Pul
qutusu
Yaxud müasir novruzəlilərin günü bankomatda necə keçir?
Bu köşə ayın ilk dekadasında yazıla bilərdi. Çünki Bakı əhli bilir ki,
paytaxt sakinlərinin maaş və təqaüdlərini kart sisteminə keçirəndən
sonra ayın əvvəli bankomatlarda nələr baş verir. Pul kösürülməyə bəndmiş
millət bankomatı əsarətə alır, onun var-yoxunu çıxarıb, əlbəttə ki,
kart vasitəsilə boşaldan kimi əl çəkirlər. Ayın qalan günləri bankomatlar
Bakı iqliminin özəllikləri, külək və günəşilə başbaşa boş dayanıb növbəti
həmləyə hazırlaşır.
Bankomatlar camaatı, camaat isə bankomatları incidən zaman nələr səslənmir,
İlahi! Bura pul qoyan bank işçisindən tutmuş bu bankomatı çıxaranın,
gətirib bura yerləşdirənin, sonra milləti bankomata möhtac qoyanın atabatasını
bolluca söyürlər. Amma deyən lazım, söyməyin. Bankomat aparatını kəşf
edən adam artıq ölüb, yazığın heç ili də hələ çıxmayıb. Keçən ilin mayın
25-də dünya bankomat sisteminin «atası» əslən şotlandiyalı Con Şepard-Barron
ömrünün 85-ci ilində rəhmətə gedib.
Ehtimal etmək olar ki, bankomatın kəşfçisi arzusunu reallaşdırandan
sonra razılıq hissiylə yaratdığının yanında dayanıb bir şəkil də çəkdirib.
Sonra bu şəkil bütün qəzetlərin ilk səhifələrini bəzəyib, bəlkə də nömrənin
manşetinə çıxıb. Bu, hələ keçən əsrin 67-ci ilində baş vermişdi. Deyirlər
ki, bu ideya onun ağlına vannada uzanan zaman gəlib. Bankomatın yaranmasıyla
bağlı gəzən əfsanələrdən birində deyilir ki, guya onun yaradıcısı pulunu
çıxarmaq üçün ha çalışıbsa növbənin uzunluğundan banka yaxın düşə bilməyib.
O günü bütün bank sistemini və onun işçilərini lap bizim kimi 7 qatından
söyüb kor-peşman evə qayıdıb. Nədənsə «Şeytana min lənət!» deyib unuda
bilməyib bu günü. Sonra hirsini kir-pasıyla birgə yumaq üçün isti vannaya
girəndə (lap Arximed kimi) dahiyanə fikir beyninə hakim kəsilib (amma
nədənsə «Evrika!» çığırmayıb). «Mən anladım ki, İngiltərənin hər hansı
yerində, ya da dünyanın hər hansı nöqtəsində olanda bankdan pul çıxarmaq
mümkündü. Ən əvvəl yadıma şokolad satan avtomatlar düşdü və mən şokoladı
pulla əvəz etmək qərarına gəldim» deyən kəşfçi ideyasını əvvəl «Banklayz»
bankına təklif edir və onlarla müqavilə bağlayır. İlk bankomat London
küçələrində görünəndə bayırda 1967-ci ilin 27 iyunu idi. Əvvəllər öyrəşdiyimiş
plastik kartlar hələ yox idi. Pulu xüsusi çek vasitəsilə çıxarmaq olurdu.
Fırıldaqçılardan qorunmaq üçün Şepard-Barron pin-kod prinsipini kəşf
edir. Pin kodun 6 rəqəmli olacağını düşünərkən arvadı onu inandırır
ki, insan cəmi 4 rəqəmi rahat yadda saxlaya bilər. Allah razı olsun
bu qadından, yoxsa 6 rəqəmin əlində indi avara qalmışdıq, hələ də. Deyirlər
ki, indi dünyada 2-3 milyon «avtomatik kassir» durmadan işləyir. Onun
kəşfçisi buna görə Britaniya İmperiyasının zabiti ordeni ilə təltif
edilib.
Bu bilikləri bankomatda növbədə duran adamlarla bölüşəsi olsam inanmıram
ki, onun ünvanına səslənən söyüşlərin qədəri azalar. Bəlkə də kişi savab
iş gördüyündən xristianların cənnətinə namizədmiş. Biz bir ucdan söyüb
onu layiqli yerinə keçməyə qoymuruq. (Bu yerində bilmirəm ki, haşiyəyə
çıxıb keçən əsrin 60-cı illərində Bakıda olan su qıtlığı barədə yazım,
yoxsa diqqəti bankomatların qarşısındakı həngamələrdən qoparmayım. Ola
bilərdi ki, o vaxtlar Bakıda camaat çimmək üçün bankomat kəşfçisi kimi
vannada şellənmək əvəzinə vedrələrlə su daşımalı olmasaydı bu fikir
elə bizimkilərin ağlına gələrdi və kimsə isti vannada uzanıb sonra Azərbaycanın
şərəf ordenindən-zaddan almışdı yəqin. Öz kəşfimiz olsaydı bəlkə də
onu nisbətən az söyərdik. Amma bankomat qarşısındakı baş verənlər güc
gəlir və dramatik hadisələr meydanına qayıtmalı oluram).
Bankomat qarşısında hamı özünü bədbəxt hiss edir. Təqaüdçüyə elə gəlir
ki, onu təhqir edirlər. Axı onun dəmir kassirlə danışacağı sözü yoxdu.
Bəs iradını kimə desin, təqaüdün azlığından kimə şikayət etsin? Hələ
Zamanın dalıyca da danışmağı gəlir, sözü içində qalıb. Hərdən adama
elə gəlir ki, bütün bankomatlar pul içində zığ vursa da burdan təqaüdünü
çıxaran qoca narazı qalacaq. Çünki onun narazılığı təkcə dəmir qutudan
deyil. Burda hamıya elə gəlir ki, bu ürəksiz dəmir qutu onun bütün hüquqlarını
tapdalayıb. Cavan da, qoca da, uşaq da narazıdı. «Poçt qutusu»ndakı
Novruzəli kimi hamıya elə gəlir ki, bu qutuya saldığı məktubun yerinə
gedib çıxmasında mütləq rolu olacaq, ya da dövlətin ona olan bütün borclarını
elə bu bankomat ödəyəcək. Sonunda isə məşhur hekayədəki kimi elə onun
özünü döyürlər. Pulu azdı, bir yana, arabir yerli şəraitə uyğunlaşan
dəmir kassirlər kiminsə maaşını, təqaüdünü «kəsir», əvəzində çek uzadıb
hələ bir bankdan istifadə etdiyin üçün minnətdarlıq da edir. 2 saat
növbədə durub bir aylıq maaşını çıxarmağa ümidli, sonunda əliboş qalan
adama «Rabitədə qüsurlar var» cümləsi heç nəyi izah etmir. Molla Nəsrəddin»
jurnalının manifesti sayılan «Poçt qutusu» hekayəsinin yaranmasından
az qala 100 il keçir. Biz hələ də nə dəmir qutulara etibar etməyi, nə
də lazımi yerindən haqqımızı tələb etməyi öyrənə bilmişik…
…Ay bala, o aparatdan bir soruş təşaüdümüzü nə vaxt verəcəklər?...