Ürək
və ağıl
Yenə də əbədi mövzuda
İnsanların çıx toplaşdığı yerlərdə həmişə bu mövzuda düşüncələrə dalırsan.
Tünlük, səs-küy, kişilər və qadınlar emosiyaların başını köhlən at kimi
açıb buraxıb. Yeyirlər, içirlər və oynamaq istəyirlər. El arasındabuna
toy da deyirlər. Yemək və oynamaq ekstazından sonrakı mərhələdə əksəriyyəti
gündəlik həyatda yaxına buraxmadığı fikirləri beyninə gətirir. Yəni
ki, bir az fəlsəfi düşüncələrə dalır. Xüsusilə həzin musiqi olarsa.
Nəsil artırmaq institkti yerdə qalan instinklərini üstələyənlərin bu
barədə düşünməyə imkanı olmur. Bu sehrli məqamı buraxırlar. Neyləyə
bilərik, fiziki bədənimiz kamil deyil, iki orqanını birdən işlədə bilmir.
Keçmişdə toyxanalarda qadın və kişilərin məclisini ayrı keçirənlər yəqin
ki, məhz bu məqamı nəzərdə tutub bir fövqəladə tədbir kimi mağarları
ayrı qururdular. İndi guya ki, sivil cəmiyyətdəyik, biz artıq başqasının
arvadıyla, qonşunun göyçək kişisiylə bir süfrədə oturub arzularımıza
tam hakim kəsilərək birlikdə əylənə bilirik. Bilirikmi? Bu ayrıca köşə
mövzusudur. Amma hər məclisin gözü toyun oğlan və qızlarıdır. Cəmiyyətdə
cavan oğlan və qızlar özünü kosfortlu hiss etməlidi, yoxsa onun adına
cəmiyyət deməzlər. Bəzən bu bucaq altından baxanda qızlar insan ürəyinin
arzu, səy, təşəbbüsünün obrazlı ifadəsi kimi görünür. Elə həmin bucaq
altından baxanda oğlanlar insan ağlının obrazlı ifadəsinə oxşayır. Ağıl
da ki, ürəklə heç vaxt yola getmir, amma gözündən də qırağa buraxmır.
(Köşənin innən belə qalan hissəsində ağıl sözünü oğlan, ürək, rüh sözünü
qızla əvəz edəndə prinsipial fərq eləmir).
Ağıl hər tinbaşı ürəyə xəyaanət edir. Ağıl tədbirlidir, özünü təmizə
çıxarmağı çox yaxşı bacarır. Onun elə bil ki, funksiyası həmişə haqlı
olmağa köklənib. Bəlkə elə ona görə də haqlı olmayanda da özünü asanlıqla
təmizə çıxarmağa nail olur. Arqumentlər, faktlar, olanların şərhi və
s. hamısı yerbəyer. Bu mənada ürək ağılsız görünə bilər. Çünki emosiyalarını
ağlından qabağa buraxır. Kəşfiyyata gedən döyüşçü özündən əvvəl itləri
buraxdığı kimi. Sonra dilsiz-ağızsıs köməkçilər gəlib vəziyyəti «danışırlar».
Ürək bax belə təsvirəgəlməz faktlar, diləgəlməz aksiomlarla işləyir.
Ağıl bütün qanunları xatırlayır. Kanonları, qaydaları, şərtləri bir-bir
sadalaya bilər. Çünki qanunları yazan elə özüdü. Öz qanunlarını cəmiyyət
yeritdiyini isə dünyasında boynuna almaz. Qoy hamı buna ağıllı qanunlar
desin. Ürəyin isə vecinə deyil ki, qanun ağıllıdır, yoxsa necə. Heç
bir ağıllı çərçivəyə sığmaq istəmir. O heç qoxmur ki, onu divanə adlandırarlar.
Onsuz da əsrlərdir ki, divanə ürək deyirlər, divanə ağıl deyən yoxdu.
Ürəyin qanunla işi yoxdu. Bəlkə də qanunu tanımaq istəmir.
Ağıl əbədi yaşamaq fikrindədir. Çünki maddi dünyadan qıraqda o yoxdur.
Ürəksə ruh mənasında götürsək əbədidir, ona görə də ölümdən qorxmur.
Bəlkə də həmin səbəbdən hisslərinə qapılanlar, ürəyinin səsini dinləyənlər
fani düynadana ikiəlli yapışmırlar. Ürək qurban verməyi bacarır və itaətkardır.
Bəlkə ona görə kənardan fağır-füqarəyə bənzəyir, başıaşağı görünür.
Amma ağıl buna axmaqlıq deyir. Ürək tədbirlidir, hətta ağıllıdar. Amma
ağıl bunu qəbul etmir. Çünki ağıl ürəkdən axmaq görünməkdən çox qorxur.
Bu ağılın ən zəif yeridir. Ona görə də biz ürəyin qulağımıza pıçıldadıqlarını
qurban veririk, ağılınkını yox. Ağılın mövqesini üstün bilirik, ürəyin
yox. Bununla da öz-özümüzə xəyanət edirik. Bir kəs bunu üzümüzə çırpsa
qəzəbdən çığırıb lap gözünü ovarıq.
Ağıl uydurduğu cənnətdə yaşayır. Ürək isə cəhənnəmin əzabına məhkümdür.
Ağıl ürəyin sözünə baxanda xeyir tapır. Ürək ağıla qulaq verəndə dara
düşür. Amma nə ağıl, nə də ürək təklikdə yaşaya bilmir. Mütləq onların
vəhdəti lazımdı. Vəhdəti və harmoniası. İlk abzasda adını çəkdiyim sehr
məqam da ondadır ki, toy günü əslində ağıl və ürəyin birləşən günü olmalıdı.
Qıraqdan bu səhnələri ayıq başla müşahidə edənlər üçün bu həqiqətən
sehr kimi görünür. Qulaqbatıran muisqi, pis qulluq, hətta hırıldaşan
acgöz, nadan insanlar da bu sehrin qarşısında acizdirlər…