|
Etik kodeks
Kimin ki, öz dünyası, dünyaya öz baxışı, bu dünyanın dəqiq xəritəsi və
xəritədə istinad nöqtələri varsa, ona yaşamaq rahatdı. Bu xəritənin çaylarının,
vadilərinin, dağlarının yeri dəqiqliklə göstərilibsə deməli bu çayların
daşıb məcrasını dağıtmaq, dağların uçub başına tökülmək, vadisindən dağ
çıxmaq ehtimalı da azdı. Biz belə dünyada yaşamağa öyrəşmişik. Bü dünyanın
xəritəsi yaxşı çəkilib, ya yox, bu ayrı bir məsələdi. Amma dünyanın yaranması
hər kəsin öz şəxsi işi və çox intim bir məsələdi. O qədər intimdi ki,
başqasına «Filan vaxt sən belə hərəkət etməliydin» demək həmin şəxsə yataqda
özünü aparmaq üzrə instruksiyalar vermək kimi ayıb və qəbul edilməz bir
işdi.
Bu etik kodeks uşaqlıqdan bəri yazılmağa başlayır. «Dəftərdə» ilk yazını
validenlərimiz edir. «Belə otur, belə dur» kimi instruksiyalarla bir növ
çobanlıq edirlər. Sonrakı yazıları özümüz edirik. Yaxşı nədir, pis nədir
problemini əsas götürüb dünyada yaşamaq üçün bir növ bələdçi kitabını
yazırıq. Sonradan maddələri, müddəaları artıraraq həyatımızı ağırlaşdıran
bu kitabda nəyisə redaktə etmək üçün hər şeyə yenidən baxmaq, götür-qoy
etmək, bəzilərini yenidən yazmaq lazım gəlir.
Hər kəsin öz kodeksi var. Onsuz da bu kodeks vaxtaşırı dəyişir. Ona görə
də onu təzyiqlə dəyişdirmək lap nahaq bir işdi. Gəncliyində öz individuallığını
təsdiqləmək yaxşıdı, yetkin yaşda isə əməkdaşlığa can atmaq. Özünü yenicə
biznesə atan adam üçün hər şeyi öz əlləriylə yaratmaq yaxşıdasa, artıq
stabillik əldə edilən kimi səlahiyyətləri əməkdaşlarla bölüşmək daha düzgün
addımdır. Yoxsa hamı müdirin səriştəsizliyindən danışacaq. Ona görə də
öz etik kodeksini başqasınınkı ilə müqayisə etmək dünyanın yəqin ki, ən
axmaq işidir. Ziyanlı və perspektivsiz məşğuliyyətdir. Hər kəs öz etik
kodeksini ona görə yaradır ki, başqasının yazdığı qanunlarla yaşamasın.
Öz etik kodeksimizi hər dəfə yeni redaktədə çap etdirdikcə biz ətrafdakılarla
bərabər yaşamağı öyrənirik. Əslində biz başqalarıyla deyil, özümüzlə bərabər
yaşamağı öyrənirik.
Deyirlər ki, etik kodeksdə «Özünə məhəbbət» bölməsində treninqləri heç
olmasa iki həftədən bir təzələmək lazımdı. Vaxtaşırı diqqətini özünə yönəldə
bilməyənlər adətən heç kimi sevə bilmir. Dünyanın daxildən tədqiq etməyə
öyrəşdiyimizdən bəzən adama elə gəlir ki, ətraf dünyanın idarəçiliyi də
daxildən gedir. Bəlkə də əsil həqiqət elə budur?
Hiss orqanlarımız bir yana, beynimiz də mütəmadi olaraq bizə yalan danışır.
Fırlanan qıza baxanda sol beynimiz onun sola fırlandığını, sağ beynimiz
isə sağa fırlandığını deyir. Əgər bir beyində iki bir-birinə zidd fikir
yanaşı yaşayırsa bu boyda dünyadan necə baş çıxaraq? Etik kodeksi iki
gündən bir dəyişən adamın cəmiyyətdə də yeri olmaz.
Həmsöhbətə hörmət əlaməti kimi səmimi danışmaq yaxşıdı, yoxsa axmaq həqiqəti
dilə gətirmək? Söz verdiyini vaxtında əməl etmək yaxşıdı, yoxsa vəd verib
arxayınlaşdırmaq? Ürəyinin səsini dinləsən yaxşı olar, yoxsa daimi tərəddüdlər
içində çapalamaq? Bütün bu sualların cavabı hər kəsin etik kodeksində
ağ kağız üzərində qara mürəkkəblə yazılmış kimi aydın yazılır. Kiməsə
öz fikirləriylə yaşamaq, kiməsə başqalarının tərifini gözləmək rahatdı.
Kimsə dostlarını ürəyi istəyəndə yad edirsə rahatlaşır, kimsə «belə lazımdı»nı
əlində bayraq edib zəhləsi getdiyi adamlarla oturub durur. Bəzən hər dəfə
yeni çıxış yolu tapmaq kiməsə «həmişəki kimi» olmaqdan daha rahatdı. Kimsə
cibində pul olmayanda narahatdı, kimsə başqasına borclu olanda. Bəziləri
öz bildiyini edəndə rahatlaşır, bəziləri isə başqalarına bənzəməkdən qorxur.
Kimsə sevdiyi insanlara əl tutur, kimsə sevmədiyi, amma ehtiyacı olanlara
özünü borclu bilir. Belə şeyləri hər kəsin öz şəxsi kodeksi tənzimləyir.
Görəsən daim üzr istəyib bəraət istəmək yaxşıdı, yoxsa heç nəyə görə tərəddüd
keçirib narahat olmamaq? Öz həyatının yüyəni öz əlində olsa günahları
başqasının boynuna yıxacaqsanmı? Hər şeyi həyatda özün qazansan bütün
dünyadan fasiləsiz üzr istərsənmi? Kiməsə öz ideyasını reallaşdırmaq rahatdı,
kiməsə başqasınınkını çırpışdırmaq. Kimsə müsbət bir şeyi vurğulayanda
əziyyət çəkir, kimsə pis bir şeyi. Bəzən insanda yaxşı məqamları görmək
pis xasiyyətləri gözə çarpdırmaqdan rahat gəlir. Öz emosiyalarının qarşısını
almaq bəzən bir yığın düşmənin qarşısını almaqdan betər olur. Haqlı olmadığını
boynuna almaq bütün dünyadan küsməkdən çətin gəlir. Bu yolları keçmiş
adama öz yoldan danışmaq bütün dünyanı yaşamağı öyrətməkdən daha çətindi.
Bu köşə də başqalarını yaşamağı öyrətmək cəhdi deyil. Öz etik kodeksində
növbəti redaktə prosedurudur. Şəxsi etik kodeks balaca məsələ deyil. Çünki
belə balaca-balaca şəxsi etik kodekslərdən bütün millətin, sonra isə bütün
bəşəriyyətin ümumi etik kodeksi yaranır.
|
|