Tikanlıqda
rəqs edənlər
Nədənsə rəqs etməyim gəlir. Qaynayan çaynikin «zü» tutub verdiyi ritmdə
qollarımı açıb o yan, bu yana süzərdim. Azərbaycanda kişilər atılıb
düşəndə rəqs edir, qadınlar oynayanda isə süzür deyirlər. Tərpənməyə
yerim-yurdum da var. İki addım o yana, üç addım bu yana – bəsimdi. Toyxanalarda
adambaşına belə meydança olmasa da hamı ortalıqdan çıxmır, oynayır.
Onda mənə nə düşüb, oynamayım. Pəncərəmizdən də heç nə görsənmir. Yəni
qonşularımız «Yazıq, oxuyub yazmaqda havalanıb» deyərək halıma yanmalı
olmayacaq. Əminəm, görən olmaz…
Görsələr nə olar? Bəyəm bilmirlər ki, insanın deməyə sözü olanda oynayar,
hər musiqi səslənəndə yox?! Məsələn yaponlar emosiyalarını rəqslə ifadə
edəndə «baxırlar, ya baxmırlar?» deyib utancaqlıq keçirməzlər. Ən çox
gəzməyi sevən millət kimi yaponlar il boyu pul toplayırlar ki, istirahətlərini
fərqli şəraitdə keçirə bilsinlər. İmkan tapıb başqa ölkəyə səfər edəndə
bizim kimi birinci bazar-dükana qaçmır, mədəniyyət abidələrinə baxmağa
gedirlər. Məsələn, fransız krallarının iqamətgahı olmuş Luvr sarayındakı
rəsm ekspozisiyasını görməmiş ölkədən getməzlər. Normal turistlər kimi
onlar da qrup halında özlərini daha rahat hiss edirlər. Onlar bir-bir
bütün rəsmləri diqqətlə seyr edir və bütün normal turistlər kimi ən
yaxşı tablonun qarşısında ayaq saxlayırlar. Əgər bütün qrupun seçimi
üst-üstə düşübsə, hamı bu tablodan eyni dərəcədə bayılırsa dinməzcənə
pozanı alıb rəqs etməyə başlayırlar. Bu, jestlər, hərəkətlər, mimika
ilə heyranlıq bildirməyin bir üsuludur. Kənardan baxanlara elə gəlir
ki, onlar bu rəqsi birlikdə hazırlayıb. Əslində isə onlar bəlkə də təzəlikcə
tanış olublar. Yaponlar jestin qüdrətini bilirlər. Onlar dahi əsərlərin
qarşısında ləyaqətlə təzim etməyi də bacarırlar. Amma bu mənzərəni kənardan
izləyənlər həmişə gülümsəyir. Rəsm qarşısında rəqs edən insanları başa
düşmək çətin olur. Xüsusilə də sovet zamanında Ermitajda tablo qarşısında
rəqs edən yaponların həmişə problemi olurdu. Cır səsli ekskursiyaçı,
ya da muzey gözətçisi «olmaz!»- deyə çığıraraq hamını ordan qovalayırdı.
İndi gününü sürünməklə keçirən insana necə başa salasan ki, elə bütün
hayatımız özü rəqsdi. Hər səhər eyni vaxtda durub, həmişəki ritmlə işə
gedirsiz. Dünənki hərəkətləri təkrar edərək ola bilər bu gününüzə bir
az da emosiya qatırsız. Yaxud əksinə, problemləri həll etmək əvəzinə
onların üzərindən hüznlə süzüb keçirsiz. Gündə qaytağı atanlar da, ağır-ağır
tərpənənlər də həyatın ritmindən çıxa bilməz. Uzundərə problemlərin
fakstot vurduğu zaman kimsə rəqs etdiyini düşünmür. Amma ritm, temp
və ən vacibi məzmun varsa bu artıq rəqsdir. İnsan bunu şüurlu şəkildə
edir, yoxsa əksinə fərq etməz, bu həyat adlı rəqsdir.
Dindarlar hər gün eyni vaxtda namaza durub ibadət edirlər. Bütün dünyanın
müsəlmanları gündə 3, ya 5 dəfə Allah qarşısında təzim edirlər. Müsəlmanlar
həftənin bir günü cümə namazına hansısa məsciddə toplaşmağı sevir. Hər
bir müsəlman həyatında heç olmasa bir dəfə Kəbə daşının başına dolanmağı
arzulayır. Kənardan baxanda milyonlarla insanın müəyyən rimtdə, eyni
hərəkətləri təkrar etməsi rəqsi xatırlayır. Burada rəqsin məzmunu barədə
sual meydana çıxmır. Ritm var, temp var, məzmun da kı, məlum. Damarlarımızda
axan qan da müəyyən ritmdə tərpəşir, axışır. Hətta qan hüceyrələri də
bəzi məqamlarda bir erə toplaşıb yallı gedir, sonra problemli ərazilərdə
toplaşır. Elə bil ki, onlar dəqiq bilir ki, problemli ərazilərdə rəqs
edənlər çox olur. Qan hüceyrələri lazım olan yerlərə oksigen daşıyıb
eytiyacı ödəyəndən sonra yola düzəlir. Həmən ritmdə, tezlikdə və mütləq
həmən məzmunla rəqsini davam edir. Rəqsdən sonra təngənəfəs hüceyrələr
bura niyə gəldiklərini unutmurlar. Mikroskop altında hüceyrələrin rəqsi
toyxanalarda masqurasını burcudan insanlar qədər eybəcər görünmür. Niyə?
Çünki rimt, temp, amplituda hələ ki, rəqs demək deyil. Rəqsin mütləq
məzmunu olmalıdır. Məzmun olmayanda «Yanıq Kərəmi» də, «Koroğlu» operasından
Uvertüranı, lap Mosartın sonatalarını da oynamaq olar. Müəyyən ritmdə
ayaqlarını yerə döyəcləyirsən, arabir şıllaq atırsan kefin istəsə bir
fırlanıb fors da edirsən, vəssalam.
Dilimizdə oynamaq və rəqs etmək hər ikisi eyni mənanı verir. Amma oynamaq
sözünün kökü «oyun»dur. Yəni uydurulmuş, bilərəkdən məzmun səviyəsinə
qaldırılmış əyləncə. «Həyat bizimlə oynayır» deyirik. Məncə həyat bizim
rəqsimizi gözləyir. Onun verdiyi ritmdə, tezlikdə amma mütləq bizim
seçdiyimiz məzmunda.