Sevgi
müntəxəbatı
Sevgi
xəyal, təxəyyülün ağıl üzərində qələbəsidi
Bernar Verber
Bilmirəm niyə
İvan Pavlov təkidlə deyirdi ki, reflekslər insanın həyat enerjisini
istənilən məcraya yönəldən əsas formadır. Elə bil ki, alim reflekslərdən
başqa təkan verən qüvvə tanımırdı. Bəlkə oralarda günəş az-az qızışdırır,
bəlkə alimin sevməyə adamı yoxuydu, amma bilirəm ki, bu dünyada nə yaranırsa
ora heç olmasa bir çimdik sevgi qatılmasa o mənasız və insanlara lazımsız
bir şeyə çevrilir. İndi yaranan əsərlərin əksəriyyəti kimi müəllifdən
başqa heç kimə gərək olmur.
Odu ki, sevgi axtarışında sağıma, soluma boylanıram. Hamı tələsir, harasa
qaçır, yaman məşğuldu. Amma bilirəm ki, məsələn bax o yöndəmsiz cavan
balağı yernən sürünən şalvarının dal cibində çoxdan cızmalayıb, sonra
əzib cibinə qoyduğu kağızda yazılmış bir bənd şeirdə böyük bir sevgi
hekəyəti gizlədir. İnanmırsız? Onda ciblərinizdə, yaddaşınızda, eyvana
tulladığınız xatirə dəftərlərində, rəngi qaçmış qovluqlarınızda axtarın.
Əgər bu axtarışın sonunda əlinizə heç olmasa bir qırıq xatirə, yaddaşınızdan
kiçicik bir sevgi üzə çıxmasa tələsik həkimə getməlisiz. Sizi bəlkə
kimya xilas elədi.
Gəlin incəsənət tarixini sevgi müntəxabatı kimi vərəqləyək. Sevgi əlbəttə
ki, Pavlov demiş refleks deyil. Fiziologiya da deyil. Sevgi haldır -
yaradan, yaşadan, yoluxucu, məcradan çıxaran və relsə salan, bəşəriyyət
tarixini yazan bir hal. Onun dilini bilmək, tərcümədən çevirmədən azad
şəkildə oxumaq lazımdı. Məsələn, Fikrət Əmirovun 3 simfonik muğamlardan
sonuncusu «Gülüstani Bayatı Şiraz»ında gözəlliyi təsvirə gəlməz bir
parça var. İnsan səsi qəmli, son dərəcə intim, bir vokaliz (yəni sözsüz)
melodiya oxumalıdı. Adətən orkestrlərdə bu partiyanı valtornalara həvalə
eləyirlər. Bu melodiya gəlin göçürülən vaxtı çalınan «Vağzalı»nın qəmgin,
yazıq, nakam bir variantıdır. Belə bir transformasiya Əmirovun «Nizami»
simfoniyasında da var. Yenə də «Vağzalı» şikayət eləyir, zarıyır, inildəyir.
Elə bil ki, ürəkdə gəzdirilmiş qaysaqlı, yaralı bir sevgini basdırır.
Uşaqlıqdan içimi didən bu suala cavabı mən Mirvari Dilbazinin müsahibəsində
tapdım. Sən demə onlar Fikrət Əmirovla nişanlı imiş. Amma toya az qalmış
Gövdət Hacıyev (həm də Fikrət Əmirovun dostu) Mirvari xanımı götürüb
birbaş ZAQS-a qaçırıbmış.
Məşhur vokalçı Şalyapinin gündəliklərinə nəzər salsaq görərik ki, o
ömrünü qadınlara bəyəndirməyə həsr eləyib. Biz də deyirik ki, axı niyə
o, bu qədər yanıqlı, bu qədər gözəl, ürəyə yatımlı oxuyur? Sualın sadə
cavabı vardı: sevgilisinə özünü bəyəndirməkçün bütün dünyanın qadınlarının
ürəyini almaq. Rübaba Muradovanın da səsindəki yanğını o vaxtlar Vətən
yağısı kimi qələmə verirdilər. Bilmirəm niyə heç kim dilinə almırdı
ki, o, Əbülfət Əliyevi nakam, cavabsız sevgiylə sevirdi. Guya bununla
onun pərəstişkarları azalacaqmış?
Rus tarixində Fyodor İvanoviç Tütçev adlı şair və diplomat vardı. Onun
şerləri arasında bir silsilə unikaldı və qalanlarından çox fərqlənir.
Bu silsilə Yelena Danisyevaya həsr edilib. Hamının fikricə onlar bir-birinə
yaraşmırdı, Yelena Tütçevin az qala qızı yaşındaydı. O dövrün sözləriylə
desək «qanunsuz» münasibətlərdən dünyada 3 uşaqla birgə «Danisyev silsiləsi»
adlı şerlər məcmuəsi də qaldı. Qürub yaşını yaşayan şairin sevgisi hələ
də cavandı. İndi Mikayıl Müşfiqin «Dilbərnamə»sini necə xatırlamayaq?
Dilbərin sonradan ərə getməsini ona bağışlamayanlar indiyədən bu divanın
adının çəkməyi sevmir. Bu yerində Oskar Uayldı xatırlamalı olacağıq:
«Kişiləri analiz eləmək olur. Amma qadınları qınamaq olmaz, onlara yalnız
heyran olmaq olar».
«Dilbərnamə»dən sonra mütləq «Ala gözlüm, səndən ayrı gecələr» (Rəsul
Rza və Nicar Rəfibəyli sevgisinin yadigarı) mahnısını oxumalıyıq ki,
vəfasız və nakam sevgilər topalanan tərəzinin gözü ağır gəlməsin. Sonuncu
dəfə qadının sevgidən ölməsini nə vaxt görmüsüz? Bəlkə əfsanələrdə,
saqalarda? Rejissor Federiko Fellini və aktrisa Cülyetta Mazininin sevgisini
müasir əfsanələrdən sayırlar. Dostları deyirdi ki, Fellininin ölmündən
sonra Cülyetta heç danışmırdı: «Fellinisiz mən yoxam». Amma «Kabiriyanın
gecələri» filmi ki, qalır. Pikassonun özündən 3 dəfə kiçik sevgilisi
Jaklin «monsinyor» adlandırdığı rəssamdan sonra ardını yaşaya bilmədi.
Enşteynin sonuncu məhəbbəti Marqarita Konenkova sevgilisinin ölümündən
sonra otağından çıxmayaraq yeməməzlikdən ölmüşdü. Həyata marağını itirən
qadının cəmi bir mücrüsü (qalan əşyaları oğurlamışdılar) qalmışdı. Onun
içində onların Almarından (yəni Albert və Marqarita sözünün ilk hecaları)
bir məktub salamat qalmışdı.
Bu dünyanın qaydasını biz qoymuruq. Amma bilməliyik ki, yaranan hər
bir şey sevgidən yaranır. Nə qədər ssenarilər hələ ekrana gəlməyib.
Nə qədər kitablar yazılası, nə qədər də lövhələr çəkiləsidi. Haydı gedək,
işimiz çoxdu…