Eşşəyə
gücün çatmasa palana döymə!
Miflər yaradan, yoxsa mifləri dağıdan xalq?
«The Washington Post» qəzeti hadisəni gözləriylə görmüş şahidlərin fikrinə
bayaqlanaraq yazır ki, Vaşinqtonun Milli Sənətlər Qalereyasının seyrçisi
Qoqenin «İki taitili qadın» rəsminə hücum çəkib. «Bu şərdir!» çığıran
qadın rəsmi müdafiə edən plastik qatın üstündən tablonu kötəkləməyə
başlayıb. Başqa bir tamaşaçı onu rəsmdən qopara bilib. Xanımı həbs ediblər
və onu mülkiyyətə zərər vurmaq və rəsmi oğurlamaq cəhdində ittiham ediblər.
Deyilənə görə yarıçılpaq taitili qadınların rəsmi zərər çəkməyib. Miflər
yaradan Qoqen» adlı sərgidə göstərilən rəsmlərin əksəriyyətində qadınlar
çılpaq idi, amma «döyülmək» yalnız «2 taitili qadın»a qismət oldu. Ekspertlər
tablonun zərər çəkmədiyini deyir və baş vermiş hadisədən təsirlənib
köks ötürür. «Əşşi, nadan xalqdı da, sənət nə qanır!» deyib hadisənin
üstündən keçmək də olardı. Elə bil küçələrdəki çılpaq qadınları görmürlər
elə bil, indi muzeylərdəki qadınları geyindirmək istəyirlər.
Sonra günün xəbərlərində oxuyuruq ki, qoca bir gürcü qadınının ucbatından
Ermənistan düz bir gün İnternetsiz qalıb. Ola bilər nənələrimizin «Səni
internetsiz qalasan» qarğışı qonşularımızın başına düşüb. Amma deyəsən
75 yaşlı gürcü nənə heç İnternetin nə olduğunu da bilmir. O, etiraf
edib ki, Ksani Msxet rayonu ərazisində mis axtarırmış. Qazıyıb, qazıyıb
əlinə «Dəmir yolu Telekom»un maqistral xətti düşüb. Eləmə təmbəllik,
qırıb qoyub yerə ki, «Urra, mis tapmışam». Bu məsələ aydınlaşan kimi
nənəni canına yel dəyməmiş tutublar. Ona 1 ildən 3 ilədək iş düşür.
Görəsən Etmənistanı İnternetsiz qoymuş nənəni geninə-boluna söyən adamlar
75 yaşlı keçən əsrin vətəndaşına İnternetin nə olduğunu başa saldımı?
Ya da ki, Amerikadakı çılpaq qadını «şər» adlandıran xanıma «Qadın gözəlliyi
və çılpaqlıq» mövzusunda məruzə oxuyan oldumu? Həmin uğurla hökumətə
qarşı küçələrə etiraz etməyə çıxmış adamdan «Mağazanın vitrinini niyə
sındırdın?» soruşmaq olar.
İllüziyalar aldadıcı və sürüşkən olur. Məsələn, ispan dənizçiləri Amerikanı
fəth etməyə gələndə yerli əhali onları gül dəstələri və böyük sevinclə
qarşıladı. Amrikanın aborigen xalqları neçə minilliklərdi ki, balalarına
ağ dərili, saqqallı Verokoçe allahı barədə nağıllar danışırdı. Əfsanəyə
görə o, qayıqla üzə-üzə gələrək materikin insanlarına nicat gətrmişdi.
Onları ümumdünya selindən xilas etmişdi, əkinçilik, heyvandarlıq, astoronomiya
və s. çox lazımlı biliklər toplusunun üstündə geri dönmək vədi verib
getmişdi. İndi miflərdəki kimi dənizdən ağdərili və saqqallı kişilər
gəlmişdi. Yerli camaat bütün var-yoxunu, tonla qır-qızılı onların ayağı
altına sərdi. Əvəzində gəlmələr yerli camaatı qula çevirdi, qırdı çatdı.
Minilliklər boyu göyün ən dəqiq xəritəsini verən ay və gün təqvimini
əridib bir parça qızıla çevirdi ki, İspaniya kraliçəsinin üzü gülsün.
Birinci dünya müharibəsi zamanı İngilis təyyarəçiləri necə olursa azıb
Avstraliyada məcburi enməli olur. Eyibini bir parçayla örtməyi təzəcə
öyrənmiş aborigenlərə bu böyük miflər yaratmaq üçün gözəl mövzu idi.
Təyyarə ora enəndə hansısa detalı sınmışdı, ona görə də təyyarəçilər
bir müddət həmin qəbilənin qonağı olur. Onlara sehirli silahlarını nümayiş
edir, dəmir bankadan çıxan yeməkdən verib ağızlırının tamını dəyişdirirlər
və yəqin ki, nələrsə danışırlar. Təyyarə təmir edilir və uçub gedir.
Onlar da nə vaxtsa geri dönəcəklərini vəd verirlər. Həmən gündən az
qala bir əsrdir ki, təyyarə görmək xoşbəxtliyinə bulunmuş bu tayfa əlini
ağdan-qaraya vurmadan gözünü göydən çəkmir. Onlar təyyarənin modelini
ağac budaqları və əskilərdən quraşdırıb vaxtaşırı ilahlarına təzim edirlər.
Təyyarənin iki qırağından uçuş zolağı çəkib kənarlarında oturub gözlərini
göyə dikiblər.
İnsanın illüziya, mif yaradıb ona inanması şirin, amma aldadıcı hildı.
Tablonun kötəkləyən qadın bütün dünyanın şərdən xilas edəcəyi barədə
illüziyaya qapılırdı. Torpaq altında qolu yoğunluğunda mis məftil tapan
qadın isə o boyda ölkəni rabitəsiz qoyduğunun fərqinə varmadan varlanacağını
düşünürdü. Küçələrdə etiraz edib çığıran adam isə kiminsə kürkünə birə
saldığı, yuxusunu pozduğu və yeni işıqlı dünya qurması barədə şirin
xəyallara dalır. Meksika ərazisində yaşayan qədim tayfalar miflərinin
bahasını qanla verdilər. Ona görə də bütün dünyanı şərdən xilas edəcəyini
düşünən adama mədəniyyəti, varlanmaq ümidilə çırmanan adama iqtisadiyyatı
etibar etməzlər. Küçələrdə ilahi ideyalarla çırpınan etiraz mitinqlərini
iştirakçıların ən murdarı, ən naliyiqi ələ keçirir.
… Avstraliya ərazisində isə təyyarələr çoxdandı ki, uçur. Nə vaxtsa
allahını göydən gözləyən aborigenlərin də arzusu çin olar…