Ah,
bu gecə, bu gecə…
Yaxud hər yer Amerika, hər gün Hellouin
Bu gün, daha doğrusu 31-dən 1-nə keçən gecə Amerikanın lap kiçicik şəhərlərində
belə insanlar cin-şeytan paltarı geyib axmaq-axmaq işlər planlaşdırıb
ciblərini şirniyyatla doldurmaqçün küçələrə axışır. Bayram Hellouin
gecəsi, yaxıd bütün müqəddəslərin günü adlanır. Sevdiyimiz «Hello» çağırışına
bənzədiyinə görəmi, ya yox, bunu bilmirəm, bu bayram bütün dünyanı əlinə
alıb. Hellouin gecəsiylə maraqlananda anladım ki, əslində bu bayram
bizdə çox qədimdən qeyd olunur, hətta demək olar ki, milli bayramımızdı.
Bu gün çox qorxulu gecədir, çünki həyat və ölüm arasındakı sərhədlər
silinəcək, o dünyanın bütün murdarlıqları yer üzünə qayıtmaq cəhtləri
edəcək. Qorxulu məxluqlardan qorunmaq istəyənlər üz-cözünü külə batıracaq
(bu məqamda bizim başına kül ələmək ənəsini xatırlamaya bilməzdim),
qəribə və qorxulu kostyumlar geyəcək ki, gəlmələr (o dünyadan gələnləri
nəzərdə tuturam) onları özününkü bilib ayıra bilməsin. Hər ailə iri
bir kudunun içini çıxarıb onun qabığında qorxulu fizianomiya oyaraq
içində şam yandırıb qapısından asmalıdı ki, qorxulu ruhların özünü də
qorxuda bilsin. Bu məqamda özünü şərdən qorumaqçün qapısına it kəlləsi
asmış bir ailə düşdü, hayıf yeri deyil...
Bu gecə hamının özünü əcinnə, cin-şeytan, yaxud iblis kimi hiss eləmək
şansı var. Çoxlarına maraqsız gələcək, deyəcəklər ki, il boyu bəyəm
insan kimi yaşayırıq? Bu gecəni layiqincə qeyd eləməliyik, heç olmasa
amerikalıların xətrinə. Güzgüyə baxın. Öz görkəminizə nə qədər tənqidi
yanaşsaz da qrimsiz keçinə bilməzsiz. Aeroport yarmarkasından alınmış
ucuzlu kosmetikayla boyanıb ildə cəmi bir dəfə allergiyadan səpmək böyük
qurban deyil. Bəs bizim cavan qızlarımız bu işi hər gün necə eləyir?
Əsas məsələ lazımi obrazı seçməkdir, burda isə cəmi bir şərt var- təki
özün olmayasan, vəssalam. Bizimçün bundan asan nə var?
Bilin ha, bu gecə gələcək və keçmişin qapıları açıq olacaq. Çətini qapını
keçənəcəndi. Bəlkə elə bizim kandardan baxanda onlar çox vahiməli görünür.
Bəlkə içəri keçək, görək bir nə var, nə yox? Şər qüvvələr olanda nə
olar, hal-əhval tutaq, gündəlik həyatda şərlə barışdığımız səbrlə bir
özümüzü onların yerinə də qoyaq. Deyirlər ki, bu gecə yarısı küçəyə
çıxıb əyin başını dal-qabaq geyib tərsinə gəzə bilənlər mütləq küpəgirən
qarı görəcək.
Hellouinin duzu-istiotu «Həyat ya pul kisəsi» hədə qorxusundadı. Quldur,
cin-şeytan, cadukərlər, polis simasında kimsə sənin xirtdəyindən tutub
kisəsini doldurmaqçün gözünə soxursa bilin, bu hələ də Hellouin gecəsidir.
Evdar xanımların nəzərinə: nəbadə bu gecə alt paltarını zivədə qoyasız.
Şər qüvvələr bircə ora əl atmamışdı, doluşarlar oralara. Bu səhədə də
uduzsaq, day heç olduq ki!
Küçələrə çıxmaq istəyənlərin nəzərinə, biləsiz, bizimkilər hellouin
-zad tanımır. Sizi əsil cin-şeytan bilib polis şöbəsinə də daşıyarlar.
İçərinizdə kimsə dilli-dilavər parlamentyor, elçi missiyasını üzərinə
götürüb izah eləməlidi ki, «Bilirsiniz, Hellouin belə bir bayramdır
ki,.....» Əgər sizin kompaniya müqəddəs inkvizisiya roluna girməyibsə,
yaxud erməni kilsəsiniə od qoymağı qərar verməyibsə məncə sovuşar. Uzaqbaşı
decəklər ki, müxalifət mitinqləri gecə saatlarına salıb.
Elit cavanlarımız bu bayramı hələ 27 –si «Chillout» klubunda keçiriblər.
Elə bil həftə içi qorxulu olmaq olmazmış? Deyələnə görə kostyumsuz gələnlərə
içəri keçmək üçqat bahasına başa gələcəkmiş.
Amerikalı uşaqlar bu bayramı gecə qapını döyüb «trick or treat» (bir
az azad tərcümədə «qonaq elə yoxsa peşman olarsan») deyib ev yiyəsinin
üzünə irişirlər. Simic ev yiyələrinin qapılarının dəstəkləri qapqara
külə batırıla bilər. Bundan sonra bizim papaq atdı əməliyyatının məsumluğundan
noema qoşmayım, neyniyim?
Səhər evdən yanmış şam, mətbəxdən dünənki kududan bişirilən balqabaq
qutabının iyi gəlirsə, deməli şər qüvvələr bu gecə sizdən yan keçdi.
Səhəri küçəyə çıxanda üz–cözü qapqara, ya da rəngbərəng, qışqırışan
çığırışan, səndən həyatının əvəzinə pulunu istəyən, hədə qorxu gələn,
göz ağardan, canını almaq istəyənlər tapılacaqsa bil ki, bu hələ də
Hellouindir. Bizdə bu il boyu bitmir. Elə bil kimsə o tayın qapılarını
açıq qoyb gedib, murdarlıqlar da elə bil öz evindədi. Yaxşı, oraları
dolaşıb gələndən sonra dalınca qapını bağlamazlar, a millət!