|
Beyinin dəyəri
Yaxud qapazla böyüyən başda nələr olur
Tezis: İnsanlar
öz kökünü gəzdirirlər başında (B. Vahabzadə)
Antitezis: Deyirlər qarın başdan irəlidi (Atalar sözü)
Keçmişdə mollaxada başına dərs girməyən uşaqları cəzalandıranda onların
ayaqlarının altını qamçılayırdılar. Amma bəlalı orqana, yəni başa toxunmazdılar.
Çünki hamı bilirdi ki, adamın başına qapaz vuranda ağlı dabanına qaçır.
Molallar da sadəlöhvcəsinə ayaqların altını kötəkləyirdilər ki, ağıl yenidən
başa qayıtsın. O vaxt hələ psixoloqlar, beyin içində eşələnən alimlər
yoxuydu ki, desinlər: «Başqa ağıl varsa, olacaq, yoxdusa haranı kötəkləyirsən
kötəklə, fərqi yoxdu, xeyir eləməz». Əgər başa qapaz vurmaqnan ağıl qaçası
olsaydı gündə səksən dəfə yüz cür üsulnan qapazlanan başımızda bir qram
ağıl qalmazdı, vallah…
Beynimizin işləmə mexanizmi barədə çoxlu miflər var. Mən də ki, mifləri
darmadağın etməyi özümə xobbi seçmiş bir adam kimi hardasa belə bir şey
oxusam, ilişir yaddaşıma. Onu yazmayınca məndən əl çəkmir. Yazacaqlarım
mənim beynimin məhsulu deyil, bunun üstündə başını sındıran alimlərindi.
Amma alimlər uzun-uzadı və maraqsız yazırlar. Çünki onların oxucu problemi
heç vaxt olmur. Beyinin işi və onun əsası olan boz maddənin işi haqqında
da çoxlu miflər olduğu kimi kuryozlu sirrləri də mövcuddur.
Əvvəl faktları sıralayaq: İnsan özünü qıdıqlay bilməz. Çünki beyin elə
qurulub ki, ətrafdan gələn siqnallar selində insanın özünün yaratdığı
qıcığı ayıra bilir. Ona görə özünü qıdıqlayıb gülməkdən ürəyi gedənə inanmayın.
O da faktdır ki, şəkli gözdən keçirmək şaxmat oynamaqdan çətindir. Çünki
insan beyni xırda obyektləri başqa bir şeylə qarışdıra bilir. Məsələn,
yolda dayanan insan fiquru yaxınlaşan kimi yol nişanəsinə çevrilə bilər.
Yada maaş cədvəlində məbləğin yanında bir sıfırı artıq görə bilərsən.
Əsnəmək beynə oyanmağa kömək edir. Əsnəməyin yuxusuzluq və darıxmaqla
əlaqələndirirlər. Bu da işdə tez-tez əsnəyənlərin reputasiyasına ciddi
zərər vurur. Amma əsnəyərkən insan ciyərlərinə daha çox oksigen çatır
ki, bu da bizi daha da gumrahdaşdırır. O boyda işi fasiləsiz görən beynimiz
soyuducunun kiçik lampasından da az enerji sərf eləyir. Beyin hüceyrələri
bir-biirylə elektrik siqnalları vasitəsiylə əlaqə saxlayarkən prosesdə
cəmi 12 vatt enerji işlənir. Mətbəxin küncündə dayanıb dırıldayaraq işlədiyini
daim diqqətə çatdıran soyuducu ondan daha artıq israfçılıq eləyir.
Beyinlə bağlı miflər də maraqlıdı. Məsələn oxuduqlarımızdan, eşitdiklərimizdən
bilirik ki, guya beynimiz öz imkanının cəmi 10 faizini işlədir. Bir sözlə
tənbəldir və soyuducudan da az effektivdir. Amma sadə tədqiqatlar bir
daha sübut eləyib ki, kiçik məsələnin həllində insan bütün beynini işə
salır. Bizsə düşünürdük ki, ehtiyatda xeyli imkanlarımız var. İndi isə
yekəbaşları məyis edəcəyik. Sən demə beynin həcminin intellktual imkana
heç dəxli də yoxuymuş. Başqa bir mifə görə Mosartın musiqisi uşaqları
daha ağıllı eləyir. Bu mif 1993-cü ildə yaranıb. «Nature» jurnaıl bir
tədqiqatın nəticələrini açıqlamışdı. Guya 10 dəqiqə Mosartı dinləyən kollec
tələbələri yoxlama işini daha yaxşı yaza bilər. KİV vasitələri həmən xəbəri
əlində bayraq edərək aləmə yaysalar da klassik musiqinin insanın intellektinə
əməlli təsirini təsdiqləyən nəticələr hələ də alınmayıb. Mobil telefonlardan
Mosartın «Türk marşı»nı silə bilərsiz. O daha mobil telefonlarçün musiqi
yazmır.
Bu isə mif yox, artıq faktdır: axmaq mahnı adamın dilinə düşən kimi saqqız
kimi yapışaraq axşamacan əl çəkmək bilmir. Beyin insanın gündəlik iş nizamını
səhər çay, ya kofe içməkdən tutmuş, işdən çıxıb evə qayıtmaq kimi detallarına
qədər yadda saxlayır. Bəzilərində evə qayıtmaq punktunda problemlər olsa
da ümumilikdə bu yadda saxlama mexanzmi təsadüfən eşitdiyi melodiyanı
həmən ritmə qoşaraq hər dəfə insanın yadına salır. Ona görə də səhər marşrutda
zəhlətökən mahnı eşitdinsə, axşamacan beynin həmən musiqini xatırlayaraq
sənə zülm verəcək.
İndi bir mənə deyin, adam belə fakt və mifləri biləndən sonra heç başına
qapaz vurar?! İstəyir çörək bahalaşsın ya necə. Beyin heç vaxt dəyərdən
düşmür ki…
|
|