Sevginin
formulu
«Yalnız
sevən adamın insan adlanmaq ixtiyarı var»
Blok
İvan Pavlov bir alim olaraq hesab edirdi ki, məqsədin refleksi insan
enerjisinin əsas həyat formalarından biridir. Bəli, itlərin qabağına
yemək qoyub ağız suyunu tədqiq eləyən həmin o alim belə hesab edirdi.
Sevgi əlbəttə ki, məqsəd deyil ki, refleksini ölçək-biçək. Əslində sevgi
heç fiziologiya da deyil ki, alimin dediklərinə qulaq verək. Sevgi ruhi
vəziyyətdir, ürəyə daha çox dəxli var. Amma içindəki həyat enerjisinin
dərəcəsinə bax! Dünyanın bütün çevrilişlərinin, müharibələrinin, əhvalatlarının
başında dura bilir...
Bilirsizmi, adi qadından qeyri-adi qadın yaratmaqçün cəmi bir detal
lazımdı: onu sevmək kifayətdir ki, həyatının ağ-qara dilləri rənglənsin.
İnanmırsız? Bəlkə təcrübədən keçirəsiz? Əlbəttə, siz artıq bunun dadını
çox yaxşı bilirsiz. Odur ki, əzizi oxucum, sevgiyə inanmayanların dediklərini
dinləmə. Nifrətdən usanmış ürək heç vaxt sevə bilməz axı! Sən dünyanı
heyrətləndirməkçün yaranmamısan, ey insan! Sən ömrünü elə yaşamalısan
ki, xoşbəxtliyin tamını dadasan. Xoşbəxtlik və sevginin qapılarıysa
heç kimçün bağlı deyil. Sədəcə bəziləri bu qapının hansı tərəfə açıldığını
hələ yaxşı bilmirlər. Sən ki, dünyaya öz seçimiylə yaşamağa imkan verirsən.
Bəs niyə öz seçiminlə yaşaya bilmirsən axı?
Olarmı, oxucum, sənə «sən» deyə müraciət edim. Belə söhbətdə rəsmilik
heç yerinə düşmür. Bu kiçik köşəni oxumağa səbrin çatmasa heç incimərəm.
Köşəni yazmağa məni sevgi yox, qorxu məcbur elədi. Qorxdum ki, sevgidən
yazılanlara uyub əllərin yanına düşər, ümidini itirərsən. Onda sevginin
gözəlliyini heç vaxt görə bilməzsən.
Oxucum, əgər dərddən və qüssədən göz yaşı axıtmamısansa, itirdiyin insanın
ardınca qəzəbindən zəncir çeynəyib qızmamısansa, demək hələ sevməmisən.
Sevgi sevinc deyil, sadəcə bu sözlər hər ikisi eyni hərflə başlayır.
Bütün dünyanın dərdini çiyninə şələməmisənsə deməli hər şey hələ də
irəlidədi.
Sevgi çeynənmiş, əzilmiş və heç vaxt da tüpürülmüş ola bilməz. Çünki
bu iki nəfərin arasında olan hiss deyil. Bu sənin qəlbinin səsidir!
Bu sənin dünya görüşündür! Bu sənin o dünyadan gələn hədiyyəndir, ey
insan! Nə vaxtacan sevgini başqalarının ürəklərində axtaracaqsan? Tapmayanda
bunu əlində bayraq eləyib bütün dünyadan qisas alacaqsan? Qəlbinin nifrətini
bir az azalda bilsəydin bəlkə orda sevgiyə də yer tapılardı.
İnsanın sevgi obyekti özü ola bilməz. Bu xəstəlikdi, ondan sağalmaq
lazımdı. Nə vaxtacan özünü sevəcəksən, bezmədinmi? Öz sevgilin olmaqdan
absurd nə olar ki? Özünə inanmalısan ki, başqasını sevə biləsən. Sevginin
əvəzində heç nə qazanmayacağını bəyəm indi eşidirsən?
Ola bilər ki, heç vaxt sevməmisən. Bu da sənin taleyindi, qəbul elə.
Bəlkə kiminsə özünü (saçının rəngini, gözlərini, boy-buxununu), kiminsə
himayədarlığını («evlənəcəkmi?», «arxamda duracaqmı?», «tək qoyarmı
görən?»), kiminsə varidatını («kimlərdəndi?», «əsilli-nəsillidir») arzulamısan.
Sevginin əvəzində yanındakını öz qulun kimi görmək istəmisən. Ürəyində
axtaracaqlarını onun gözlərində tapmaq istəmisən. Vətəni də ona görə
sevmisən ki, onun çoxlu münbit torpaqları, 9 iqlim qurşağı, bir eşelon
şair, yazıçı, musiqiçisi var. Sən də bu torpaqda yaşayıb uşaqlarının
qarşısında Vətəninlə fəxr eləmək istəmisən. Hünərin var ermənilrin becərdiyi
torpaqları sev! Uşaqlarına da de ki, heç vaxt ayaq basa bilməyəcəyin
torpaqların sevgisindən xoşbəxtsən. Vətənə verdiyin dırnaq ucu boyda
sevginin əvəzində bütün insanların sevgisini ne tələb eləyə bilərsən,
axı? İki-üç nəfərin axmaq söhbətlərini eşitməyə bəndsən ki, ürəyinin
olan-qalan sevgisini silib zibil yeşiyinə tullayırsan. Yəqin ki, doğulmağı
öyrədən kimi sevməyi də öyrətməliydilər sənə...
P.S. Qəribədi,
amma qızdırma içində yatan oğlum arabir diksinib qorxulu yuxularını
gözünün səkisindən tullayan kimi yarıqapalı gözlərini süzüb klaviaturanın
səsiylə onu dəng eləməyimi mənə o dəqiqə bağışlayır. «Mama, mən səni
çox istəyirəm» deyib elə bil arxayınlaşırmış kimi yuxusunun ardını yatır.
Xəstədi deyə onun bu sözü eşitməkdən çox deməyə ehtiyacı var. Görürsüz
də, uşaqlar sevməyi və sevgisini bildirməyi bizdən, böyümüş uşaqlardan
daha yaxşı bilirlər.