Gənclik etiraz edəndə


Neçə gündü böyük oğluma məktəbdə daş daşıtdırırlar. Evə üstü başı bulaşıq və çox əsəbi gəlir. Evə girməyilə müdirdən tutmuş nazirliyə qədər hamısı söyməyə hazır olduğunu nümayişkaranə şəkildə göstərir. Yəqin mən evdə olmayanda söyür də. Anlamaq olar, cavandı, qan qaynayan vaxtıdı. Bü mövzuda dartışmalarımız artıq münaqişə səviyysinə çatıb. Sən demə bu məsələni öz xeyrimə həll etmək üçün mənim söz ehtiyatım yetərli qədər deyilmiş.
Hər şey müdiriyyətin uşaqlara qarşı yumsalması ilə başladı. Məktəbdə elan edildi ki, sabah nə istəsəz geyib gələ bilərsiz. Uşaqlar da naşılıqlarından sevimli paltarlarını əyinlərinə keçirib sevincək məktəbə yollandılar. Yəqin məktəbin də müdiri yaxşı başa düşür ki, uşaq evə çirkli məktəb paltarı ilə gəlsə uşağın görünüşü növbələrdə günlərlə dayanıb məktəb forması alan valideyni cin atına mindirəcək. Üstəlik bu, dəlil-sübutdur və ağıllı valideyn bu paltarı əlinə alıb Təhsil Nazirliyinə cuma bilər. Elə bu yerində məktəb müdirinin sonuncu valideyn iclasına məxsusi olaraq yazdırdığı dəvətnamələr yadıma düşdü. Yuxarı sinif şagirdləri üçün son aylar iclaslar seriyası keçirdilir və həmişə də vlideynlərin etinasızlığından danışılır. İclasda ənənəvi mövzularda, dərsə davamiyyət, forma geyinməmək, davranış və başqa məsələlərdən danışılırdı. Deyim ki, müdir bu mövzuda danışanda çox ağllı və təəssübkeş görünür. Amma o, «Sizin uşaqlar mənə bir işçi qüvvəsi və gəlir mənbəyi kimi lazımdı» ifadəsini işlətmədi. Yəqin belə desəydi valideynlər onun canına daraşar və salamat yer qoymazdı onda.
Sovet təhsilinin gülünü, çiçiəyini dərmiş bir adam kimi mən məktəbdə daş daşıma məsələsində məktəbin tərəfini tutdum. İnandırıcı olsun deyə zəhləmgetmiş iməcilik günündə pəncərə yumaqlarımı da xüsusi rənglərlə bəzəyib-düzəyib oğluma danışdım. Amma o, yenə də rüşvətxorluqda ad çıxarmış məktəb müdirinə baxışlarını dəyişmədi. Çünki alış-veriş prosesi onun gözləri qarşısında baş verir. Alver şəraitində «Nəyin bahasına olursa olsun mən oxumalıyam!» şüarı o qədər də keçərli olmur.
Yəqin ki, uşaqların əmək prosesi ilə məşğuliyyətinin (daş daşıma adətən əmək və idman dərslərinə salınır) nüanslarını təsəvvür etmək çətin olmaz. Uşaqların ən məsuliyyətlisi işini görür. Belələri sinifdə 3-4 nəfərdən artıq olmur. Qalanı min bəhanə ilə qırağa çəkilir. Kiminin qarnı ağrayır, kiminin kor bağırsağı qəfil sancır, kiminin isə ürəyi bulanır. Onlar kənarda toplaşıb işləyənlərə rişğəndlə baxırlar və gülüşürlər. Belə çıxır ki, müdirin fəndinə həmişə yaxşı uşaqlar düşür. Elə həmin bu uşaqlar da sonra ali məktəblərə daxil olub fəhləyə pul verməyə simiclik edib uşaqlarımızı işlədən müdirin və məktəbin adını da yuksəyə qaldırırlar. Oğlum «dərsdə» yorulub, çirklənib əsəbləşir və tez evə qayıdır ki, əynini dəyişib əlavə dərslərini də vaxtında çatdırsın. Axı o, ali məktəbə hazırlaşmalıdı. Bütün bunlarla belə mən oğlumu daş daşıyanlar içində görmək istərdim, nəinki tum çırtlayıb yerə tüpürənlər arasında.
Çünki bilirəm ki, sözə baxmayan uşaqlardan bir şey çıxmır. Alimlər deyir ki, dəcəl uşaqlar heç pul qazanan da olmur. Bunu deməkçün onlar yüzlərlə test qoyub, onlarla adamı illər uzunu təcrübə altında saxlayıblar. Uşağının sağlam, uğurlu, maddi cəhətdən müstəqil və pis əməllərdən uzaq olacağını bilmək hamıya maraqlıdı. Psixoloqlar artıq 3 yaşlı uşağa baxıb onun nə dərəcədə uğurlu olacağını müəyyən edə bilir. Keçən əsrin 70-ci illərindən başlayan təcrübələrin nəticələri indi-indi açıqlanır. Təcrübə altında olanlar artıq böyüyüb və həyatda özlərinə yer qazanıblar. Deyirlər ki, 3-5 yaşında özünü idarədə zəifliyi olanlar ömrünün sonunacan həyatda yer qazanmaqda, sağlamlığında qüsurları olur. Yəni ki, impulsiv aqressiya, hiperaktivlik, diqqətsizlik kimi bizim oğlan uşaqlarında bəyəndiyimiz keyfiyyətlər sonradan onlara ağıllı-başlı maneə törədir. Kimisi aktivliyini qanunsuz yollarla ödəyir, kimisi isə yüksək sosial səviyyədən çıxmasına baxmayaraq böyümüş avara kimi yaşayır.
Özünü və istəklərini tam nəzarət altında saxlamaq bacarığı cəmiyyətin insana qarşı yürütdüyü ən ağır, amma ən lazımlı tələbidir. İntellekt baxımında irəlidə olan xalqların uğurları uşaqlarına qarşı qoyduğu sərt qayda-qanundan başlayır. Avropada ağlayan körpənin üstünə cuman anaya vəhşi kimi baxırlar. Biz isə onları daş qəlbli valideyn kimi görürük. Nəticədə bizim püfüldəyə-püfüldəyə böyütdüyümüz balalarımız və çarpayıda ağlaya-ağlaya kirimiş avropalı balasından yerlə-göy qədər fərqlənməyə başlayır. Əlbəttə, orda kimsə xalxın oğluna daş daşıtdıra da bilməz, hünəri çatmaz. Bütün bunları bildiyimdən mən elə oğlumun gələcəyi naminə onu rüşvətxor məktəb müdirinə qarşı «itiləyə» bilmərəm. Səbrsiz, hövsələsiz, cırtqoz uşaqlardan bir şey alınmır. Bunu mən yox alimlər deyir.
Mən oğlumun dilindən çıxan bütün sərt ifadələrin, kəskin fikirlərin və inqilabçılığının qarşısını alacam. Amma bu onun beynindəki etirazlar dalğasına yəqin ki, o qədər də təsir göstərməyəcək. Mən onu etirazını kəskin şəkildə bildirməməyi öyrədə bilərəm, etiraz etməməyi yox. Çox hayıf ki, onun ilk etirazları doğma məktəbinin müəllimləri və müdirinə qarşıdır.

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?