Donmuş
həqiqətlər
Düzənlənməmiş sərgidən şəkillər
Biz elə bilirik ki, keçmiş artıq yoxdu. O, qeyb olub, dəyişib, başqalaşıb.
Gələcək də yoxdu. O, hələ ki, yaranmayıb, gəlməyib, düzəlməyib. Keçmişin
gələcəyə çevriləcəyi ana biz indi deyirik. Bizimçün bir tək bu an var.
Əvvəllər o imkan şəklində idi, indi isə xatirələr şəklində olacaq. Amma
bu burcə qısa an da fiksiyadır. Çünki onun ölçüsü yoxdu. Ona görə də
deyə bilərik ik, indi də yoxdu. Çünki heç vaxt onu tuta bilmirik. Tutduğumuz
isə ani olaraq keçmişə çevrilir. Əgər bu fikirdə dayansaq etiraf etməli
olacağıq ki, dünya da yoxdu. Yalnız onun yanıb-sönən illüziyası var
ki, onu dayandırmağa insanın qüdrəti çatmır. Yaşamın hansısa anında
parlayan ucuna həyat deyirik. Bu anın ucundan tutub sonu naməlum ölkəyə,
yəni gələcəyə səfər etməkdəyik. Biz hər anın doğulub öldüyü bir dünyada
yaşayırıq. Burda heç bir an geri qayıtmır. Belə məqamlarda fotoaparatlar
çox lazımlı alət kimi görünür…
… Novruz bayramı şənlikləridir. Şəhər adamla doludur. Səhərdən ayazlı,
hələ şaxtası sınmamış yaz havasında artıq göyərmiş Novruz personajları
get-gəl etməkdən əldən düşüblər. Keçəllər və kosalar yığışıb altı deşik
vedrədə zibil yandırıb qızınırlar. Bahar qız neylon paltarının jığ-jığından
daha da üşüyür və itələşib vedrə ətrafında özünə yer tapır. İsti əvvəl
əllərini, sonra ürəyini qızdırır. Vedrədəki zibil də özünü odun bilib
bayramsayağı əhvaldadır.
… «Bakının arbatı» adlanan hissə hələ təmirdən və boşaldılmamışdan əvvəl.
Bir həftə öncə yağmış və artıq ərimiş qar plitələrin arasına yığılıb
və donub və nağışlara bənzəyir. Uzaqdan qoşa nağara səsi gəlir. O qədər
ustalıqla çalınır ki, elə bil fonoqramdı. Yaxınlaşanda nağaraçının real
olduğunu görürsən. Üzüqoyulu çevrilmiş plastik vedrədə taxta çubuqlarla
elə çalır ki, elə bil Sarayın səhnəsində 2 min tamaşaçının qarşısındadı.
Görkəmin və səsin qeyri adi təması.
… Fontanlar meydanında balaca körpə dırmaşıb fontanın birində çimir.
Təzə, qara fontan avanqard üslubda olduğundan nə çəpəri, nə qırağı var
deyən ora dırmaşmaqçün ayaqqabılarını və komplekslərini tullasan bəsdi.
Körpə ayaqlarını suyun içində şappıldadır və valideynlrinə acıq verir.
Böyüklər isə həmişəki kimi yaş olmaqdan qorxur. Elə hey çağırırlar və
«Tez ol, düş» deyib hədələyirlər. Uşaq heç olmasa bir neçə dəqiqəlik
hakimiyyəti əlinə aldığına görə xoşbəxtdi və mırıq dişlərini işardır,
arabir bezəndə isə artıq yaş olmuş popuşunu dombaldıb hamını əyləndirir.
… Bulvarda skamyalardan birində saç-çaqqalı qocalıqdan deyil, mərhumiyyətlərdən
ağarmış qoca oturub. Qarşısına papaq qoyub ki, hər dəfə əlini açmalı
olmasın. Amma o, gözünü gedib-gələnə deyil kitaba dikib. Oxuduğu Bulqakovun
«Master və Marqarita»sı bu gün çörəyini əvəz edəcək deyəsən. Arabir
bulvarın pişikləri yaxınlaşıb özlərini qocaya sürtürlər. O, başını kitabdan
ayırmadan əlini pişiyin tükünə toxunduran kimi pişiyin bir gözünün rəngi
dəyişir və bir anlıq bərq vurur. Qocanın bu metamorfozlara baxmağa vaxtı
yoxdu. Qonşusu Fatma qarı keçən gecə süpürgəyiə minib uçmaq istəmişdi.
İndi o, bunun üsulunu kitabdan öyrənməliydi.
… Bakının dəfələrlə təmir olunmuş asfaltında yaranmış gölməçədə su dalğalanır.
Suya hardansa neft dağılıb deyən gün şüaları onu spektrin rənglərinə
boyayır. Ətrafda yeganə gölməçə olduğundan quş suyu burdan içməli olur.
Neftli gölməçədən su içən quşun neftin bazardakı qiymətindən xəbəri
yoxdu. O, neftə görə çarpışan adamları da başa düşmür. Axı neft suyun
tamanı pisləşdirib. Onu yemək də, içmək də olmaz.
… Uşaq televizor qarşısında çaşqın halda oturub. Anlaya bilmir ki, valideynləri
hər gün bu kadrlara çatanda niyə kanalı keçirirlər. Axı onlar «Lider»
kanalındakı xəbərlərə həmişə baxırdılar. Eyni süjeti dəfələrlə vermiş
kanala niyə baxırlar görəsən? Kanalı dəyişsələr də o, artıq burda göstərilən
qızın üzünü əzbərdən bilir, küçədə görsə o saat tanıyacaq. Valideynləri
imkan versəydi 1-2 dəfə də baxmaqla titrlər arxası mətni də əzbbərləyərdi.
… Müəllim yoxlama dəftərlərini qarşısına qalayıb, amma əli işə yatmır.
Uşaqların gözləri də bu gün ona etinasız və soyuq görünür. Tələsməlidi,
çünki evə gedib «Mən müəllim olmaq istəmirəm, məşhur olmaq istəyirəm!»
deyən tələbəsinə dərs deməlidi ki, işığa görə yığılmış borcu ödəyə bilsin.
… Parlamentin yeni tərkibi təsdiqləndi. Fotolar sırayla göstəriləndə
cizgilərdə fərqi tapmaq çətinləşir. Adama elə gəlir ki, bunu artıq bir
dəfə yaşamısan, həmin üzləri artıq görmüsən. Onlar obyektivə qürurla
baxır, çünki onları milyonlardan seçiblər. Kreslonun sehri yaxınlaşdıqca
fərq etməz ki, seçiliblər, yoxsa təyin ediliblər. Onlar minnətdar olmağı
bacararlar.
… Kim deyir ki, keçmiş bir daha təkrarlanmayacaq? Axı biz bir dəfə bu
səhvi etmişdik !..