Çalış 
          və çarpış
          Amma bil ki, nəyin uğrunda…
        
          Hər səhər adətim üzrə elektron poçtumu oxuyuram. Artıq bir neçə ildir 
          ki, spam dolabındakı lazımsız məktublara göz gəzdirib silmək adətim 
          var. Nəyə lazımdır axı onlar? Heç olmasa spam bölməsində səliqə olsun. 
          Spam məktublara ötəri göz gəzdirəndə 20-30 məktubun içində hes olmasa 
          3-4 dənə «Viaqra» satmaq istəyən reklam xarakterli məktub olur. Bu məktubları 
          göndərənlər uzun illərdir təkidlə mənə «Viaqra» satmağa çalışır və qadın 
          olmağım onların heç vecinə də deyil.
          Bu prosesi müşahidə etdikcə məndə belə təssürat oyanır ki, biz də həyatımızda 
          lazımsız və mənasız işlərə can atırıq və nəticəsini fikirləşmədən hey 
          çalışırıq. Hər gün Allahdan ağıl əvəzinə çörək istəyirik. Soyuducumuzun 
          dolu olmasının fərqindəyik. Başın boşluğunu heç kim görmür axı. İçimizdə 
          ən layiqliləri, yəni hər gün dua etməyi unutmayanları da ya məchul, 
          abstrakt arzularını Yaradana ötürür, ya da bir parça çörək və bir udum 
          hava qədər sadə şeyləri diləyərək var olduğunu sübut eləməyə çalışır. 
          Bu yerində xama içinə düşmüş siçan balaları haqqında pritçanı da xatırlamaq 
          olardı. Çapalayan siçan sakitcə əlini yanına salıb «Onsuz da öləcəyik» 
          deyən o biri siçandan fərqli olaraq çalışmağıyla, çarpışmağıyla xamadan 
          yağ əmələ gətirib qurtula bilmişdi. Xama içində üzənlərin nəzərinə! 
          Çox çapalayanda yağ əmələ gəlir. Amma özünü yağ-bal içində duymaq üçün 
          kimsə bura heç olmasa bir qaşıq bal əlavə eləməlidi.
          Hamı çalışır, hamı çarpışır. Yaşayanlar da, bunu simulyasiya edənlər 
          də. Biz burda qadın azadlığı uğrunda çalışarkən Qərb qadını mətbəxə, 
          evinə, uşaqlarının yanına qaytarmağa çalışır. Son vaxtlar Britaniyada 
          küçələrdə «İşgüzar qadınlardan pis analar əmələ gəlir» məzmunlu reklam 
          plakatları asılıbmış. Bu plakatlar cəmiyyətin hiddətinə səbəb oldu və 
          indi ingilis qadınları yaxşı ana olduqlarını sübut etməyə çalışarkən 
          əlbəttə ki, işdən çıxmadılar. Onlar etiraz elədilər və hiddətləndilər. 
          Bu hiddət cəmiyyətdə əks-səda doğurdu və tezliklə reklam plakatlarını 
          küçələrdən yığışdıracaqlar. Yəqin etiraz edənlər ayağının altında bərk 
          yağı hiss eləmiş siçanın duyduğu hisslərə bənzər bir duyğular keçirir. 
          Bəlkə də daha artıq, yəni qalib olmaq ləzzətini yaşayırlar. Axı işin 
          sonunda, çalışmağının nəticəsini gösməlisən. Məsələnin düyünü də, mahiyyəti 
          də bundadır. Bunu sönmüş vulkandan soruşun, ya da istəklərini içində 
          gömürmüş bizlərdən. Pardon, bunu deməyi unutdum, İngiltərədəki reklam 
          kompaniyasının əsas məqsədi qadınları təhqir etmək yox, cəmiyyətin etiraz 
          dərəcəsini müəyyənləşdirmək idi. Bu məsələni əlində bayraq edib cəmiyyəti 
          qızışdıran «Mumsnet» adlı populyar ünsiyyət saytı eyni cəhdlə baş nazir 
          Qordon Braunun müsahibə zamanı sevimli peçenyesi barədə danışmaq istəməməsini 
          tənqid eləmişdi.
          Mən birmənalı şəkildə deyə bilmirəm ki, çalışmaq lazımdı, ya yox. Bu 
          yaxında dünyanın mədəniyyət mərkəzlərindən biri sayılan «La Skala» opera 
          teatının kollektivi hüquqlarının pozulmasına etiraz olaraq məşhur «Karmen» 
          operasının ifa etməyə səhnəyə gündəlik paltarlarda çıxıblar. Təsəvvür 
          edirsiz, ehtiraslı Karmen qulağının ardına al qırmızı gül taxıb qaralı 
          qırmızılı, qırçınlı balağını yelləmək əvəzinə aşınmış cinslərini əyninə 
          keçirib səhnə mədəniyyəti baxımından bərbad gündə görünən Xosenin yoldan 
          çıxarmağa çalışır. Bilmirəm «xabaneranı» oxuyarkən balaqlarını yelləmək 
          əvəzinə aktyor nə edirmiş? Amma bu çalışqanlığı və etirazına görə tamaşaçılar 
          tərəfindən «Biabırçılıq!» çığırtılarından ibarət atəşə tutuldular. Sən 
          demə aktyorlar məşqlər zamanı lazım olduğundan 6 dəqiqə artıq saxlanılmağa 
          etiraz edirmişlər. Cəmi 6 dəqiqəyə…
          Ona görə də düşünürəm ki, bəlkə mən «Viaqra» satmaq istəyənlərə çox 
          mənfi reaksiya verirəm. Bəlkə həqiqətən də nə vaxtsa bu dərmana möhtac 
          olacağıq və spamdakı məktubların xəbərdarlığı bizə öncəgörməlik kimi 
          gələcək. Bəlkə də həqiqətən nə vaxtsa aptekə gedib bu dərmanı soruşmaqdan 
          utanıb «Viaqra» satanların məktublarından birini tıklayacam. Bəlkə kompüterimə 
          viruç düşəcək, ya da düşməyəcək, bunu bilmirəm. Amma bu zaman onlar 
          qələbə çalmış olacaqlar. Çünki uzun illər bu «Viaqra»nı mənə satmağa 
          çalışıblar. Onda yəqin onlar xama içində çapalayıb yağ çalmış siçanın 
          keçirdiyi hisslərə bənzər duyğular keçirəcəklər. Kompüterimə virus düşsə 
          yəqin mən xama içində boğulub qalmış o biri siçan kimi «Eybi yox, bu 
          dəfə alınmadı» deyəcəm.