Təhsil Nazirliyinə veriləcək 8 qiyməti


Klaviatura qarşısında gündəlik xəbərləşmə mərasimi keçərkən və növbəti köşəyə mövzu axtararkən mövzu öz ayağıyla yanıma gəldi. 1-ci sinfi bitirmiş oğlum yay tətili tapşırıqları kitabını qucaqlayıb, məsum baxışlarla qarşımda dayanıb məndən kömək gözləyirdi. Axı hər səhər az da olsa dərs hazırlamasa onun nə televizoru açmaq, nə də kompüterə yaxın getmək hüququ vardı:
- Ana, buludun içində nə qədər su var?
Sualın cavabını bilmədiyim bir yana, «Mən yazı yazıram, mane olma!» deyib uşağı geri də göndərə bilməzdim. Sualın kitabdan olduğu aydın idi.
- Sən bilən nə qədər olar?
Uşaq çiyinlərini çəkdi.
- Yəqin yağış qədərdi - dedim. Bu tezliklə başqa cavab uydura bilməzdim.
Uşaq cavabı bu qədər asanlıqla aldığına sevinə-sevinə ardını yazmağa getdi. Təhsil Nazirliyinin dərslik siyasəti, yeni metodika və s. məsələlərin yalnız tənqidini oxumuşam deyən mütləq dərsliyin özünü araşdırmaq lazım idi. Kitab mən gözlədiyimdən də maraqlı faktlarla dolu idi. Yay tapşırıqları kitabı elə qurulub ki, əvvəl bir mətn verilir, şagird onu oxumalı və sonra onun əsasında verilmiş sualları cavablandırıb yazmalıdır. Buludla bağlı mətni və oğlumun cavabları mənimçün də maraqlı idi. «Su nə edir?» sualına «Su krandan axır» yazmışdı. İkinci mənə verdiyi sualın cavabı məlum. Üçüncü sualda isə «Buludlardan su yerə necə düşür?» sualının cavabı «Yağış yağır su düşür» kimi verilmişdi. Müasir metodologiyanın qiymətləndirmə üsuluna görə mənim oğlum tapşırığın öhdəsindən gələ bilməmişdi. Mətnə riayət edib «Su göylərdən axır», «Buludun içində su göllərdəki sudan çoxdur» və «Buludlar suyu damla-damla yer üzünə yağış kimi yağdırır» kimi yazmalı idi. Özümə sual verdim: Müəllim olsaydım belə şagirdin qiymətini kəsərdim, ya yox? Axı o, mətnə riayət etmək əvəzinə fantaziyasını işə salmışdı. Şəhərdə böyümüş uşaq üçün su həmişə krandan axır.
Gunahı uşağın bonuna yıxmazdan əvvəl həmin kitabdak başqa suallara bir də baxaq:
- Kitab üçün ən dəyərli varlıqlar kimlərdir?, Kimlər çox sevilir?, Hansı helikopterləri tanıyırsız?, Helokopteri havaya nə qaldırır?, Helikopteri sağa və sola nə döndərir?, Ayda gündüzlər necə olur?, Ayda gecələr necə olur?, Ayda nələr yoxdur?, Təyyarə nədər hazırlanır?, Təyyarənin hissələrini yaz?, Mühərriklər və yanacaq çənləri hardadı?, Şəkildəki təyyarənin neçə mühərriki var?, Alın təri ilə qazandığının nəyini görürsən?, Ac olanda nə ləzzətli olur?, Sənin üçün həyatda dəyərli olan nədir?, Sən sağlamlığını necə qoruyursan?, Sağlam nəsil nə deməkdir? və s. bu tipli suallar.
Uşaq üçün kimlər çox sevilir sualınnı cavabı mütləq «Uşaqlar» olmalıdı. «Hansı helokopteri tanıyırsan?» sualını izah etmək lazım gələcək. «Vertolyotdur» deyən kimi öz oyuncaqlarını sadalayacaq: pultlu, putsuz və sınıq. «Ayda gecələr və gündüzlər nə olur?», eləcə də «Sağlam nəsil nə deməkdir?» suallarında bilirəm ki, oturub ağlayacaq. Çünki bu suallara onun cavabı olmayacaq. Adətən «Dərslərini müstəqil hazırla, bizdən kömək gözləmə» deyib üstünə çımxırıram deyən 7 yaşı tamam olmamış balaca üçün ağlamaqdan başqa çarəsi qalmır. «Ayda nələr yoxdur?» sualının cavabını mən özüm bilmirəm. Amma bilirəm ki, orda axmaq dərsliklər yazan Təhsil Nazirliyi yoxdur, uşağın psixikasına fərsiz olduğunu yeridən, cavabsız suallarla onda natamamlıq kompleksi yaradan təhsil sistemi də yoxdu. Deyim ki, sonra kitabdakı mətndə eşələndim, Ayda nələrin olmadığı heç yazılmamışdı.
