Şərəfə!..

Sağlıq deməyi heç vaxt bacarmamışam. Ümumiyyətlə danışmaqnan aram yoxdu, yazmaq asandı. Amma tost deyənlərə, sinədəftər adamlara həmişə həsədlə baxmışam. Heç bilmirəm də ki, bu tost deməyi kim uydurub. Kimdisə çox istedadlı adammış. Oturub öz ağırlığında yeməyi yeyib bir o qədər də spirtli içmək mərasiminə necə də gözəl tərtibat veriblər. Hətta dili açılanların nə deyəcəyi də o qədər önəmli deyil. Hə, bir şərt də var axı. Gərək süfrə arxasındakıların hamısının «qradus»u yuxarı olsun. Yoxsa deyilənləri anlamazlar.
Çətini ilk badəni qaldırmaqdı. Özü də biləsən ki, süfrə arxasındakılar bu məsələlərdə saç ağardıb. Sizi deyirəm e, oxucularım. Bilirəm aranızda içəni də var, dilini içkiyə vurmayanı da. Amma bir süfrə arxasındayıq, vallah. Bunu ki, dana bilmərik. Aranı isitməkçünsə danışmaq lazımdı, sükutu pozmaq. İlk söz mənə düşmüş kimi, deyim ki, ümumilikdə içimizdə oturuşmuş adətlərə bir incə nostalji qarışıq duyğular hiss eləyirəm. Sovet quruluşunu dağıdanda elə də böyük deyildim, amma xatirimdə şirin kadrlar ilişib qalıb. O vaxtlar ucadan musiqi vermək normal sayılırdı. Düzdü ruporlarda o qədər axmaq söz də deyiblər camaata. «Var olsun Kommunist partiyası! Ura!» tipli çağırışlar. Amma mənim səs yaddaşımda ucadan verilən musiqilər qalıb. Təsəvvür eləyin, əyalətdən, məsələn, Gədəbəydən, ya da Masallıdan birisi qoltuğuna qaşqaldağ ləvəngisi, bir banka duzlu xiyar vurub (Ehtimal eləmək olar ki, onların arasında bir bağlama qəzet də var. Nəyisə səriməkçün ha, oxumaqçün yox) ölkənin paytaxtına gəlir. O, sübhtezdən, hələ gecənin şehi havadan çəkilməmiş qatardan düşən, ayağının altı asfaltı duyan kimi çıxıb naməlum istiqamətdə yürüməyə tələsmir. Perronda dayanab bir qullam siqaret çəkir, yol boyu cır səsiylə beynini deşən qatar bələdçisini tərs-tərs süzüb bir udum hava da almaq istəyərkən birdən radioxəttin dinamikləri guruldamağa başlayır. O vaxtlar Flora Kərimovanın səsini ucadan vermək qadağan deyildi. Hazırki rejimdən razı olanlar bu yerində Yalçın Rzazadənin səsini canlandıra da bilərlər. Onlar hər ikisi bu mahnını gözəl oxuyurdu: «Bakı, sabahın xeyir». Mənim indiyədək «Günəş qalxır Xəzərdən» oxunan yerində tüklərim biz-biz olur. İndi mənə deyin görüm, ayağını indicə asfalta qoymuş bu adam Bakını innən belə sevməzmi?
Deyərsiz ki, bütün avtovağzallarda, qatarlarda da indi ucadan musiqi səslənir. Meyxana, rep, bozbaş qoxulu mahnılar… Hamı da narazıdı. Elə bilməyin ki, indi şəhərə gələnləri vağzalda Röyanın, Aygünün, istəsəz lap hələ də oxuyan Flora xanımın səsiylə qarşılasaq musiqi səslənən kimi hamının tükləri biz-biz duracaq. İstəsəz lap rok-n-rol qoyaq, cavanlar qarışıq qocalar da dingildəsin. Səslənənləri bəyənən də tapılar, ağız büzən də, amma emosiya doğurmaz. Aha, niyə? Ənənəyə çevrilməyib, ona görə. Məsələn, tost demək kimi xalqın canına girməyib. Ya da əl çalmaq, alqışlamaq adəti kimi.
Bu günlərdə Vısotskinin bir mahnısını dinləyirdim. O, mahnıdan əvvəl dinləyicidən xahiş elədi ki, «Əgər görsəz ki, dözə bilmirsiz, onda alqışlayın. Amma əllərinizi dinc saxlaya bilsəz onda mən daha çox oxuya bilərəm». Biz isə əllərimizi dinc saxlamağı heç bacarmırıq. Hətta deyilənə görə keçmiş sovet respublikalarından çıxan sərnişinlər indiyədək pilot təyyarəni yerə uğurla endirəndə alqışlamaq adətini unutmayıblar. Salonda olan xaricilər buna qəribəlik kimi baxır, ağız büzürlər. Yəqin onların fikrincə pilot təyyarəni yerə endirməyi bacarmalıdı, bu onun işidi. Biz hələ də konsertdə hissələrin arasında əl çalırıq. Dirijor nə qədər ağız büzsə də, əl saxlayıb orkestri gözləməyə məcbur eləsə də biz emosiyalarımızı ram eləyə bilmirik. Şappıldadırıq, əllərimizin içi qızaranacan. Guya bilmirik ki, böyük, 3-4 hissəli əsərlərdə bölmələr arasında əl çalmazlar. Hələ uzun nitqlərdən sonra razılıqla çalınan alqışlardan danışmıram… Onlar daha uzun olur.
Unudulan adətlərimizdən birini də yada salım. Bilik günü məktəbə ayaq basmış uşaqlarımıza heç kim sülhdən danışmır. Qabaqlar, sentyabrın 1-də birinci dərsləri bu mövzuda edirdilər. Bütün məktəblərdə şık geyinmiş və hələ yorulmamış uşaqlara sülhdən danışardılar. Baxışlarında qorxu olan birincilərə, portfelini fantiklə doldurmuş altıncı sinifə, «Yava» siqaretinin tustusuylə qoxuyan onunculara da eyni sözləri deyərdilər. Hamı dinləyirdi və başını yelləyirdi. İndi bu mövzuda danışılmır. Elə bil bizə sülh lazım deyilmiş kimi. Ümumiyyətlə vecsiz sözlərə məna vermək özü çox dahiyənə ideyadır. İndi toylarda da tamadaları yığışdırırlar. Onlar oynayanlara mane olur, deyəsən. Məncə indi tost demək də dəb deyil. Boğazında ilişib qalmış sözləri çıxarmaqdansa acı içkiylə ötür getsin içəri…

 

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?