|
Dilli Düşünüb danışmaqda zirək deyilsənsə, susmaqda zirək ol Dilimizin gözəl, axıcı olması barədə əminlik məndə İrlandiyadakı Eyyafyatlayokudl
adlı vulkanın püskürməsindən sonra yarandı. Bütün dünya dilini sındıra-sındıra
bu sözü deyir, lətifələr qoşur və bəlkə də ürəyində mənim kimi öz dilinə
şükür edirdi. Sonra «Media forum» saytının əməkdaşlarının irland dilində
axtarıb tapdığı sözləri oxuyub hətta dilimə gətirməyə də cəhd elədim.
Hvannadalshnukur, Siqdyufyordyur, Borqarayorour, Kirkyubayarklaustur
– bunlar şəhər və yer adlarıdır. Şotlandiyada yer adı var ki, 32 hərfdən
ibarəidir: Milla Lia Sori Mik Dxaqxayll. Hər dəfə bir klandan o birisinə
keçərkən yerin adında yenilik əmələ gəlirdi. (Hər gəlib gedəndən sonra
yer adında yeniliklər əmələ gəlsəydi bizim şəhər adları kitablara da
sığmazdı).Yeni Zellandiyada isti su bulağının adı ondan 4 hərf də artıqdı:
Te Uakata Kanqa O Te Qnarexu O Te Axi A Tamatea. Tərcümədə bu o deməkdir
ki, allah öz yanar oxunu bulağa salandan sonra burdan isti su çıxmağa
başlayıb. Massaçusets ştatındakı gölün adı hinduları qovandan sonra
ağbənizlilərə miras qalıb. 45 hərfdən ibarət adı heç yerli sakinlər
düz əməlli deyə bilmir. Tərcümədə bu «Sən öz tərəfində balıq tut, mən
də öz tərəfimdə, ortada isə heç kim» deməkdir. Los Anjeles şəhərinin
adı isə əslində El Puebo De Nuestra Senyora La Reyna De Los Anjeles
De La Portsinkula kimi səslənməlidir. Yeni Zellandiyadakı 85 ihərfli
təpənin adı tərcümədə belə səslənir: «Tamatea adlı, iri dizləri olan
adamın yıxılıb sonra dağları udduğu bir yer ki, burda o, sevgilisinə
fleytada çalırmış». Hamının Banqkok kimi tanıdığı şəhərin isə adını
dilə gətirmək mümkün deyil, çünki 167 hərfdən ibarətdir. Onun dəqiq
tərcüməsini artıq hamı unudub, amma bilirlər ki, söhbət mələklərin yaşadığı
yerdən gedir. Bu yerində türk dilinin lakonikliyi və aydınlığına heyran
olmaya bilmərəm. Koşənin formatı imkan versəydi bir abzas tərif də yazardım.
|
|
|||||||