Qoxuların pıçıldadıqlarından


Hər gün, hər dəfə bayıra çıxanda, ətrafında bir tək «mən»dən savayı çoxlu «mən»liklər dolaşanda, səndən pismi, ya da yaxşı həyat qurub feramonlarını pis-yaxşı ətrafa səpələyəndə sən də bütün bu hadisələrin episentrində olursan. Təbiətdə olmayan, yalnız Çin istehsalı markası yapışdırlmış paltarlarda rast gələn rənglər gözünün qarşısında ora-bura qaçışır. Analoqu olmayan ölkəmizin təbiətdə analoqu olmayan, ətir və heyvan qoxuların ağlacəlməz sintezindən yaranan qoxular buketi bir saniyəlik burnunu qıcıqlandırıb yoxa çıxır. Bu da bir növ nağıldı. Real olduğu qədər nağıla bənzər, danışsan inanılmaz görünən, amma hamının başına gələn bir hadisədir. Yəqin buna həyatın reallığı da deyirlər.
Bəzən metroda içəri güclə soxulub oturan kimi rahatlaşaraq dərindən nəfəs alan qadından ətrafa kartof qızarmışının qoxusu yayılır. Bu qoxu ac adamın ağzını suladacaq dərəcədə ləzzət vəd vermir. Bu sadəcə evdar qadının keşməkeşdi həyatının və o qədər də uğurlu olmayan ev şəraitinin qoxusudur. Ola bilər ki, onun mətbəxindəki qapısı çoxdandı qopub bir mıxdan sallanır deyən onu yemək bişirəndə bağlamırlar. Ona görə də bişirdiyi yeməklərin qoxusu dəhlizdə asdığı paltarların canına hopur. Ucuz yağda qızaran İran kartofunun qoxusu adamda yalnız ucuzvari həyat tərzi fikrini yaradır. Belə qoxunu lap bahalı ətirlə də batırmaq olmur.
Alimlərsə deyir ki, qoxular həyatımızı idarə edir. Deyilənə görə bu, həmişə belə olub. Duru yağ kəşf edilməmişdən çox-çox əvvəllər də, ətirlərə yalnız padşahların əli çatan vaxtlarda da adamlar öz yarısını qoxusuyla tanıyarmış. Yaxud qoxular insanlarda müxtəlif assosiasiyalar yaradarmış. Bəlkə indi də belədir. Amma bu məsələdə ətriyyat firmaları hər şeyi əvəzimizə həll edib. İndi bizimçün təbii qoxuyan insan anlayışı artıq yoxdur, yaxud onu pis mənada yozuruq. Ona görə də müasir insan üçün göz yaşının qoxusu adlı anlayış yoxdur. Təcrübə qoyulanda, qadının göy yaşını adi duzlu məhluldan ayırmaq kimi sadə məsələdə bütün kişilər etiraf edir ki, hadisəylə tez-tez rastlaşsalar da qadının göz yaşının qoxusunu tanımırlar. Çünki bu qoxu minlərlə burundeşən qoxuların içində əriyib fona qarışıb. Amma ekstrasens var ki, cinayətkarı qoxusundan tanıyır. Yaxud ölmüş adamın meyitinin tapıldığı yeri it kimi iy çəkərək iyləyib tapır. Soruşanda «Bu bir növ meyitin cürüntü qoxusu kimidir. Bəyəm siz bunu hiss etmirsiz?» deyir. Bəli, biz artıq heç nəyi hiss etmirik. Metroda oturarkən bizdən 5 dəqiqə əvvəl burda rahatlanmış adamın fikirlərinin qoxusunu duyası olsaq az keçməz havalanarıq. Yaxşı ki şüuraltı proseslər bu məsələdə hakimiyyəti tam ələ alıb və başımıza hava gəlməsə sükanı belə tezliklə də buraxmaz.
Alimlər deyir ki,(əlbəttə ki, milyonlarla pulu havaya sovurub çoxsaylı təcrübələr aparandan sonra) gecə klublarında havaya portağal qoxusu buraxanda rəqs edənlərin sayı 2 dəfə artır. Dəniz suyunun, ya da nanənin qoxusu bu məsələdə geri qalır, rəqs etmək istəyini cəmi 80 faiz qaldırır. Adamın inanmağı gəlmir, portağal rəqs etməyə vadar edir? Hələ deyirlər ki, limon qoxusu təmizkarlığa vadar edir. Deyə bilərsiz ki, bu qoxu nədənsə limonsatan qadınların təmizkarlığına, nə əllərinin kirinin miqdarına, nə də paltarının rəng-rufuna təsir göstərmir. Yəqin alimlər limon qoxusuyla olan təcrübələri bizdə qoysaydılar tamam başqa nəticələr alınardı. Amma təcrübələr Hollandiya pintilərinin başında çatlayıb. Çünki limon qoxulu otaqlarda gizli kamera altında biskvit yeyən təcrübə iştirakçıları masanın üstündəki qırıntıları yığmamış otaqdan çıxmırmışlar.
Sonra deyirlər ki, simmetriya da qoxuyur. Guya ki, əl-ayağı bir-birinə taraz olan adamların qoxusu bizə daha xoş gəlir. Biz nə bilək simmetriya necə qoxuyar? Küçəyə asfalt salırıq, bir mövsümdən sonra simmetrikliyini itirir, bir qırağı yatır. Bizə rezin qoxusu ver, bunu bizdən yaxşı kim bilər! Artıq biz Novruz şənliklərində də köhnə maşın təkərləri yandırıb qara hisin içində rəng tutub qapqara həbəş balaları kimi rəqs edirik, atılıb düşürük. Amma xarici vətəndaşlara rezin qoxusu təsir etmir. Təcrübə altında olan üçün kişi ətirşah qoxusu da verə bilər, bahalı parfüm də. Bu nəticəyə təsir etməz. Amma görkəmcə model olmaqdan uzaq qadının fotosu üstəlik rezin qoxusa onun üzünə bir baxan (xarici) kişi bir də dönüb baxmaz.
Sonra deyirlər ki, insanın burnu itin burnundan dala qalmır. İy götürə bilsə insan itdən betər lazımi əşyanı səhvsiz tapır. Pullarınsa qoxusuz olduğunu deyirlər. Bəlkə ona görə neft pullarının hara axdığını heç duymuruq. Bu pullar neftə bulaşmış olsaydı yəqin tez tapardıq. Bizim burnumuz dolub, artıq nə pulun, nə də neftin qoxusunu duymuruq. Amma şəhərimizə gələnlər deyir ki, Bakıda havadan neft qoxusu gəlir.

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?