Döz,
əzizim, döz!
Ən yaxın ayaqyolu 2 kilometrlikdədi
Bakıda belə
situasiya hər tinbaşı ola bilər:
- Deməzsiz burda ayaqyolu hardadı?
- Ayıb deyil, belə şeyləri məndən soruşursuz?!
- Yaxşı, onda deyin kitabxanaya necə getmək olar?
- Bir tin qabağa gedin, sonra sola dönərsiz.
- Bəs orda tualet varmı?..
İlk baxışda gülməli səslənir. Amma özümüzü ayaqyolu axtaranın yerinə
qoya bilsək gülüş elə dodağımızda donacaq. Təbii ehtiyacı adamı divara
dirəyəndə şəhərin tualetlərinin total şəkildə məhv edilməsi qərarının
insaniliyə və təmizliyə dəxli olduğunu düşünə bilmirsən. Bakıda şəhər
böyüdükcə ictimai ayaqyoluların kökü kəsilir. Görəsən şəhəri tikənlər
niyə düşünür ki, şəhər gözəlləşdikcə onun sakinlərinin təbii ehtiyacı
azalacaq?!
İnsana insan olduğunu xatırlayadanda bütün təbii instiktlərini kantrol
altına ala bilir. Bu üsulla mən balaca oğlumu pampersden çıxarda bilmişəm.
Onun bağçadan evə gəlincə yolda ağaclara su vermək kimi bir adəti vardı.
Hər dəfə «Bax, bunu pişiklər və itlər edir. İnsanlar ayaqyoluya gedir»
kimi nəsihətlərlə bu adətindən qurtulduq. Eləcə də «Bax, böyüklər pampers
taxmır» ifadəsi sehrli cümlə kimi uşağın yaddaşına hopdu. Yəni ki, o
özünü insan kimi hiss etməyə başladığı gün sivilizasiyanın nailiyyəti
olan tualetlərdən istifadə etməyə başladı. Bakıya sivilizasiya, müasirlik
və modern soxulan kimi padşahın piyada getdiyi istirahət məkanlarını
aradan çıxardı.
İnşaat normalarına görə əhalinin hər 500 nəfərinə bir ayaqyolu tikilməlidi.
Rəsmi məlumatlar bir yana, hamı bilir ki, Azərbaycan əhalisinin 55 faizi
paytaxtda toplaşıb. Yəni ki, hər kvadrat kilometrə təxminən 380 adam
düşür. Bu hesabla adamsayına görə şəhərdə azı 4-5 min ictimai tualetlər
olmalıdı. Şəhərdəki ayaqyoluların sayını bu rəqəmlərlə müqayisə etsək
mövcud rahatlıqlar uzaq qalaktikaların ulduzlarına göndərilmiş siqnallar
kimi görünür. Eh eyyyy, biz burdayıq! Biz varıq……
Əlbəttə, tunnelin sonunda işıq da görmək istəyirsən, ictimai ayaqyolunun
qap-qara deşiyində təmizlik də. Moskvada Alesandrovski parkındakı ayaqyoluya
lazer sayğacı qoyub hesablayıblar ki, ora bir gündə 8 min adam girib.
Az deyil. Bu məsələdə yaxın ölkələrin təcrübəsini öyrənmək də pis olmazdı.
Peterburqun qubernatoru Valentina Matviyenko problemin həllində aciz
qaldığını boynuna alaraq mərkəzdə işləyən restoran və kafelərin sahiblərinə
rəsmi müraciət edib ki, yoldan keçənlərə, daha doğrusu onlardan ən cəsarətlilərinə
təbii ehtiyacı ödəməkdə imtina etməsinlər. Həmin təklifi Kiyevin meri
Leonid Çernovetskiy də edib. Adamın Allahı var, ola bilər bizdə də adamı
darda qoymazlar. Restoran sahibləri Hacıbala Abutalıbovun rəsmi muraciətini
gözləmədən ayağının birini qoyub o birini götürən adama rəhm edib mərkəzi
restoranların içinə buraxar. Amma bu çıxış yolu deyil axı. Nəzərə alsaq
ki, insanların əksəriyyəti bu mövzuda komplekslidi, yerdə qalanı isə
dözümlü deyil deməli növbəti xalq bayramlarının birində təzə təmirdən
çıxmış və döşənmiş küçələri xalq öz üslubunda «mübarək edəcək». Yəqin
ki, şəhərdə əkilən əcnəbi gül kolları belə münasibətə öyrəşmədiyindən
başına yağan «yağışdan» utanıb boynunu bükəcək.
Hələ 30-cu illərdə Stalin bu problemin həlli ilə bağlı xüsusi iclas
çağırıb şəhəri səliqəyə salmağı əmr vermişdi. Nəticədə 60 rahatxana
açıldı. Təssüf Stalinin zamanı keçdi, problemlər bir zənglə həll olunmur
artıq. Əhalisi 3,5 milyon olan Berlində 16 min ictimai tualetlər var.
Yaponiyanın tualetləri barədə əfsanələr gəzir. İçəridə musiqi çalınır,
portağal qoxusu gəlir və oturacaqlar qızdırılır. Hətta Vaşinqtonda da
Ağ evin qarşısında «göy kabinələr» var. Heç kim bundan utanmır, çünki
hər şey sivil vəziyyətdədir. Məncə kol dibində gül sulamaq daha utanclıdır.
İnsanları günah işlətməkdən, oğurluqdan, qatillikdən və başqa ciddi
əməllərdən çəkindirmək olar. Amma onlara təbii ehtiyacını boğmağı öyrətmək
mümkün deyil. Bir də ki, niyə axı gözəlləşən şəhərimizin sakinləri belə
sadə məsələdə özlərinə korluq verməlidi? Göydələnlər tikməyə imkanı
çətan dövlətin balaca ayaqyolu tikməyə imkanı yoxdu bəyəm?