|
Gül toxum olmasa, toxum gül olmaz
Şeyx şamillər, ömər müxtarlar doğurmayan qadının etirafı
Bineyi qədimdən qadını torpaqla, kişini toxumla eyniləşdirirlər. Yəni
ki, dünyaya insan gətirmək üçün toxumla torpaq uyğun şəraitdə rastlaşmalıdır.
Hamı bilir ki, toxum torpaqla rastlaşanda bayırda şaxta və ayazdırsa,
günəş torpağı qızdırıb şüalarıyla sığallamırsa toxum ha çalışsa, ha daş
kimi soyuq torpağı eşib başını bayıra çıxarsa da ondan fərli bir şey alınmayacaq.
Ya tumurcuqlar baş qaldırmamış məhv olacaq, ya da qotur bir bitki olacaq.
Qotur bitkilərsə toxum verməz.
Eyni ssenariylə baş verən həyatımızda torpağın, ya da toxumun ayrı-ayrılıqda
çalışmasından qəhrəmanlar doğulmur. Elə həmin səbəbdən kimsə qadından
soruşmaz ki, niyə qəhrəmanlar doğa bilmirsən. Səbəblərin daha dərində
olduğunu hamı bilir. Amma arabir mətbuatda üzünü qadına, yalnız qadına
tutub «Niyə azərbaycanlı qadın şeyx şamillər, ömər müxtarlar doğa bilmir?»
sualını ortaya atanlar var. Suala yazar kimi yox, qadın kimi cavab vermək
istərdim. İki tumurcuq balam var, onların böyüyüb yetkin bitki olacağında
ümidliyəm.
Əvvəla kişiləri bu suala cavab vermək məcburiyyətindən qoruyan şəraiti,
qadını sualla qarşı-qarşıya tənha qoyan cəmiyyəti qınamaq istərdim. Qadın
canını qoyub uşaq dünyaya gətirir. Onu yedizdirmək, sağlam böyütmək qayğısını
bəzən tək çəkir. Kişilər evə yem daşımaqdan savayı heç bir işin altına
girən deyil. Niyə gecələri beşik başında ayıq qalan, hər addamına həyəcan
çəkən, uşağı böyüyənədək hələ də rahatlıq tapa bilməyən qadın bu suala
tək cavab verməlidi? İndi siz deyin, mən uşağıma kişi olmağı da öyrətməliyəmmiş?
Qadını qınamaq olan ki, «Niyə uşağına laylay deməmisən?», «Niyə onun nağıl
payını kəsmisən?», «Niyə babalarımızın yaddaşını körpəykən onun beyninə
yeritməmisən?». Amma qadından uşağını kişi kimi böyütməyi də tələb etmək
artıq gülüncdü.
Hər xalqın xeyirxahlıq potensialı var. Millətin sağlamlığı, şüurluluğu
bu potensialdan birbaşa asılıdır. Hər kəs (bu mənada heç kim, hətta qarışıq
nigahdan doğulmuşlar yaxasını kənara çəkə bilməz), hətta sonsuz, uşaqsız,
subay adamlar da ümumi «kasa»ya öz payını verir. Azərbaycan xalqının potensialı
bütün fərdləri istedadlı, şüurlu, gələcəyi düşünən kimi yetişdirməyə bəs
eləmir. Ona görə də ayrı-ayrılıqda fitri istedadlar-toxumlar yetişdirir
və onlar çırtlayıb ortalığa çıxır. Onları yetişdirməyə günəş lazımdı.
Bayırda günəş çıxıcağı anadək hər şey eynilə belə olacaq.
Gəlin etiraf edək, biz qonşunun balasını özümüzünkü kimi qəbul etmirik.
Ailə-qəbilə münasibətlərindən artıq qurtulmaq zamanıdır. Ona görə də məktəblərdə
müəllimlər sinifdəki uşaqların taleyində iştirak etdiyini lazımi dərəcədə
anlamır. O, şəxsiyyət yetişdirdiyini düşünmür, çünki balaca maaşı güzünü
tutub və bütün problemlərinin başında dayanıb. O, evdəki balaca, taleyi
naməlum, ehtiyac içində böyüyən uşağını düşünür. Bu müəllimin maaşı prezidentin
maaşı qədərincə artırılsa da dəyişiklik olmayacaq. Keçən il elə bu vaxtlar
olardı, mənə bir hadisə danışdılar. 600-dən artıq bal toplamış tələbələr
üçün xaricdə təhsil almaq layihəsi var ki, burda xərci (bura yol xərci,
yataqxana və yemək pulu və təhsil haqqı da daxildi) dövlət çəkir. Amma
həmin bu bir ovuc istedadlı gəncin valideynləri hər il uşağını göndərmək
ərəfəsində Təhsil Nazirliyinin qarşısında günlərlə vaxt keçirir və olmazın
əziyyəti çəkirlər ki, uşağının qanuni təhsilini tələb (bu sözün yerində
xahiş yazmaq daha yerin düşərdi) etsinlər. Nazirliyin bu işdə məsul işçiləri
valideyni o vaxtacan süründürür ki, o, məcbur olub yol xərcini özü çəksin.
Məmurun qəbulunu düşə bilmiş zirək valideynlər «Bilirsən, sənin uşağın
orda kef edir, mənim bir illik maaşım qədər ona pul köçürdürük, amma mən
burda əziyyət çəkirəm» kimi absurd ifadələr eşidir. Məmur düşünmür ki,
sabah həmin bu uşaq gəlib dövlətin çatışmayan mütəxəssilərindən biri ola
bilər və onun da balasını ehtiyacdan qurtarar.
Neçə aydı balaca oğlumu yaxşı məktəbə düzəltmək üçün çalışıram. Seçib
seçmələdik və bir qimnaziyaya sənəd verdik. Müsabiqədə uşaqlardan bir
məchullu tənlik, bir misalda toplama və çıxma olan məsələlər verirdilər.
İçəri girən hər uşaqdan işğal olunmuş ərazilərin adını soruşurdular. Yəni
ki, imtahana bir balaca milli təssübkeşlik qatmışdılar. Soruşan lazım,
məktəbə hələ getməmiş uşaq bu cür misalları həll edə bilərmi, ya da onun
indidən əlifbanı əzbər bilməsi nə dərəcədə lazımdı? İşğal edilmiş rayonların
adını öyrənmək bağça proqramında varmı? Bağça proqramını da Təhsil Nazirliyi
özü tərtib edir. Bu sualların bir cavabı var. Valideyn uşağının suallar
qarşısında aciz qaldığını görüb müsabiqədən çıxan kimi gedib vasitəçilik
axtarır ki, rüşvət verib uşağını istədiyi məktəbə yerləşdirə bilsin. İndi
siz deyin, bu uşaqlardan şeyx şamillər, ömər müxtarlar yetişər?
Mən oğluma kişi olmağı öyrədə bilməyəcəm, bunu atası eləməlidi. Mən oğluma
rüşvət almaması tövsiyə edə bilərəm. Alıb-almayacığı onun düşəcəyi mühitdən
asılıdı. Hamı oğlunu əsgərlikdən saxlatdırdığı zaman onu döyüşə göndərsəm
ondan qəhrəman alınmayacaq. Qəhrəmanları analar yox, millət yetişdirir.
Nə vaxtsa eşitdiyim bir şeirdə deyilirdi: «Gül toxum olmasa, toxum gül
olmaz». O gün ki, millət çiçək açıb toxuma verəcəksə, yalnız ondan sonra
həmin toxumlardan qəhrəmanlar cücərəcək.
|
|