Əzizimin əzizi
Çempionat zamanı qadınların davranış qaydaları


Bu yazı Avropa çempionatı start götürməmişdən əvvəl yazılmalıydı. Amma səmimi, ürəkdən gələn yazının yazılması üçün əvvəl səbr kasası dolmalı, sonra çarəsizlikdən cəmi bir yol, yazmaq yolu qalmalıydı ki, sonra bütün qadınlara kömək ola biləcək yazı doğula bilsin. Sizin də evdə televizor qarşısında köhnə kompüter kimi «zavisat» eləyən, pivə içib (çips, ya da duzlu krekerlə) günəbaxan tumunu şaqqıldadan birisi varsa deməli bu məsələ artıq sizin evdə də aktualdır. Arvadların, rəfiqələrin, nişanlı qızların, bacılar, qızlar, bir sözlə dünyanın bütün qadınlarının bilməsi lazımdır:
Əvvəla, buraxdığımız səhvləri sadalayaq: Avropa çempionatı başlamazdan əvvəl, heç olmasa qəzetlərin bütün idman xəbərlərini oxumalıydıq ki, dünyada baş verənlərdən xəbər tutaq və söhbət zaman deməyə bir sözümüz olsun. Çünki futbol çempionatı gedən zaman kişinin başını nə qonum-qonşuda, nə işdə, nə də cəmiyyətdə baş verənlərlə məşğul etmək mümkün olmayacaq. Bunu eləməsək O, bizi tamamilə saymamazlıqla qarşılayıb bütün sualları cavabsız qoyacaq. Belə məqamlarda diqqətsiz qalmaqdan şikayətləməyi heç ağlınıza da gətirməyin. Vaxtında hazırlaşmaq lazım idi.
Çempionat vaxtı televizor yalnız O-nundur. Bu acı və ağrılı faktı qəbul edib O-na birtəhər bağışlamaq lazımdı. Hətta televizor pultuna çəpəki, lap məsum baxışlarla baxmaq artıq evdə müharibə elan etmək kimi bir şeydi. Gözünü mavi ekranlardan çək!
İnanıram ki, oyun zamanı kişini ekrandan qoparmağın illər uzunu cilalanmış üsullarını artıq bilirsiz. Vaxt vardı qadın topuğunun bir ucunu kişiyə göstərməklə ona dünya boyda ümidlər, hətta müharibəyə başlamağa topdağıtmaz əsas verirdi. İndi televizora dikilmiş gözlər qarşısında soyunsanız da xeyri yoxdu. Bir az çılpaq şəkildə o yan-bu yana hərəkət etsəz onun nə qədər qayğıkeş olduğunu da görəcəksiz. O, sizdən geyinməyi xahiş edəcək. Axı sonra xəstələnsəz sizi həkimə aparmağa vaxtı yoxdu. Belə günlərdə kişilər bizim hətta şəffaf olmağımızı arzular. Ya da evdə hərəkət edərkən sürünənlər sinfinə aid olmağımızı istər. Nə qədər ki, futbolu var, onunçün bir o qədər də fərqi yoxdur.
Oyun vaxtı O-nun bütün duyğu orqanları qəfildən sıradan çıxır. O, kar, kor, lal, duyğusuz, emosiyasız birisinə çevrilir. Əlbəttə, ona ölü demək olmaz. Çünki qarşısına yemək qoysanız, yeyəcək, su stəkanını doldursaz içəcək. Bəlkə də sonunda ağızucu «sağol» da deyəcək. Amma uymayın. Bu, illərin təcrübəsi, instikt kimi özü işə düşür. Sizə sağolu deyərkən o, yalnız və yalnız sevimli futbolunu düşünür. Bilin, əgər O, futbola baş qoşubsa deməli kişi əldən çıxdı. Kişini dünyanın ən gözəl qadını, ən ehtiraslı məşuqəsindən ayırmağın yolu var, amma futboldan ayırmağın yollarını hələ ki, tapmayıblar. Kimsə futboldan güclü olduğunu düşünürsə bərk yanılır. Düşünməyin ki, O, oyun zamanı qapını açacaq, ya telefon zənginə cavab verəcək, ya da balkondan aşmış uşağı xilas etmək üçün özünü kreslodan qoparacaq. Sadəlöhv olmayın.
