Hər
şey necə də gözəldi
Hələlik...
Düzün desəm pisdən yazmaq istəməzdim. İstinin bu cırhacırında mövzunu
küçədə axtarası deyiləm ki. Odur ki, sağıma-soluma boylandım, xalqımın
yaddaşında eşələndim, gündəmimizi gözlərim qarşısında daha real canlandırdım.
Hadisələrin gələr-çıxarını tərəziyə qoyub ağır gələndən, yəni pis olanlardan
yazmalı olacam. Düzdür, bizdə pis bir az artıq düşüb. İstiotu çox düşən
yemək kimi onu da birtəhər ötürmək olar. Pisə pis-pis baxsan o həqiqətən
çox pis görünə bilər. Gəlin bir az yumşaq baxaq, hadi, bir az da....
Alındımı? Sizi bilmirəm, məndə yaram saatlıq çalışmalardan sonra nəsə
alınmağa başlayır.
Təbiətdə olduğu kimi cəmiyyətdə də kiçik bəla böyük dərdlə, böyük dərd
fəlakətlə unudulur. Axır vaxtlar böyük dərdmiş kimi fahişələrdən çox
yazır, çox göstərirlər. Kameranı lap iş başındacı gözünə dirəyib qoymurlar
bir parça çörəyini qazana. Bax, kimə pislik eləyir, özündən başqa. Çox
ehtiyatsız olar, siflisdən-zaddan tutar, sonra özü kimisini doğa bilməz.
Qiçsə yoluxsa, lap yaxşı, tezliklə əl-ayağı küçələrdən yığışar. Bir
də ki, Allahdan çox ixtiraçı olmaqmı olar. Qiçsi ortaya atıb ki, insanlar
saf-çürük olsun. Bu bəladan salamat qalanlar gecə fantaziyalarında belə
tənha olacaqlar.
Qiçsin özünə də ayrı cür baxmaq olar. Bu xəstəlik təbii yolla çox yayıla
bilməyəcək. Xəstələnmiş amma hələ ölməmişləri mütləq xəstəxanalarda,
xüsusilə qan köçürmə institutlarında işə götürmək lazımdı. Gəmiyyətin
bu boyda etibarının qarşısında ordakı antisanitariyadan yararlanıb qan
çatışmayanda arabir öz qanlarıynan kolbanın necə deyərlər başını düzəltsinlər.
Onda hamı bir-biriylə qohum olar, lap qan qohumu...
Qiçsin fikrini çox çəkməyə dəyməz. Çünki o yemək ki, bizdə var, hamımızı
qıracaq. Qiçs virusu oturub fikir çəkəcək ki, bir adam tapsaydım törəmələrimi
ona ötürərdim. Bu bədən öləndən sonra neynərəm? Soya yağlarında yemək
bişirməkdən hamı bacı-qardaş olacaq. Bilirsiz də, soya yağı tərkibinə
görə qadın harmonlarına yaxındı deyən uzun müddət onu işlədən kişilər
özünü öldürsə belə, ən mürdar fantaziyalarını işə salsa da kimisə nəinki
sevməyə, heç zorlamağa da taqəti olmayacaq. Zorakılığın öhdəsindən belə
gələrlər ha!
Matriarxatdan qiçsdən daha çox qorxursuz? O da çox çəkməz. Nitratlı
yeməklərimiz bizdə can qoymayacaq. Bir azdan kəndlərdə adam qalmayacaq,
hamı şəhərə axışacaq deyən torpaqda əkib-becərən tapılmayacaq. Hamı
oxumuş, savadsız və alim olacaq. Yerdə qalan peşələr hamısı bu üç kateqoriyaya
uyğun gələcək. Bizdə bəzən oxumuş sürücü, alim ofisiant, savadsız müəllim
kimi uyğunsuzluqlar olur. Onlar da keçib gedəndi. Bir parça çörək uğrunda
mübarizədə nəinki peşəni lap atanın adını da unudarsan. Yeməyə bir şey
tapmayanda xaricdən nitratlı meyvə və tərəvəzləri gətizdirib yeyib qısa
müddətə olsa da xoşbəxt olacağıq. Amma həşəratlara yazığım gəlir, onlar
lap tez qırılacaq. Qurd salmayan unda, düyüdə necə yaşasınlar!
Əslinə qalanda nitratlar, hətta aclıq özü bir elə böyük problem deyil.
Onun öhdəsindən ozon dəliyi gələcək. Arta-arta gəlib başımızın üstünü
alacaq. Turizmin inkişafından sonra ölkəmizə axışan, dənizimizi, torpağımızı,
çörəyimizi, guzaranımızı əlimizdən alanların hamısını elə çimərlikdəcə
yandırıb yaxacaq. O vaxtlar hamı, kişili qadınlı başını örtməyə başladığından
(cinsi məsələdə böyük fərq olmayacaq) ziyanlı şüalar bizə bir elə toxunmayacaq.
Ozon dəliyi də bizə kar eləməz. Evlərin yerini baha qiymətə villa və
göydələnlər tikməkçün satdıqdan sonra torpaqda qazma komalara köçənlərə
şualar neynəyə bilər. Bir də eşitmişəm ki, ozon dəliyini vətəndaş müharibəsindən
çıxan tüstü-dumanla örtmək olar. Villalar, super evlərdə yaşayanlarla
qazma daxmalara köçməyə məcbur olanlar arasında müharibədə sizcə viruslu,
nitratlı, aclıqlı, sevincsiz və savadsız adamlara qalib gəlmək olar.
Eybi yox, sağ qalanların da öhdəsindən ikinci ümumdünya daşqını gələr.
Yaxşı olardı, sel gəlib müharibənin fəsadlarını yuyub aparaydı. Bu dəfə
görəsən Nuhun gəmisinə kim düşəcək?