Əməkdar olmayanlar


Deyirəm bir padşahdan-zaddan da olmadıq. Oturardım taxt-tacımda (taxt-tacı da mütləq xarici və mütləq bahalı sənətkara sifariş verərdim. Yerli sənətkarlar qoy deyə bilməsin ki, padşahın mənim sənətimə ehtiyacı var), sağa sola fərman paylayardım: «Cəllad, başı vurulsun», «Vəzir, buna xələt ver»… Başı vurulan da, xələt alan da qabağımda ikiqat dayanardı. Qaşımın birini qaldıranda (bu məndə yaxşı alınır) əyanlar ürək-göbəyini udardı, sonra axşamacan ayaq üstə dayanıb alt paltarını elə əynindəcə qurudardı. Gecə düşməmiş hamısını buraxardım ki, gedib evdəkilərə mənim səxavətim və müdrikliyimdən danışmağa halı qalsın. Əlqərəz, deyəsən çox çərənlədim. Mənə elə gəlir ki, bu mövzuda sonsuzluğa qədər uzanan fantaziyalarımı heç vaxt cilovlaya bilməyəcəm.
Neynək, bu da bir taledi, padşah olmadım. Bəs Allahın mənə yazığı gələydi, heç olmasa sənətkar eləyəydi. Budur e, nə qədər adlar paylandı: əməkdar müəllim, əməkdar incəsənət xadimi, xalq artisti, daha neçə cür ənamlar. Seçilmişlərin adları bəlli olan kimi mobil telefonumu sazlayıb, bütün bədii təfəkkürümü işə salıb, kontur sərfiyyatını heç vecimə də almayıb bir mesaj qoşdum. Neynim, günə bir köşə yazmaq mənimçün yüksək pilotaj, ya da Eyfel qülləsindən tullanmaq kimi bir şeydir. Ona görə sözə də qənaət eləyib «əməkdar» sözü ətrafında bacardığım səviyyədə kiçik improvizə yapdım və çalışdım ki, bu əməkdar müəllimə də, əməkdar incəsənət xadimi, hətta əməkdar artistə də yarasın. Bu mesajı azı 3-4 nömrəyə yollayandan sonra (deyim ki, uzaq tanışlarıma bu səadət qismət olmadı) dilimi dişlədim. İlahi bunlar hamısı mənim yaşıdlarımdı ki?! Ömrümü yazı bataqlığında çürüdən vaxt camaat ad qazanıb, beş dost, üz düşmən arasında itələşib özünə yer eləyib, qəpiyinin üstünə bir qəpik də pul gələcək. Xeyr, bu paxıllıq deyil, buna papağını qabağına qoyub fikirləşmək deyirlər.
Bu məmləkətdə padşah olmayanların bəxti onda gətirə bilər ki, sənətkar olsun. Azı dörd ildən bir onları yada salacaqlar. Mütləq salacaqlar. Necə deyərlər bir az gendən baxaq, yəni heç bizə dəxli yoxmuş kimi, sənətkarın da, peşəkarın da, elm adamının da bir qara qəpiklik qiyməti yoxdu. İnanmırsan, başını qaldır, ikiqat olmuş belini dikəlt və ətrafına bir daha göz gəzdir. Bilirəm, yazı-pozu adamı deyilsən, mənimsə bu köşədən ayrı tribunam yoxdu. Ona görə də döşəyəcəm, eybi yox, qoy oxuyana da dəysin. Çox da uzaq olmayan keçmişdə bütün uşaqlar kosmonavt olmağı arzulayırdı. İndi belə axmaq arzunu bir azərbaycanlı balası ağlına da gətirmir. Kosmos hara, biz hara? Polis, hüquqhünaslıq, heç olmasa tacirlik olan yerdə hansı kosmosdan danışırsan. Böyük oğlum bu yaxınlaracaq polis olmaq fikrindəydi. Kamil rüşvət sistemində kiçik bir vint funksiyasını daşıyan polislərin qapımızı bir neçə dəfə döyüb axmaq bəhanələrlə pul qoparma cəhdlərini öz gözləriylə görəndən sonra arzusundan əl çəkdi. Təntənəli surətdə elan elədi ki, belə olmaq istəmir. İndi o, böyüyüb kim olacağını artıq bilmir. Balaca oğlumun ağlı hələ kəsmir, amma nədənsə polislə erməni arasında fərq qoymur. Neçə aydır ki, erməni pisdir, polis yaxşıdır deyib onu anlada bilmirəm. Yəqin formadan hürkür. O da kim olacağını təbii ki, bilmir. İnanıram ki, uşaqlardan heç biri başına döyə-döyə, dümsükləyə-dümsükləyə yönəltməsəm «valideynlərim kimi olmaq istəyirəm», ya da «elmlə, sənətlə məşğul olmaq fikrindəyəm» də deməyəcək. Nağıllardan bəllidir ki, sənətkarın yeri padşahların yanında yağlı olur. Padşah başmağını tolazlayanda da, qapaz dəyəndə də birinci onların başına dəyir. Uşaqlarsa nağılları sevər, bilirsiz də…
Bu məmləkətdə sənətkarın addan başqa bir qazancı yoxdu. Burda böyük layihələr həyata keçirilir. Layihələrdə onlarla səviyyəli alim, mütəxəssis çalışır. Amma iş ortalığa qoyulanda onlardan heç birinin adı heç üz qabığında kiçik, gözəgörünməz şriftlərlə də yazılmır. Başqa ölkələrdə olsaydı dövlət bu qədər mütəxəssisi ilə fərəhlənər, onların adlarını yuxarı başda yazardı. Bizdə isə qara qul kimi işlədilən sənətkara, elm adamına «əməkdar» sözündən (ola bilər bir qədər də qonorardan) başqa qazancı yoxdu. Bu sözü ala bilməyənlərinsə adını tarix unudacaq, mütləq unudacaq. Unudulanların sırasında mən də varam. Yazıb pozanların hamısını unudacaqlar, axı adımız «əməkdar»lar siyahısına düşməyib. Tərs kimi oğlum da mənim kompüter qabağında oturmaqdan əyilmiş kürəyimə baxıb yazmaq istəmir…

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?