İnsan fantaziyasının
işıq üzü görməyən dolanbacları, arakəsmələri, hətta açarlı-kilidli siyirtmələrində
gizlənmiş, heç sirdaşlarına deyilməyən, ürəklərdə xısın-xısın öz həyatını
yaşayn arzuları və fantaziyaları nə vaxtsa gerçəkləşib. Bir balaca tezi
geci var, bir qədər də səbr lazımdı ki, onnan bizdə artıqlamasıynan
var. Düzdü, müasirləriniz sizi anlamayacaq. Hətta kimisi arxanızca,
kimisi üzünüzə güləcək, kimisisə qarnını tutub gözündən yaş axanacan
hırıldayacaq. Əgər qanacaqsızlıq eləyib ələ də salsa heç vecinizə almayın.
Çünki o, nadandı, nə tarixdən başı çıxır, nə də keçmişdən xəbəri var.
Belə halda aşağıdakı nümunələri əzbərləyib onların gözünə soxa da bilərsiz:
Buxarlı maşını kəşf eləyən R. Fulton yelkənsiz gəmilər tikməyi təklif
eləyəndə Napoleon ona «Yelkənsiz gəmi? Bu ki, cəfəngiyyatdır» demişdi.
Məşhur kimyaçı Lavuzye başda olmaqla Fransız Elmlər Akademiyasının alimləri
meteorit fenomeni ilə bağlı belə bir nəticəyə gəlmişdilər: «Göydən daş
- filan yağa bilməz».
«Əgər uçan aparat havadan ağır olsa və belə bir gəmini kimsə tikməyə
ürək eləsə o, ən yaxşı halda uşaq oyuncağı kimi bir küncdə durub göz
oxşaya biləcək» - bunu fizik T. Edison demişdi.
Atom fizikasının pionerlərindən olan E. Rezerford isə «Atom enerjisini
praktik məqsədlər üçün istifadə eləmək mümkün deyil» demişdi.
Nisbilik nəzəriyyəsinin yaradıcısı A. Enşteyn isə elə bil müasirlərindən
bir tikə də fərqlənmirmiş. «Mən atom enerjisinin yaxın 100 ildə istifadəsinə
inanmıram» demişdi.
Belə misalları çox çəkmək də olardı. Bilirəm, fantastik nəzəriyyələr
irəli sürmək cəhtləri eləsəm sizi yenə də gülmək tutacaq. Noolar, mən
deyim, sizsə özünüzü dövrümüzün dühalarıyla bir tutub (Yaxşı olardı
ki, uyğun pozanı alıb, üzünüzə müvafiq ifadəni verib) «Yox, yox! Mümkün
deyil! Ola bilməz! Ağlasığmazdır!» deyə bilərsiniz. Vaxt-zaman göstərir
ki, ən qəribə, ən ağlasığmaz fantaziyalar da reallaşa bilər. Düzdür,
bəziləri bu günü görməyəcək.
-Gün gələcək ki, Azərbacanda hər insaflı, savadlı insan özünü və ailəsini
normal təmin edə biləcək. Bununçün o, heç kimin qapısını döyüb bir kəsin
də qarşısında əyilməyəcək.
-Küçələrimizdən gələn gül ətrindən evdə oturmaq olmayacaq. Nənələr cocuqlara
küçələrdəki ziyanlı bakteriyalar və zəhlətökən tozlar haqqında qorxulu
nağıllar danışacaq.
- Yerli istehsaldan olan malları fəxrlə işlədib, bəzən onları əldə eləməkçün
ürəkləri gedən millətlərə ərməğan edəcəyik. Onları satmaq bizim qürurumuza
sığmayan bir hey olacaq.
-Kosmosa buraxılacaq növbəti kosmik gəmi üçün müsabiqədə yenə də Azərbaycanın
istehsalı olan yeni model qalib gələcək.
- Rüşvət anlayışını uşaqlara anlatmaqçün əyani vəsait kimi xüsusi şəraitdə
saxlanılan rüşvətxorlar xalqın qınağından çəkinib başını ayaqlarının
arasından çıxarmağa ürək eləməyəcək.
- Cinayət sözü arxaik söz sayılaraq yalnız tarix fənnində, uzaq keçmişin
ünsürü kimi işlədiləcək.
- Bütün millət gözünü neftdən gələn gəlirlərdən çəkəcək və anlayacaq
ki, bundan qiymətli nəsnələr də var.
- Fəxr obyekti olan Koroğlu və Babək kimi qəhrəmanların sıralarında
yeniləri - dili zorlu, sözü qüvvəli, nəfsi möhkəm, nəcib pəhləvanlar
qatılacaq. Onların adlarını bilməyən uşaqlar utandığından evdən çıxa
bilməyəcək.
- Dünyanın ən proqressiv düşünən beyinləri sayılan azərbaycanlıları
verbovka eləyib öz tərəflərinə çəkib işlətməkçün dünyanın ən səviyyəli
xəfiyyələri çalışacaq. Amma onlar «Yaşamağa da, ölməyə də Vətən yaxşı»
məsəlini eşitməkdən yorulub paxıllıqlarından partlayacaqlar.
- Ədəb ərkan qaydalarını yerli-yerində öyrənməkçün ölkəmizə vaxtaşırı
ekspidisiyalar təşkil ediləcək. Yığılan məlumatlar daş kitabələrə yazılıb
gələcək nəsillərçün örnək olaraq qorunacaq.
- Ən rahat yollar, komfortlu yaşayış, üzügülər insanlar, təmənnasız
xidmət, bolluq, firavanlıq – hamısı burda olacaq.
...
Nəsə eşitmirəm?! Dilinizin ucundakı «ola bilməz»i səsləndirin də...
Fantaziyalar şirin gəldi sizə də?! «Ola bilər!» də deyə bilərsiz. Amma
deyəsən siz də mənim kimi qarnını tutub hırıldayanlardan çəkinirsiz?