Divanə əsr


Eşitdiyim xəbərlə sizi muştuluqlayım, yoxsa məyus edim, hələ dəqiq bilmirəm. Amma xəbəriniz olsun, dünyanın başına hava gəlir. Dünya deyəndə ki, onun özünü insan adlandıran təkəbbürlü hissəsinin. Maraqlıdır ki, yer kürəsinin qalan canlı, ya cansız hissəsinin belə bir problemi yerli-dibli yoxdur. Parazitlər başqasının həyatın sovurub şad-xürrəm yaşayır, yırtıcılar zəiflərin axırına çıxır, zəiflərsə yerli şəraitə uyğunlaşmağı öyrənir. Amma heç kim havalanmır, özünə qəsd etmir, heç kim də həyatının mənasını itirib depressiyaya düşmür. Belə hoqqabazlığı yalnız insanlar özünə icazə verə bilir.
Alimlər deyir ki, 21-ci ərin ortalarında yer üzündə dəlilərin əlindən tərpənmək mümkün olmayacaq. Hazırda dünyada 35, 6 milyon insan demensiyadən əziyyət çəkir. Loru dilinə demensiya ağıldankəmlik kimi tərcümə olunur. 2030-cu ildə ağıldankəmlər 2 dəfə artacaq, yəni onların sayı 65 milyon adama çatacaq. Bu ki, Britaniyanın əhalisi qədərdir! Təsəvvür edin, dünya ingilis dilində deyil, səylər dilində danışa bilər. Bu dilin müsbət tərəfi ondadır ki, hamıya anlaşıqlı dildir və tərcüməyə ehtiyac yoxdur. 2050-ci ildə isə onların sayı 100 milyona çata bilər. Xoşbəxtlikdən mən hələ ki, «onlar» terminini işlətməyə qadirəm.
Demensiya kimi xoş səslənən terminin təsvir etdiyi xəstəliyi beyin nasazlıqları yaradır ki, nəticədə yaddaş, düşüncə qabliyəti , davranış qaydaları pozulur və gündəlik işlərin görülməsi böyük bir problemə çevrilir. Demensiyanın 70 faizi Alsqeymer xəstəliyi (xəstə tədricən yaddaşını tam itirir və daha sonra beyin bədəni idarə etməkdən tədricən imtina etməyə başlayır. Belə xəstə üçün əlini qaldırmaq bəzən böyük problemə çevrilir) ilə nəticələnir. Alimləri dindirən kimi hər şeyi insan ömrünün artması ilə bağlayırlar. Onların fikrincə 65 yaşı adlamış hər 8 nəfərdən biri, 85 yaşdan yuxarı isə hər 2 nəfərdən biri ağlını itirmək riski ilə üzbəüzdür. Deyilənə görə dimensiya adamı elə 65-də haqlayır. Piylənmə, xolestrinin qanda normadan artıq olması, diabet xəstəliyi də bu prosesi sürətləndirir. Biz də deyirik ki, görəsən niyə bizim qocalarımız ahıl yaşına çatan kimi ağıllarını itirib körpə uşağa dönürlər. Həyat göstərir ki, başqa millətlərin qocaları büzüşüb qaxaca dönənədək ağıllarının itiliyini saxlayırlar. Başqa millətlərin qocaları avtobusba krosvod həll edə-edə yol gedir, bizimkilərsə qiybət edə-edə, ya da hökuməti söyə-söyə. Hər şey yaxşı yeyib içməklərin acı nəticələridir. Amma bunun əzabını xəstə özü yox, onun uşaqları və nəvələri çəkir. Maraqlıdır ki, gündə bir dərman çıxaran farmoseptika ağıldankəmliyin qarşısını alan, ya da prosesi heç olmasa bir balaca yavaşıdan bircə vasitə də ortaya çıxara bilmir.
Məsələyə alimlərin gözülə baxandə adamın əlləri yanına düşür və ruhdan düşürsən. Amma mistik cərəyanların quruları, həyata tamam fərqli gözlə baxan adamlar qətiyyən narahat olmur. Çünki dünya o qədər heyrətamiz dəlilər, təkrarsız gözəlliklər yaradan qəribələr görüb ki… Dünyanın bütün dahiləri bir qədər də dəlidir. Amma onlar tibbin gözündə deyil, kütlənin gözündə dəlidirlər. Onların dəliliyi ondadır ki, bəzən it də yaşamayan bir şəraitdə yaşayıb yaradaraq özlərini bədbəxt hiss etməyiblər. Onlar nə ölümdən qorxur, nə də xırdaçılıqla məşğul olurlar. Əlbəttə ki, əynində nimdaş paltar olan adamın təbəssümü şık geyinmiş adamlarda yalnız qıcıq oyada bilər. Onların gözlərindəki qığılcım kiməsə həyat eşqi kimi görünsə də əksəriyyətinə divanəlik kimi gələ bilər. Əslində ağıllılar divanələrə baxıb əldən çıxmış xoşbəxtlik şansından hefslənərək hamını özü kimi etməyə heç olmasa cəhd edəcəklər. Divanələrin ram edilməsi əslində başqasının sevincini əlindən alıb onu yenidən kütləyə qaytarmaq istəyidir.
Egər sizə də divanə deyirlərsə onlara «Bu dünyada yalnız divanələr xoşbəxt və sevincli olur. Mən bu dünyanın sevincini, ləzzətini seçirəm, siz isə ağıllı olub əzablar içində qovrulmaqda davam edin» cavabını verin. Divanələyin müsbət tərəfi odur ki, sizi bu yarlıkla birlikdə qəbul edəndən sonra rahat buraxacaqlar və əl çəkəcəklər. Onda sizin bütün riyakarlıqları atmaq şansınız əmələ gələcək.
Cəmiyyətdə hər kəs rədd edilmək, qəbul edilməmək, gülünc olmaq qorxusuyla yaşayır. Bu adamı özü kimi olmağa qoymur. «Birdən nə deyərlər, görəsən necə baxarlar, qəbul edərlərmi?» - kimi tərəddüdlər həyatın rənglərini tündləşdirir. Biz növbənöv avamlıq, cahillik və şüursuzluq şəraitində yaşamalıyıq. Heç kim olduğu kimi ola, həqiqi mahiyyətində görünə bilməz! Biz başqalarının fikirlərində əriyib yoxa çıxırıq. Özümüzlə təkliklə qalanda istəsək balaca uşaq kimi güzgü qarşısında oyun çıxararıq, gülməli sifətlər düzəldərik. Amma bilsək ki, indicə kimsə açar dəliyindən bizə baxır, o saat ciddiləşərik və hamının görmək istədiyi kimi olarıq. Bu, əsil özünə qəsddir!
Qəribəsi odur ki, cəmiyyətdə ağıllılar dəlilərdən, divanələrsə ağıllılardan eyni dərəcədə qorxur. Hər kəs öz mahiyyəti qarşısında özü kimi olmağa borcludur. Bu əsrin ortalarında ola bilər dəlilərin sayı artacaq. Amma onunla birgə xoşbəxt insanlar da çoxalacaq. Ağıllıların qayğıları, dəlilərin isə sevinci artacaq.

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?