Plasebo
effekti
Yeni yaradılmış dərmanları
təcrubədən keçirərkən adətən bir qrup insan gərək olur. Axı təcrübənin
nəticələrini nəyləsə müqayisə eləmək lazımdı. Təcrübə siçanlarının da
tərs kimi dili-ağzı yoxdu ki, hiss elədiyini danışa bilsin. Təcrübələri
adətən könüllülər üzərində aparırlar. Onları iki yerə bölürlər. Birinci
qrupa əsil yox, yalançı dərmanlar verilir. O biri qrup isə əsil dərmanları
qəbul edir. Yalançı dərmanları qəbul edənlər də düşünür ki, təcrübənin
bir hissəsidirlər və qəbul elədiklərinin dərman olmadığını bilmirlər.
Bax bu xəbərsiz qrupa plasebo deyilir.
Plasebo özü tablet, yaxud mayedir ki, görkəmcə əsil dərmandan heç nə
ilə fərqlənmir. Əslində isə onun içində heç bir aktiv element, yaxud
təsir edici tərkib hissəsi olmur. Ona görə də o, insana heç cür təsir
eləyə bilməz. Əlaxsüs kimyavi üsulla. Təsəvvür edə bilərsiz, hər iki
təcrübə qrupu dərmanı qəbul edib təsirini gözləməyə başlayır. Az keçməmiş
əsil, yaxud yalançı dərman qəbul edənlər hamısı eyni təsiri öz üzərində
hiss eləməyə başlayır. Yanındakının ürəyi bulanırsa (Bu yəqin belə də
olmalıydı, çünki dərman qəbul edib) sənin də ürəyin bulanır. Qəribəsi
odur ki, kiminsə ürəyi bulanırsa, o birini gülmək tutmur, ürəyi getmir,
yaxud səpmir. Məhz onun də ürəyi bulanır. Buna plasebo effekti deyirlər.
Bu effekti təkcə dərman preparatlarından hiss eləmirlər. İnsanların
əksəriyyəti gün ərzində müxtəlif yollarla bu effekti demək olar ki,
öz dərisində hiss eləyir.
Ola bilər sizlərdən hər biri fikirləşirsiz ki, mütləq artıq «dərman»
qəbul etmiş qrupdansız, plasebo qrupundan yox. Axı sizin də hamı kimi
məsələn ürəyiniz bulanır, yaxud başınız fırlanır. Baş da belə şeydir
ki, öz-özünə fırlanan deyil. Qiymətlər dəlicəsinə artanda sizi dəlicəsinə
gülmək tütmür ki? Yaxud sabaha gumanınız itəndə özünüzü eyvandan başıaşağı
tullamaqla heç kimi şoka salmırsız. «Burda kiminsə əli var» deyə düşünürsüz.
Bilmirəm qoyunların bir-birinin ardınca düşüb özünü qayadan atmasına
da plasebo effekti deyirlər, ya yox. Amma qoyun olmaq istəməzdim. Yəqin
elə siz də.
Alimlər onu də deyir ki, hər şey bizim suyumuzdandı. Krandan gələn (yaxud
gəlməyən) sudan danışmıram. Canımızın suyunu deyirəm, daha doğrusu alimlər
deyir. Canlı aləmdə su ötürücü rolunu oynayır. Təbiətdə canında su olmayan
canlı tapmaq mümkünsüzdür. Su malekulları yaxşı, ya pisi ayırmadan bütün
informasiyanı nəinki bizim planetdə, hətta bütün qalaktikaya də ötürmək
qabliyyətinə malikdir. Təsəvvür eləmək çətin olmaz, məsələn oturmusan
marşrutda. Yanında insanlar ayaq üstə bir-birinə sığınıb istidən tər
tökən vaxt pəncərənin yanında sərin və rahat yerdə oturanda da sənə
komfortlu olmur. Niyə? Bunu vicdanla, tərbiyə ilə bağlaya da bilərsən,
(yəni hamı əziyyət çəkərkən mənə rahat deyil). Amma sənə o vaxt yaxşı
olar ki, hamıya yaxşıdı. Kiminsə qarnı ac olanda sənin qarnın burnuna
dəysə də, qarnının böyüklüyündən gəzəndə ayağının altını görməsən də
həyatın gözəl deyil. Söhbət Afrikada acınnan və susuzluqdan ölən zəncilərdən
getmir. Onları da düşünməyi bacarmaq artıq insanlığın bir ayrı mərhələsidir.
Bizimçün buna hələ xeyli inkişaf yolu var. Söhbət ətrafımızdakı insanlardan,
onların əhvalı, yaşayışı, cüzaranı və bütün bunlardan daha vacib olan
dünyaya baxış nöqtəsindən gedir. Necə deyərlər, hamı bir qazanda qaynayır,
varlı - kasıb, ağıllı – axmaq, gözəl – kifir….
İndi məqam bizə əsil, ya da yalançı «dərman»ları içirdənlərdən danışmaq
məqamıdır. Yazının kulminasiyasında əlçatmaz yüksəkliklərə dırmaşdım,
deyəsən. Elə bilirdin ki, əlində çömçə tutub qazan bulayanların adını
çəkəcəm? Bunu məndən gözləmə, oxucum. Mən də sənin kimi dərman atmışam.
Bəlkə hər şeyin səbəbini yuxarılarda axtarmağın özü elə dərmanın əlavə
təsirlərindən biridir. Bizi nə narahat eləyir? İsti, susuzluq, qiymətlərin
artımı, polis qarşısında acizlik, hüquqsuzluq, savadsızlıq, kobudluq.
Bilirsən ki, işin getsin deyə mütləq rüşvət verməlisən, adamın, daydayın
yoxdursa cəmiyyətdə yerin yoxdu, axmağın, nadanın biri səni tapdayıb
keçə bilər… Düşünəndə ki, hamını eyni problem narahat eləyir, onda bir
az rahat olur, eləmi?
Ey insan, istədin, istəmədin yanaşı yaşayacağıq. Pis, yaxşı fikirləri
bir-birimizə ötürəcəyik. Dəyiş-düyüş eləyib faydalanacağıq, ya da xəstələnəcəyik.
Sübh namazının savabını, hər yeməkdən qabaq deyilən «bismillahı» bölüşdüyümüz
qədər qətlləri, oğurluqları, naqislikləri, rüşvətxorluğun günahını da
başhabaş bölüşəcəyik. Nə qədər canımızda su var bu yəqin ki, elə belə
də olacaq.