Muğam məqamı
Muğam həmişə saray musiqisi olub


Bu musiqini nə xalq, nə də kütlə yaradıb, onu şəxsiyyətlər yetişdirib. Muğamı sevən xalq kababı dişinə çəkən zaman, ya da əhvalının fıştırıq çalan vaxtı, qəm-qüssədən ürəyinin başı çatlayan zaman da belə musiqi yarada bilməzdi. Otluqda tox qarına yayxanan adamın ola bilər ki, bir ağız zümzümə eləməyi gələr, amma o bu əhvalda adı çəkilən dünyaları gəzib dolana, üstəlik sonunda geri qayıda da bilməz. Muğam ifaçıları bir yana, muğam dinləyiciləri də dəqiq bilir ki, bu dünyalar var və kifayət qədər realdır.
Muğamı sevənlər də, ona ikrahla baxanlar da başa düşür ki, bu nədisə bir möhtəşəm bir şeydi və yalın əllə ona batmaq olmayacaq. Ümumilikdə sivilizasiyanı şəxsiyyətlər yaradır, yerdə qalanı ondan yararlanır. İndi hətta sovet dönəmində Lenin haqqında mahnılarla böyüyənlər də bilir ki, incəsənət heç vaxt xalqın ola bilməyib. Onu zorla da xalqınkı edə bilmədilər. Kütləvi şəkildə hələ ki, bir dənə də, hətta ən axmaq bir mahnı da, zümzümə də yaranmayıb, muğam necə yaransın. Tarix muğam ifaçılarına və bəstəçilərinə qarşı xalq havalarının müəllifləri kimi haqsızcasına yanaşaraq onların adlarını saxlamayıb, unutdurub. İndi müəllifləri unudulmuş dahiyanə əsərlərə el havaları, muğamlarımız deyirik.
Muğamın saraya ehtiyacı olub, sarayın da muğama. Dibçək gülü küləyin, qarın, şaxtanın, yandırıcı günəşin altında yetişmədiyi kimi muğam meydanlarda, küçələrdə səslənib püxtələşmir. Bu saray çiçəyinin vaxtı-vaxtında torpağı dəyişməli, gübrələri verilməlidir ki, gül açsın. Sarayın belə incini saxlamağa və qonşularına göstərib fəxr etməyə də ehtiyacı var. Çünki incinin dəyərini zər sahibi, zərgər bilər. Muğamı xalqa versən bolşevik inqilabı zamanı Qış sarayını ələ keçirən fəhlələr kimi yüzlərlə yaşı olan nadir çini qabları gecə vazalarına çevirdikləri kimi muğamı da zəngimsellərrə, firmaların loqotiplərinə, reklamına çevirər, özəlləşdirər və heçə yendirərlər. Saraydakılar çox yaxşı bilir ki, muğamı sms səviyyəsinə endirəndə nələr ola bilər. Muğam müsabiqələri də saraydakıların muğamdan xalqa verdikləri paydır ki, hamı xalqa çatan payın nə günə qaldığını öz gözüylə görə bilsin.
Saray əyanlarının muğamı dinləmək məcburiyyəti var. Onlar bununla səviyyə sahibi olduqlarını nümayiş etməyə məcburdur. Dinləyərkən başlarını da vəznə uyğun yelləməli, arabir gözlərindən bir damla yaş da çıxarmalıdırlar. Qınamayın, bəlkə onları elə muğam xilas elədi?
Muğam farsın deyil, amma saraylarda fars dilinin hakimiyyətdə olduğu vaxtların izidir. Bizimki də belə gətirib, ruslar hakimiyyətdə olanda savadlılarımız rusca danışırdı, farslar zamanında farsca. Muğamın hansı dildə adlandırılması önəmli deyil. Çünki muğamı millətlərdən yüksəkdə duranlar dinləyər. Öz musiqisini adsız da tapıb seçə bilər. Onlara hal əhli deyərlər. Bəzən narkomanlar da özünü belə adlandırır.
Bir qarın çörək dərdinə qalan baş muğamı anlamaz. Çünki fani dünyanın ən axmaq dərdini belinə şələyib gəzir. Onun hələ ki, muğam dinləyən vaxtı deyil. Muğamı çörək problemini həll etmiş, ya da artıq bu səviyyəni adlamış adam dinləməlidi. Tərki dünya olmuş dərvişlər kimi bü dünyanı və muğamı kim anlayar? Keçən əsrin əvvəlində muğam məclislərinə «Yegəl» adlandırırdılar. Yəni əvvəl «Ye», sonra «gəl» dinlə. Gövşəyən adamın çörəyi deyil bu musiqi. Daim gövşəmək arzusunda olanlar muğamı bəyənməz. Çünki iki yoldan birini seçmək lazımdı.
Muğam yoldu. Muğam bu yolu bilərəkdən seçmişlərin şüurlu surətdə getdiyi yoldu. Bu yolda göstəricilər, istiqamət vericilər də gözə dəymir. Sadəcə, istəyirsən Segahda (se-üç, gah-dayanacaq deməkdir) ayaq ver, istəyirdən Dügahda. Çahargahda dayansan səndən yol qaydalarının pozulması üçün cərimə yazan olmayacaq. Burda azsan çıxardanın tapılmayacaq.
Muğamdan yazanlar həmişə qazanır. Burnu fırtdıqlı uşaqlar muğamı anlamadıqlarından ya ağız burunlarını əyib hal əhlini meymun kimi yamsılayar, ya da rişxənd edib irah dolu yazılar yazar. Muğamı söyənlər oxucu, tərifləyənlər hörmət sahibi olur. İrəlidə İkinci Beynəlxalq Muğam festivalı gəlir. Bu baharı muğamla qarşılayacağıq və muğamdan hələ çox yazacağıq.

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?