Sənətin 
          çoxüzlülüyü
        
          Əsil sənət insanları sevməyə məcbur eləyir. Əslində köşəni bu cümləylə 
          bitirmək daha yaxşı olardı. Amerika kəşf eləmiş kimi forsla son nöqtəni 
          qoyub özündən razı halda kənara çəkilərək klaviaturanın təpəsinə qapaz 
          vurmaqdan əl çəkirsən. Sonra yazını göndərməyə bəndmiş növbəti yazının 
          konturlarını cızırsan. Bu, əslində səndən fikir gözləyən oxucunu və 
          ən vacibi özünü aldatmaq kimi bir şeydi. Bəyəm bilmirik ki, bütün sənət 
          nümunələri sevgidən yaranır? Bu fikirlə mübahisə eləməyə kimin cürəti 
          çatar? Neçə əsrdi bəşəriyyət bunu deyib durur. Amma ən lehinə, nə də 
          əleyhinə bir qərar çıxara bilmir. 
          İnformasiya okeanında «üzərək» sənət, mədəniyyət barədə məlumat axtarmaq 
          ot tayasında iynə axtarmaq qələr çətin məşğələ olsa da bəzən əl-ayağına 
          nəsə batır və sən tapdığından sevinmək, «evrika» çığırmaq əvəzinə «oy» 
          deyib barmağını dişləyirsən. Məsələn, oxuyub agah olursan ki, Rusiyanın 
          cənubunda Jeleznovodskda imaləyə abidə qoyulub. Əksəriyyətinin heç düşünmək 
          belə istəmədiyi bu predmeti el arasında «klizma» adlandırırlar. «Maşuk 
          Akva –term» adlı sanatoriyada qoyulmuş 800 funt ağırlığında olan bu 
          kolbanı üç buruqsaç mələk saxlayır. Bu azmış kimi sanatoriyanın dilektoru 
          hadisəni şərh eləyərək «İmalə bizim reqionun simvoludur» deyir. İntibah 
          dövrünün üslubunda canlandırılmış abidə 42 min dollara başa gəlib. İndi 
          hadisəni sənətdə yenilik kimi şərh eləsək sonunda mütləq sevgi olmalıdı. 
          Yoxsa yazının əvvəli sonuyla uyğunlaşmaz. Diqqətli oxucu da bunu mənə 
          bağışlamaz.
          Əsil sənət oriyentirlər yaradır. Yəni azmış insanlara yol göstərək mayak, 
          istiqaməti itirmək istəməyənlərə göstərici kimidir. Amma nədənsə bu 
          yolda azanlar, bir qırağa çıxmış, özünə cığır tapmışlardan daha çox 
          olur. Sonra da deyirlər ki, sənətçilərin ayağı sürüşkən olur. Hamının 
          getdiyi cığırda darısqallıq olanda özünü qorumaqçün çıxmalısan, yoxsa 
          tapdaq altında qalarsan.
          Əsil sənət ritm verir. Bu ritm mütləq sənin daxili ritmindən ciddi şəkildə 
          fərqlənməlidi. Yoxsa hərəkət olmaz, durğunluqdan ürəyin partlar. Amma 
          tədqiqatçılar deyir ki, ritm dağıdıcıdır. Hətta məşhur muzeylərin ətrafında 
          rok konsertləri verilməsinə qarşı etiraz eləyən bir dəstə alimlər də 
          var. Onların fikricə, (bu fikir isə tədqiqatları söykənib) rokun dağıdıcı 
          ritmi muzeylərin içindəki tabloları qocaldır. 82 ditsebal gücündə olan 
          hər 10 konsert lövhənin yaşına bir il əlavə eləyir. Ona görə də «Rollinq 
          Stones» qrupu Moskvada Saray meydanında konsert verəndə Sezann və Matiss 
          kimi sənətkarların rəsmlərini qorumaqçün qrupdan kalonkaların səsini 
          azaltmaq xahiş edilmişdi. Axı hələ 2004-cü ildə həmin medanda Pol Makkartni 
          konsert verəndə binanın malası çartlamış və bəzi yerlərdə tökülmüşdü. 
          Xaricdə qədim malikanələri xilas etmək məqsədilə rok musiqiçilərin konsertlərini 
          burada təşkil edirlər. Onlar müasir ritmlərin dağıdıcı olduğunu heç 
          eyninə də almır. Onlar sənətdən aldıqları yeni ritmləri daha qiymətli 
          sayır.
          Əsil sənət heç kimi xilas eləmir. Bu axmaq iddiadır. Yaxşı musiqi hərəkət 
          eləməyə təkan verə bilər. Daha doğrusu verməlidi də. Sənət heç kimi 
          reallıqdan uzaqlaşdırmır. Yeni cərəyanlar əmələ gəlir, bir-birini təkzib 
          eləyir. Disko texnonu sıxışdırır, rok gəlib hamısının üstündən xətt 
          çəkir. Amma bir nəfəri də tənhalıqdan qurtara bilmir. «Günəşin övladları» 
          adlandırılan rok cərəyanı da «uçub, uçub» axırı narkomaniyaya yuvarlandı. 
          Bilməmiş olmazsız, Bakıda uşaqlarımız indi «N.O.S.T» qrupunu dinləyir. 
          Ağlını itirir, evdən qaçır, ata-analarının üzünə ağ olur, «Biz sizə 
          göstərərik» deyib hədələyir, dodaqlarını qara rəngə boyayır, kəllə və 
          ölüm simvollarını üstündə gəzdirir. Təzəcə ağardılmaş divarlarımızı 
          indi «Host» sözü bəzəyir. Amma insan tənhalığı bir damcı da azalmayıb. 
          
          Əsil sənət səmimi olmalıdı. Amma sənətdə səmimiyyət yuxu dərmanı kimidir. 
          Az miqdarda kömək eləyir, çox olsa öldürür. Ayın gümüşü işartısını gümüşü 
          qızılı hadqada heç vaxt görməyənlar anlamaz. Onda bilərdilər ki, gümüş 
          Ay işığını xatırladır. Eləcə də maddi həyat dünyanın poetik qavranmasını 
          müəyyən eəlyir. Həyatın ağırlığından əyilmiş kürəklər heç vaxt ruhun 
          uçuşunu anlamaz. Uçmaq fikriniz varsa çiyinlərinizdən günahları və bütün 
          ağırlıqları tullayın.