Sabah
gəlməyəcək!
Yaxud həyatın o biri sahilinə üzüb çatanacan…
Belə deyirlər ki, Şri-Lankada minlərlə insanın səcdə gətirdiyi dahi
mistik həyatdan köçəndə şagirdləri onu son mənzilə yola salmağa yığışmışdı.
O, gözlərini açdı ki, həyatın o biri sahilinə keçməmiş müridlərini bir
daha görsün. Hamı onun son sözünü eşitməyə çalışırdı. Qoca dedi: «Ömüm
boyu sizi məmnun olmağı, ekstazı, meditasiyanı öyrətmişəm. İndi o biri
sahilə köçürəm. Siz məni həmişə dinləmisiz, amma dediklərimə əməl etməmisiz.
Ən vacib əməlləri təxirə salmısız. İndi təxirə salmağın mənası yox,
çünki mən gedirəm. Kim mənimlə getməyə hazırdır?». Sükut çökdü. Mistikin
40 il ərzində hər sözünə əməl edən ən sadiq şagirdi də heç qımıldanmadı.
Arxadan biri əlini qaldırıb dedi: «Bu gün sizinlə o taya keçməyə hələ
ki, hazır deyiləm. Amma bilmək istərdim ki, o biri sahilə necə getmək
olar? Bu gün qonağımız var, sabahın, o bir günün də işləri çoxdu deyə
mən arxanızca gələ bilmirəm. Əlbəttə, nə vaxtsa sizin yanınıza gələcəm.
İndi xahiş edirəm sonuncu dəfə izah edin ki, o biri sahilə necə çatmalıyıq?
Yaddaşımı təzələmək istəyirəm ki, vaxtı çatanda azmayım».
Bu bir nəfərin həyat hekayəsi deyil, milyonların, bəlkə də hamının haqqındadır.
Hamı zamanında düzgün qərar verməyə çəkinir. Çünki «vaxtı çatanda» heç
vaxt öz xoşuna gəlmir. Hamı ulduzların duruşunu, astroloqların, xiromantların
proqnozunu və məhz həmin o qızıl anın gələcəyini gözləyir. Sabah gəlməyəcək!
Çünki nə olursa həmişə bu gün olur. Ona görə də əzablardan xilas edici
ölümü gözləməkdənsə bu günü yaşamaq lazımdı. Onda ölüm gələndə sizi
oynayan, şənlənən yerdə aparar.
Ümumi isteriyadan sonra mütləq sükut anı gəlir. İrəlidə sakitlik və
rahatlıq məqamı olmalıdı. Təsəvvür edin ki, belə bir sükut məqama yetmisiz
və tam rahatlıq içində kimsə nağaraya bir şapalaq çəkir: «Buuum!». Beynindəki
fikirlər silkələnir və etiraz baş qaldırır: «Bunlar hansı azadlıqdan
danışırlar e, anlaya bilmirəm!». Sonra nağaraya bir neçə zərbə dalbadal
çəkilir: «Dom, dom, doooom!». Diksinirsən: «Mən axı uşaqlarımı böyütməliyəm,
işləməliyəm ki, dolanaq, heç olmasa kommunal xərcimizi ödəyək, dərdim-sərim
azmış». Nağara xırda-xırda gəzişmələr etdikcə «Mən kiməm axı?! Qarışqa
kimi əzərlər məni. Vəzifəlilərin günahlarından danışırlar, bəyəm mənimki
azdı? Bu millət heç nəyi düzgün etmyi bacarmır. Əlimdən nə gəlir ki…».
Kimsə nağaraya yaman döyəcləir, rahatlıq vermir.
Amma sabah gəlməyəcək! Hər şey bu gün, burda və sənin beynində baş verir.
Bəzən tənhalıqda özünə etdiyin etirafı dilinə gətirsən sükut vaxtı nağara
çalan kimi kiminsə beynini qıcıqlandıracaqsan. «Mən özümdən başqa kimsəni
düşünməmişəm!» BOOM! «Axşam ayaqlarımı sürüyüb evə gələndən sonra nəinki
millət, heç ailəm də gözümdə deyil!» BOOM! «Oxumuşam ki, pul qazanım,
millətin maarifçiliyi üçün oxumamışam ki!» BOOM! «Yer kürəsindən, başqa
planetlərdən mənə nə var…» BOOM! «Bu günün ləzzətini bir daha yaşamaqçün
bir dəstə də yetimin malını yeməli olacam» BOOM! «Gündüzlər özümə ağıllı
görkəm verməkdən yoruluram. Yalnız gecələr gözəl kitab oxuyandan, ya
da həzin musiqi dinləyəndə elə bil ki, yenidən insanlaşıram» BOOM! «Yalanla,
oğurluqla, riakarlıqla yaşamağı asan bilirdiz?! Qarnımı qabağa verib
başqalarının gözünə soxuram ki, gözümün içinə baxmasınlar» BOOM! «Onsuz
da qıracam, sındıracam, öldürəcəm, təki mənə yaxşı olsun!» BOOOOOM!
Yuxuda olanlara nağara səsi çox pis gələr, ayıq olarları isə dingildədər.
Qoltuğunda nağarayla o taya keçmək necədi görən? Etarif nağarasına burda
vurmasaq o tayda mütləq çaldıracaqlar…