Yaxşı olardı ki, yerini şirin etməkçün soyuducuya heç olmasa 12 butılka pivə ehtiyat yığasız. Yanında yeməli və dadlı nəsə olsa lap yaxşı. Sonra isə futbola baxmağa gəlmiş başqa kişilərə - bunun qohum ya da ərinin dostlarından biri olmasının heç bir fərqi yoxdu - sifət turşutmaq, deyinmək kimi mənasız fəndlərə baş qoşmayın. Hörmət itirməkdən başqa nailiyyətin olmayacaq. Ola bilər, gecə oyunlar bitəndən sonra səhər sübhə qədər sənin televizora yaxın getmək şansın olacaq. O da əgər hansısa oyunun təkrarı olmaycaqsa. Bu zaman yatmaq fikrin varsa özündən küs.
Ən vacib və məsuliyyətli anlara yaxınlaşırıq. Əgər O-nun sevimli komandasının uduzduğunu görürsənsə «Bu ki, oyundur», «Ürəyini sıxma», «Eybi yox, gələn dəfə udarlar» kimi axmaq və məsuliyyətsiz fikirləri dilinə gətirmə. Bunun müqabilində sən öz sevgi payından kəsmiş olursan. Çünki sevimli komandanın sevgi payını heç vaxt kəsmirlər. Sən futbol barədə heç vaxt O-ndan artıq bilməyəcəksən. Dilinə çıxardığın ifadələr davaya, lap boşanmaya səbəb olar.
Ümidləri tam itirmək lazım deyil. Axı sən oturub futbola onunla birgə baxa bilərsən. Əgər hesab yaxşıdırsa hətta reklam fasilələrində O-nunla danışa da bilərsən. Fikir ver, mən cəmi bir oyun dedim a… Elə bilmə ki, O, bütün çempionatı səninlə keçirmək istəyəcək. Çempionat vaxtı birlikdə keçirməyin ən uğursuz variantıdır. Qolların təkrarından necə bayıldığını heç görmüsən? İnanmırsan bir də bax. O, bütün bunlara sonsuzluğa qədər təkrar-təkrar baxa bilər. O, həyatdan bezə bilər, amma qolların təkrarından yox.
Təcrübəli qadınlar çempionat zamanı bütün rəfiqələrinə bayramlaşmağı, uşaq tədbirləri təşkil etməyi, lap doğmağı da qadağan edir. Çünki bilir ki, əzizi onu belə məsul mərasimlərdə tək buraxacaq. Getməyəcək, lap diz çöküb yalvarsan da yerindən tərpənməyəcək, özünü ölülüyə vurub bunun son arzun olduğunu desən də heç qımıldanmayacaq. Amma bil ki, onun dostu bazar günü sizi qonaq çağırırsa və onun televizoru sizinkindən böyükdürsə siz ailəlikcə mütləq gedəcəksiz. Getməsəz bil ki, sizi atıb tək gedəcək.
Bil ki, oyunların gündəlik icmalı oyunun özü qədər vacib məsələdir. Axı onlar ən işıqlı məqamları bir də yaşamağa imkan yaradır. Çempionat bitəndən sonra isə «Şükür Allaha, bitdi. Yaxşı ki, 4 ildən bir olur bu zülm» kimi ifadələri dilindən çıxmağa imkan vermə. Birdən çaşıb desən O-nun dəhşətli təbəssümünü öz gözlərinlə görəcəksən. Əgər bu təbəssümün açmasını bilmirsənsə mən deyim: «Ha, ha. Ay yazıq, sən hardan biləsən ki, bir az sonra Çempionlar liqası, İtaliyanın çempionatı, sonra İspanianın çempionatı, Dünya çempionatı, Premyer-liqa və s. daha nələr və nələr var…». Bil ki bu siyahılarda da sənin öz yerin həmişəki kimi naməlumdur.

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?