Çadralı
kişilər
Bir vaxt Sevil
çadrasını atmasaydı hələ bilmək olmazdı ki, nələr ola bilərdi. Sevil
deyəndə mən Cəfər Cabbarlının sevilini nəzərdə tuturam. O Sevil ki,
yüzilliklər boyu çəkdiyi əziyyətin simvolu olan çadrasını açıb zülmkarın
üzünə çırpdı.
O vaxt Sevil bu tarixi addımı atmasaydı yəqin ki, indi mən və mənim
həmcinslərim yazının üstündə başıaçıq şəklimizi verə bilməzdik. Nəinki
şəkli verməzdik, bəlkə də yazı yazmağı, fikir deməyi, kişilərlə yekbəyek
eləməyi bacarmazdıq, ya da ürək eləməzdik. Keçən əsrdə Azərbaycanlı
qadın usandı, bezdi, yoruldu, adam kimi yaşamaq istədi, yüzillərlərin
ağırlığını çiynindən yerə qoydu və demək olar ki, inqilab elədi. İndi
o, madmuazellər kimi geyinəcəkdi, özünü qadın kimi hiss edəcəkdi, kişilərin
tərs-tərs baxmağını heç vecinə də almayacaqdı. Bu məsələdə əgər kişilərdən
soruşan olsaydı biz yəqin ki, hələ də çadra altındaydıq.
Yəqin unutmamalıyıq ki, çadra həm də ismət, təmizlik, bir qədər də əlçatmazlıq
simvoludur. Tanış rəssamlardan biri deyirdi ki, «Çadrasını atan Sevilin
heykəlinə baxa bilmirəm. Bu biabırçılıqdı. Çünki o vaxtlar üçün çadra
qadının içmətini qoruyan bir şey idi. Elə bil ki, şəhərin ortasında
alt paltarını çıxarıb başının üstündə fırlayan qadına heykəl qoyublar».
Ola bilər çadrada nəsə bir sirr, minbir gecə nağıllarındakı macəra,
hətta bir qədər erotiklik də var. Bəlkə də nə zamansa qadının belə örtükdə
olması proqressiv, lazımlı bir atribut olub. Mənim ulu nənələrimdən
biri alman olub. Onun barədə soraqlaşanda həmişə deyərdilər ki, çox
yaxşı qadın idi. Adını da, dinini də diyişib başına çadra atmışdı. Bir
zaman milyonçular, zənginlər şəhərinə gəlib müsəlmana ərə getmiş qadın
ərinin, uşaqlarının xətrinə könüllü şəkildə başını bağlamışdı. Amma
bunu eləməyə də bilərdi, çünki o vaxtlar Bakıda başıaçıq qadınlar çox
idi və başqa millətlərin çadrada olmaması adi qəbul edilmişdi. Hazırda
başını bağlamış alman qadınının başıaçıq nəticəsi kimi içimdəki çadraya
qarşı etirazımı ifadə eləməyə bəzən söz tapmıram. Çadrada olmağın ağırlığını
istəyirəm ki, kişilər də bilsin. Hərdən bir xəyalımda bu mövzuda çox
etiraz edən kişilərə vertual şəkildə çadra ceyindirib deyirəm ki , «Hə,
indi görüm necəsən?!». Məncə kişi üçün bundan ağır qisas ola bilməz.
Xəyalımda artıq tamaşaçılar olmadığından hərdən Sevil dramına yeni cizgilər
də əlavə edirəm. Məncə o, Balaşla çox yumşaq danışırdı, mən olsaydım
filan cür deyərdim. Ya da ki, çadranı üzünə bir az da hikkəylə çırpardım.
Üstəlik onun evinin qarşısında ürəyimin getməyinə dünyasında razı ola
bilməzdim.
Ona görə də ağlıma gəlməzdi ki, başında çadra olan kişiləri görəndə
ürəyim ağrıya bilər. Tehran Universitetinin tələbəsi Məcid Təvəkkülinin
çadradakı şəklini görəndə içimdə tamam başqa bir etiraz forması baş
qaldırdı. Məcid Təvəkküli dekabrın 7-də keçirilən aksiyada çıxış edərək
ayətullah Əli Xamneyini diktatorluqda ittiham edib tələbələri müqavimətə
çağırmışdı. ETTELAAT-ın kəşfiyyatçıları onun tutub zorla aparmışdılar.
Səhəri gün internetdə Məcidin qadın geyimində şəkilləri yayılmışdı.
Qadın paltarının ona zorla geyindirildiyini deyirlər. Buna etiraz kimi
İranda və xaricdə yaşayan tanınmış kişilər Məcidin təhqir olunmasına
etiraz kimi ictimai yerlərdə yaylıq bağlayır, çadra geyinirlər. İndi
ictimai-siyasi fəallar, jurnalistlər, yazıçılar, siyasi ekspertlər və
hətta incəsənət xadimləri hadisəyə məhz belə formada etiraz edirlər.
Etiraf eləməyə məcburam, qadın paltarı geyən kişilər çox miskin görünür.
Həkimlər, psixoloqlar durub mənə səbrlə başa salsa ki, bunun qanında
harmonları ona belə diqtə edir, ya da ki, «mavi»lər də insandı, yenə
də fikrim dəyişməz. Əlbəttə, o da insandı, amma bu heç kimi iyrənc görünməkdən
xilas eləmir. Etiraz əlaməti kimi başına çadra salan kişilər də gözəl
görünmür, amma ikrah doğurmur da. Başqa şəraitdə olsaydı yəqin ki, qara
çadraya bürünmüş və hətta yaşmaqlanmış kişilərin bığlarına baxıb uğunardım.
Əgər fotoda gözlərdəki etirazın dərəcəsini anlamasaydım. İnsan azadlığı
uğrunda nələr eləməzmiş! Azadlıq uğrunda başına çadra atıb etiraz edən
kişi sevgisi uğrunda başını bağlayan qadından da yüksəkdə durur. Nə
qədər eybəcər görünsə də. Bundan sonra kişilərin başına çadra atmağa
heç vaxt qıymaram.