Cansız reportaj
Hələ lentə alınmamış fotoların qalereyası


Həyatın maraqsız və yeknəsək olduğu barədə şaiyələr məncə bir az şişirdilib. Reallıq bu qədər sönük olsaydı insan nəsli çoxdan dinazavrlar, ya da mamontlar kimi ölüb gedərdi. İnsanlardan bircə qaya rəsmləri qalardı. Amma biz artıb törəyirik, özü də bunu çox sürətlə edirik. Yəqin ki, insanın yaşamağa bəhanəsi var. Nəinki yaşamağa, hətta yaratmağa da bəhanə tapır. Ətrafımızda o qədər maraqlı, rəngarəng hadisələr baş verir ki, bəzən atalar demiş, gərək saz ola ki, deyə biləsən, fırça ola ki, təsvir edəsən. Müasir insanlarçün fotoaparatlar da yarayır. Düyməni basdın və bu an donub qaldı. İndi sən onun sahibisən, səliqəli olsan lap ömrünün sonunacan saxlayarsan. Amma görülməli və çəkilməli kadrlar çox olsa da dahiyanə fotolar nadir halda yaranır. Çünki bizim başımızı qaldırıb ətrafa baxmağa vaxtımız yoxdu. Belə məqamda aparatın düyməsini basmaq ən çətin bir iş kimi gəlir. Dahiyanə kadrlar isə bir-birinin dalıyca qatarlanıb. Bütün bunlar nə vaxtsa baş vermişdi, yaxud hələ öz saatını gözləyir. Amma kimsənin onların real olmadığını deməyə dili gəlməz.
… El arasında «Hacıbalanın fontanları» kimi tanınan təzə təmirdən çıxmış şəhər fontanlarının birində qoca kişi hələ ki, parıldayan mərmərin üstündə oturub. Görkəmindən evsiz-eşiksiz və kimsəsizə oxşayır. Suyun işıltısı rəngini itirmiş göz bəbəklərində bərq vurur. O, düşünür ki, sahildə dayanıb balıq tutur. Fantaziyaları ona güc gəlib, yolda tapdığı ağacı tilov bilib suya tərəf uzadıb. O, dinməzcənə dayanıb tilova balığın nə vaxt düşəcəyini gözləyir.
… Təbliğat kompaniyası zamanıdır. Lövhələr deputatlığa namizədlərin şəkilləriylə doludur. Balacaboy bir uşaq əlindəki flamasterlə fotoların birinə bığ-saqqal çəkib işindən ləzzət alır. O, əli çatdığı aşağıdakı şəkilləri yox, lap yuxarıda asılmış namizədin rəsmini seçib. Etdiyi işin ləzzəti sifətini nurlandırıb. Əlini saxlayıb fikirləşir ki, görəsən ona göz yaşlarını necə çəksin ki, inandırıcı görünsün. Televizorda dünənki çıxışından sonra valideynləri o qədər hirslənmişdi ki, ürək damcılarını içsələr də gecə 2-yə qədər yata bilməmişdilər. Bəlkə bu damcıları stəkana düşən ürək dərmanını bənzətsin?
… Yeni il ərəfəsi. Şəhərdə Şaxta babalar və Qar qızlar dəstəylə gəzir. Nədənsə bu il babalar arıqlayıb, paltarları əyinlərindən düşür. Qar qızlarsa əksinə kökəlib paltara sığmırlar. Balaqları yerlə sürünən arıq Şaxta babanın yanaqları qıpqırmızıdır. Makiyajdan deyil, istidən pörtmüş baba saqqalını aşağı, papağını yuxarı sürüşdürüb «kliyent» gözləyir. Şəkil çəkdirmək istəyən olsa o saat özünü yığışdıracaq, üst-başını səhmana salacaq. Amma hələ ki, boşluqdu. Yaxınlıqdakı dirəyə söykənib bir az da mürgüləmək olardı. Qaraqaş, qaragöz Şaxta babanın gözlərirndə bu gün qazandığı pulun məbləği oxunur.
… Xalq çalğı orkestrinin məşqləri sona yetdi. Yorğun musiqiçilər tar-kamançalarını futlyarlara yerləşdirib bir əl sığal çəkib bağlayırlar. Hələ iş bitməyib, burdan çıxıb hələ yüz yerə də qaçmalıdırlar deyən bir az da yorğun, bir az da düşgün görünürlər. Onların çaldıqları musiqi beyinlərində hələ sonrakı 2 saatda, yəni marşrutda, metroda gedərkən hələ də səslənəcək. Hamı tələsir, çıxışa doğru düzülüblər. Əllərindəki futlyarlar hamının çiyinlərini əyib. Sırayla qapıdan çıxanda onlar öz tabutlarını əllərində gəzdirirmişlər kimi görünürlər.
… Ucu-bucağı görünməyən dəniz sahili. Soyuqlar düşən kimi boşalan və tənha qalan Xəzərin səsi. Kimsənin hənirtisi belə gəlmir. Hətta paslanmış yelləncəklər də cırıldamır, səssiz tərpənir. Ovulub quma qarışacaq qamış örtüklər də sonuna çatdığına anlıyır deyən qımıldanmırlar. Ləpədöyənə yaxın maraqlı səhnə görünür. Düz qumlu sahildə sovet zamanından qalmış divan və kreslolar atılıb. Hətta cındırı çıxmış torşer də ordadı. Ləpələr divan və kreslonun ayağının alğını yuduqca onlar bir az da batır, bir az da əyilirlər. Kresloların birində yayda qapqara qaralmış, payız olsa da hələ geyinməmiş, bürünməmiş bir adam oturub. Elə bil ki, bu dünyanın adamı deyil. O, səliqəylə, tələsmədən, düşüncəli və hətta fəlsəfi görkəmlə ayaq dırnaqlarını qırxır.
… Qanunsuz tikilmiş eyvanında bir müəllif kompüter arxasında oturub klaviaturasını taqqıldadır. «Mənə dəxli yoxdu» dediyinə görə onu dünən «etinasızsan, biganəsən» deyib tarazlıqdan çıxarmışdılar. O da indi növbəti dəfə yazır və quyuya daş atırmış kimi dibinə çatıb danqıldayacağını gözləyir. İindiyəcən hələ ki, səs gəlməyib. Onun gözlərində ümid hələ sönməyib. Görəsən etinasız kimdi?

 

 


 
Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?