Zibillikdən
doğacaq güllər
Patrik Züskendin «Ətriyyatçı» əsərində Parisin belə təsviri var: «O
vaxtın şəhərlərində müasir insanların təsəvvür edə bilməyəcəyi üfunət
vardı. Küçələr peyin, həyətlər sidik, pilləkanlar çürümüş taxta və siçovul
ifrazatı, mətbəxlər pis kömür və qoyun piyi, havasız otaqlar qalaqlanmış
toz iyi verirdi. Yataq otaqları çirkli döşəkağı, nəm çəkmiş tük balışlarının,
gecə vazalarının kəskin və bir qədər şirin buxarlarını qoxuyurdu. Dəbbəxanalardan
zəhərli qələvilərin, sallaqxanalardan isti, təzə qanın qoxusu gəlirdi.
İnsanlar tər qoxusu və çirkli paltar iyi verir, ağızlarından çürük dişlərin,
qarınlarından soğan suyunun iyi gəlirdi. Qocalanda onlar köhnə pendir
və çürümüş süd və ağrılı şişlərin qoxusunu ətrafa yayırdılar. Çaylar
da, kilsələr də, körpü altları, və həyətlər də üfunət iyi verirdi. Kəndililər
kimi keşişlər də, ustanın şəyidi kimi arvadı da, bütün zədacan nəsli,
lap elə kralın özü də vəhşi heyvan kimi, kraliça isə qoca keçi kimi
üfunət qoxuyurdu. O vaxtlar bakteriyalarla mübarizə eləyə bilmirdilər
deyə dağıdıcı ya, qurucu olmasından asılı olmayaraq insanın hər hansı
bir işi, doğulan və ya çürüyüb məhv olan həyatı üfunətlə müşayiət olunurdu.
Təbii ki, Fransanın ən böyük şəhəri olduğundan Paris ən üfunətli şəhər
idi...»
Adamın inanmağı cəlmir! Məhəbbət şəhəri, ətirlərin vətəni Parisin belə
günü də olubmuş. Belə təsvirləri oxuyandan sonra özümüzə, bu günümüzə
şükür eləməyim gəlir. Amma qürurlu keçmişimiz haqqında əfsanələrdən,
az qala «biz seçilmişlərdənik» deyən və bizi inkişaf eləməy qoymayan
axmaq fikirlərdən qurtula bilsəz siz də təsvirlər arasında bu günümüzün
güzgüdəki əksini görə bilərsiniz. Özü də bu günümüzün, yəni 21-ci əsrin
müasir şəhərinin reallığını. («Neçə əsr arxada qalmışıq?» sualının cavabını
özünüz axtarın.)
Bilmirəm, natəmizlikdə millilik anlamı var, ya yox? Amma şəhərimizin
təmizliyinin keşiyində duranların işinə münasibətindən milliyyətini
tanımaq çətin deyil. Tozdan qorunmaqçün, yoxsa tanımasınlar deyə üz-gözünü
yaxşıca sarısalar da küçə xadimələrinin kimliyini tanımaq çox asandı.
Azərbaycanlı süpürgəçilər küçəni küləyə qarşı süpürür. Küləyi əskik
olmayan şəhərimizin zibilini topalayıb küləyin onu iki saniyədən sonra
dağıtmasının fərqinə heç varmır. Külək zibili üzünə çırpsa da tələsmədən
ardını süpürür. Həmin bu işi görən məsələn rus milliyətli süpürgəçiləri
heç olmasa külək istiqamətində süpürür, elə həmin küləkli şəhərimizdə.
Bu o deməkdi ki, süpürüldü, ya yox, təmizdi, ya çirklidi – bunlardan
heç biri azərbaycanlının vecinə deyil. Bizim evdar xanımlar, hətta vasvasılıq
dərəcəsində təmizkar olanlar da evini süpürür, sonra qapını açıb zibili
bayıra atır. Elə bil ki, bayırla əlaqəsi heç yoxdu, yaxud zibil yenidən
evinə qayıtmayacaqmış. Yaxud, mağazanın qabağını süpürən xadimə yır-yığış
eləyib zibili tez-tələsik qonşu dükanın qabağına itələyir. Yəni ki,
«məndən keçdi, sonrası nə olursa olsun». Bu gün biz özümüzün də, hələ
bizdən əvvəlkilərin də zibilini yığışdırmaq məcburiyyətindəyik deyən
zibil içində yaşayırıq. Bilirsiz ki, zibil təkcə küçələrdə olmur.
18-ci əsrdə qoxuyan, çürüyən, iy verən Paris az keçmədi ki, inqilab
elədi. Durğunluğundan, hərəkətsizliyindən, çürüməyindən bezib ona lazımsız
gələn fikirləri beynindən, inkişafa mane olanları həyatından silib bütün
dünyaya «Azadlıq, qardaşlıq, bərabərlik» şüarını bəxş elədi. İndi biz
azadlıq olmasa da əsil Paris ətirinin uğurlu imitasiyasını tapanda sevinirik.
Ləzzətlə ətirlənib adam arasına çıxırıq və sivil obrazımızla fəxr edirik.
Azadlıq şüarıyla ətirlənmək olmur, təəssüf!.. İnanıram ki, nə vaxtsa
biz də kabab qoxusundan, soğan qovurmasından, lap elə toyuq qızartmasının
iyindən bezib beyinlərdə inqilab edəcəyik. Beyinlərdə olan inqilabı
dubinkayla döymək olmur, adını xuliqanlıq qoyub televizorda lağa qoymaq
da mümkün deyil, sanksiyasız adlandırıb şəhərin ucqarına qovlamaq da
heç kimin səlahiyyətində deyil. Məncə lap az qalıb, çünki içimizin çirkabından
da, hayatımızın üfunətindən də hamı bezib. «Mənim təmizliyim, mənim
şəhərim, mənim ölkəm» deməyə aparan yolda cəmi bir addım eləmək lazım
gələcək...