Verilən mətnlərdən bildim ki, sən demə təyyarə «Yüngül və sərt materiallardan hazırlanır»mış. İndə gəl bu cavabdan sonra uşağa hansı materialların yüngül və sərt olduğunu izah elə. Əlbəttə ki, bunu mən eləməliyəm, sinif rəhbəri ona kimya və fizika dərzi keçən deyil ki? Sonra Ayın Yer kürəsinin təbii peyki olduğunu izah et və bunu göy cisimləri barədə müasir fərziyyələrlə mütləq uzlaşdır. «Sağlam nəsil nə deməkdir?» sualı isə lap pikant məsələdir. Çünki uşağımı tanıyıram, nəsil vermək nədir, necə olur, hənsı yollarla və s. tipli suallarla hər şeyi öyrənməsə əl çəkən deyil.
Deyim ki, mən oğluma artıq «Kitabı yazmazlar» deyə bilmirəm. Çünki təzə metodikaya görə uşaqlar cavabları bir-başa kitabda yazırlar. Özü də hər cavaba bir sətir yer ayrılır. Birinci sinfin iri yazan uşaqları üçün bu daha bir problemdir. Çünki sətrə uzağı 3 söz yerləşdirə bilirlər. Məktəbin payladığı kitablar yalnız 4 ildən bir dəyişdirilir. Yəni gələn il kitablar artıq yararsız halda olur, çünki uşaqlar misalların cavabını dəftərə deyil, kitaba yazırlar. Kitabın birincisi olmadınsa apar tulla belə təhsili. Bütün bunlar bir yana, 1-ci sinfi bitirmiş uşaq Azərbaycanın 5 qonşu dövlətini tanımalı, milli qəhrəmanların adlarını bilməli, Naxçıvanı Azərbaycandan ayıran dövləti n adını çəkməli, prezidentini, bayrağını, simvollarını, himnini əzbər bilməli və «Qan yaddaşımız hansı ayın 20-dənə təsadüf edir?» kimi qəribə quruluşlu suala cavab yazmalıdı. Oğlumun verdiyi nəticələri bölüşmək istərdim. Təbliğatın nəticəsidir ki, o, prezidentin adını, bayrağın rənglərini və mənalarını və üstündəki simvolları artıq uşaq bağçasından bilir və cavabları düzgün da yazmışdı. Onun üçün Naxçıvanı Azərbaycandan ayıran yer xəritəyə əsasən «torpaq»dır. «Azərbaycan himninin ilk misrasını yaz» tapşırığında o bir söz yazıb: «Azərbaycaaaaaan». Çünki himn onun yaddaşına şeir şəklində deyil, musiqi kimi daxil olub.
Əgər mən hələ yayın əvvəlində onun yay tapşırığı kitabındakı cavablarını görməsəydim və o, yoxlanmamış kitabı məktəbə aparsaydı onun cavabları qeyri-məqbul sayılacaqdı. Yəni ki, mənim çoxdanışan, hər şeylə maraqlanan, rus dilini müstəqil öyrənib yad dildə artıq danışıb oxuyan, 3 yaşından kompüterin canını alan oğlum bizim Təhsil Nazirliyinin mənasız suallarına cavab tapa bilmədiyindən uzaqbaşı ortabablardan sayılacaq. Riyaziyyat kitabını vərəqləyəndə isə özümçün yeni şeylər öyrəndim. Birinci sinfi bitirmiş şagirdlər adi cədvəldən başqa barqraf və piktoqramla işləməyi, ədəd oxu və ədəd evi üzərində çalışmaları etməyi, üstəlik ehtimal nəzəriyyəsinə uyğun sualları cavablamalıdırlar. Məntiq üzrə məsələlər də öz yerində. Məntiq məsələlərin açmasını mən bu yaxınlarda internetdə İQ üzrə məsələlər edərkən özümçün kəşf etmişəm deyə oğluma kömək edə bilirəm. Bilmək istərdim mətnlərin absurdluğa qədər aparan suallarla, kosmik tədqiqatlar institutuna şagird hazırlayacaq dərəcədə mürəkkəbləşdirməklə azərbaycanlı uşaqların səviyyəsi artır, yoxsa geriləyir? Axı hamınnı zehni imkanı yüksək olmur…
Məndən soruşan olsaydı buna görə Təhsil Nahirliyinə 8 yazardım. Həmin kitabdan oxuduğum lətifəyə uyğun:
Ata oğlundan soruşur:
- Oğlum, səkizin yarısı neçə edər?
- Bunu bilməyə nə var, atacan. Eninə kəssək 2 dənə sıfır, uzununa kəssək 2 dənə 3.

 

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?