləçəklərini 
          qoparıb fala baxırdı. Bu səhnəni görən romalılar gülümsəyərək keçib 
          gedir və yəqin ki, onu yaxşı anlayırdılar. Katrin də bu eşqin şərəfinə 
          yemək bişirməyi öyrənmişdi. Bişirməyə nifrət eləyən aktrisa Mastroyaninin 
          ən çox sevdiyi yeməyi, lobyanı 34 cür bişirməyi bacarırdı. 
          Federiko Fellini 20 yaşında olanda məşhur radio aparıcısı Culyetta Mazinidən 
          guya film sınağı üçün foto xahiş eləmişdi. Sabahısı gün onlar restoranda 
          yemək yeyir, iki həftədən sonra isə Fellini Culyetta Mazininin evinə 
          köçür. Əvəzində Fellini xanımını bütün dünyaya tanıdaraq məşhur aktrisaya 
          çevirdi.
          Amerika yazıçısı Skott Fitcerald arvadı Zeldanı dəlicəsinə sevirdi. 
          Xanımı şizofreniya xəstəliyinə tutulanda da onu atmadı. Əksinə, xanımının 
          müalicə aldığı xəstəxanaların yaxınlığındakı mehmanxanalarda yaşayırdı. 
          Həkimlərlə yazışmalardan artıq qalmış vaxtlarda yazıb onun müalicəsinə 
          pul qazanmağa çalışırdı. Romanlarında yalnız onu təsvir eləyir və yalnız 
          bu xanımı yazılarda əbədiləşməyə layiq bilirdi. Məşhur kriminalist yazıçı, 
          Şerlok Holmsun «atası» Konan Doyl da arvadına vəfalı nadir personalardandır. 
          Onun xanımına ağır diaqnoz qoyulmuşdu və bir aya öləcəyi deyilmişdi. 
          Ölümlə təkbətək döyüşə girən Konan Doyl hardasa havanın xoş keçdiyini 
          eşidib arvad uşağıyla ora tələsirmiş ki, sevgilisinin ömrünü heç olmasa 
          bir az artıra bilsin. Nəticədə bir aydan sonra ölməli olan xanım 12 
          il yaşadı. Yazıçı Antuan Ekzüperi isə Konsualanı görüb ilk baxışdan 
          ona vurulmuşdu. Ailəsinin fikri onunçün çox qiymətli olsa da müqaviməti 
          qırıb yazıçı sevgilisiylə evləndi. O vaxtlar onların nə evi, nə də yaşamağı 
          bir qəpik pulu vardı. Amma Antuanın əlinə pul düşən kimi bazara qaçıb 
          çiçəkləri araba qarışıq alardı. Sonra onları arvadının ayaqları altına 
          sərib tam xoşbəxt olardı.
          Sevgi azadlığın o biri üzüdür. İndi mən bilmirəm ki, azad olmağa adət 
          eləməmiş həmvətənim, sevgin yolunda nəyini qurban verəcəkmişsən? Qandallarını?... 
          Sevgi yolunda ölmək asandı, amma yaşamaq çətindi.
          P.S. Əziz oxucu, bu köşədə dərin məna axtarma. Sən ki, qoluzorlularda 
          mərhəmət, qanunlarda ədalət, həyatda həqiqət axtarmırsan. Boş ver, «bu 
          da keçər» deyib ardını yaşa…