Həyat
tıxananda
Bu həftə hamı ölümdən yazdı. Rafiq Tağının ölmündən, fani dünyadan,
şəhərin firavan həyatının sonundan, tıxaclardan… Maşının saatlarla tıxacda
dayanmasını da bir növ ölüm kimi qavramaq olar. Harda həyat dondusa
orda Ölümün hakimiyyəti başlayır.
Böyüklərimiz deyib, Ölüm haqqdır. Ölümü müzakirə etməzlər. O, nə vaxt
istəsə, hara istəsə gəlib istədiyini aparacaq və kimsədən məsləhət almayacaq.
Sözümüzü uzaqbaşı dolayı yolla qatillərə, səhlənkarlara, biganələrə
çatdırarıq. Lap Rafiq Tağının özü kimi. Tıxacda ilişib qalmış qatilini
o qədər səslədi, səhlənkarlıqda qınadı ki, o da gəlib çıxdı.
Hər gün adamlar ölür. Sağ qalanları diksindirir, titrədir, xatırlatma
verir, hürküdür. Amma heç vaxt adiləşmir. Dünyanın ən adi ölümünə də
«adi ölüm» demirlər. O, həmişə qeyri-adidir, təkrarsızdır. Çünki sevdiyin
insanı cəmi bir dəfə basdırırsan. O da kı, qismət olsa. İtkiləri olan,
ya olmayan bütün insanlar bilir ki, ölüm hər yerdə var. Bir gün onun
da qapısını döyəcək.
Kimsə düşünmür ki, ildə 30 min adam piylənmədən ölür. Bunu düşünsəydi
insan bir az az yeyərdi.
Hər il ildırım 10 min adamı vurub özüylə aparır. Bəyəm bu misraları
oxuyanlar bundan sonra yağışlı və ildırımlı havada gəzməyindən qalacaq?
Rul arxasında telefonla danışmaqdan ildə 6 min adam tələf olur. Buna
görə cəriməni min dəfə artırsalar da statistika azalmır ki, azalmır.
Begemotların hücumundan ildə 2900 adam tələf olur. Amma yenə də dünyanın
ən ləng, fağır heyvanını qatil rolunda təsəvvür etmək çətindi.
Təyyarə qəzasında təxmini hesablamalarla 1200 adam ölür. Bu rəqəm də
kimsəni təyyarəyə minməkdən saxlamır.
Vurkanlar püskürəndə 800-dən artıq adamı öldürür.
Seks zamanı hava çatışmazlığından hər il 600 adam dünyasını dəyişir.
Seksi qatil simasında heç təsəvvür etmək olmur. Buna görə kimsə sevgilisinə
«Gəl bu gün yatağımıza qatili soxmayaq» deməz.
Bayramqabağa ucuzlaşma zamanı mağazalarda 550 adam arzusunu əldə etməmiş,
aldığını əyninə keçirməmiş ölür.
Bir tək Amerikada hər il 450 adam çarpayısından yıxılıb ölür. Bəlkə
onlara yerdə yatmsağın ləzzəti barədə məruzə edək?
Vannada sürüşüb yıxılanlardan hər 450-si o dünyaya təp-təmiz, yəni artıq
çimmiş halda gedir.
Ən sakit heyvanlardan saydığımız marallar ildə 130 adamın qatilinə çevrilir.
Rusiyada hər il 10 adamın ölüm kağızında «Başına sırsıra düşməkdən öldü»
yazılır. Bu səbəbdən ölənlərin sağ şalmış qohumlarından şəhər meriyasını
məhkəməyə verib zərərin milyonlarla ödəməsini alanlar da var.
Hər il 70 uşaq isti hot-doqu yeməkdən vəfat edir.
Tornado hot-doqdan rəhimlidir, o, orta hesabla cəmi 60 nəfəri aparır.
Meduzalar da qatillik edir, hər il 30 adamı öldürür.
İtlər də eləcə, bir tək Amerikada hər il 30 adamı gəmirib öldürürlər.
Allahın ən sakit heyvanı, qarışqalar da ülgüc kimi dişləri olan itlər
qədər, yəni ildə 30 nəfəri öldürür.
Hər il Amerikada Ali məktəbin amerika futbolu oyunu zamanı 20 yeniyetmə
həyatıyla vidalaşır.
Dinməzcənə bir küncdə dayanıb düyməsini basmasan susan yemək avtomatları
da ilə heç olmasa 13 adam öldürür.
Əyləncə zamanı, karuseldə fırlananda, gülüş içində ölənlər də var. Sürətli
sürüşkənlərdə sevinc içində heç olmasa 6 adam o dünyaya gülə-gülə gedir.
Qatil adı almış akulalar isə ölüm siyahısının lap aşağı mərtəbəsindədir.
Onlar orta hesabla ilə cəmi 5 adamın dadına baxa bilirlər.
Alt paltarınnı yanmasından ölənlərdən, ya da nərdivandan düşüb canını
tapşıranlardan yazmaq artıq maraqlı görünmür. Artıq ilə 35 min (bu günə
orta hesabla 95 adam eləyir) adamın avtoqəzalarda ölməsi küçələrdəki
tıxaclar azaltmır.
Hər gün 164 adam (ilə 60 min) ölümünü gözləməkdən bezib intihar edir.
Öz özünün qatilinə çevrilir.
Gördüyünüz kimi bura nə siqaretdən, alkoqoldan, nə də artıq adiləşmiş
infarktdan olan ölümləri salmadıq. Ölməyə hamının şansı var. Nə olsun
ki, hər 6 saniyədən bir nikotin bir nəfəri öldürür. Viaqradan lazım
olandan artıq istifadə edəndə də ölə bilərsən, xoruldamamaqçün burnuna
qadın tamponları soxanda da. Ölüm minlərlə adamı aparanda adiləşir.
Hamı qorxa-qorxa olsa da yaşamağındadı.
Deməli yer yer ölümdü, hər şey də qatil. Qatilini tıxacda gecikməyindən
səbirsizlik eləyən Rafiq Tağının dəfni günü şəhərdə möhkəm tıxac idi.
Tıxac hələ ki ölüm deyil, şəhər həyatının iflicidir. Həmin tıxacların
birində terror aktı olsaydı yəqin ki, ölüm statitikasında rəqəmlər görünməz
dərəcədə artardı. Ölüm həmişə iş başındadı…