Həyati
natürmort
Dünya, reallıq,
həyat, Yer kürəsi…. Daha sonra gündəlik yaşayış, qaçhaqaç, «Səhər naxıra,
axşam axura» prinsipiylə süzülən gündəm, mənzilimiz, gecə və gündüz,
pis və yaxşı, sən, mən, biz… Bəlkə bütün bunlar yoxdu? Bəlkə «Matritsa»
filmindəki kimi yaşayırıq və reallığın əsil üzünü hələ ki, görməmişik.
Filmi xatırlayarsız, insanlar sanki yaşayırmış kimi özünü hiss edərkən
məlum olur ki, onlar əslində yatıb və bütün hadisələr onların beynində
baş verir. Bəlkə biz də beynimizdəki informasiyanı oxuyacaq əlifbanı
hələ öyrənməmişik? Bəlkə bütün bunlar yoxdu? Biz yaşadığımız reallıq
barədə heç nə danışa bilmiriksə niyə də belə düşünməyim.
Hər şey insan düşündüyü qədər mürəkkəb deyil. 10-15 adamı eyni reallıq
parçasıyla üzbəüz qoyaq. Bu həyat peyzajı, ya da masa üzərində qurumuş
meyvədən ibarət natürmort da ola bilər. Mənzərəni seyr edənlərin hamısı
gördüyünü fərqli təsvir edəcək. Qurumuş meyvə kimdəsə xatirələr oyadacaq,
kimdəsə çürük meyvəyə ikrah duyulacaq, kimsə etinasızcasına quru meyvənin
qabığına gözünün ucuyla da baxmayıb onun nə vaxtsa gözəl olduğunu düşünməyəcək.
Deyəcəksiz ki, bu, insan psixologiyasıdır. Bəlkə bu, elə bir insan duyumundan,
elmdən də yuxarıda dayanan bir şeydi?
Real hadisələrə fərqli baxış bucağını, adilikdə gözəllik axtarmaq cəhdini
müxtəlif dövrlərdə incəsənət adlandırıblar. İncəsənət başlayan yerdə
elm susur. Çünki elm deyir ki, paralel xəttlər heç vaxt kəsişmir! Amma
elmin sözünə baxan kimdi? Axı elm teleportasiyanı (ani olaraq bir yerdən
o biri yerə köçürülmə), telepatiyanı (fikir oxuma), levitasiyanı (insanın
köməkçi aləti olmadan uçması) izah edə bilmir. Elm hətta sevginin nə
olduğunu başa salmaqda acizdi. Gah deyir, fiziki hadisədi, gah da deyir
ki, kimyavi prosesdi. Sözü qurtaranda hər şeyi psixologiyanın üstünə
yıxır. Deyir ki, neynəsin, insan sevməsə dayana bilmir. Mən istəyirəm
ki, elm mənə izah eləsin, insanlar bir neçə saniyə ərzində o biri dünyaları
necə gəzib gələ bilər? Ömründə görmədiyi, bəlkə min il əvvəl yaşamış
adamlar barədə informasiyanı hardan oxuya bilər? Arxioloji qazıntılar
nəticəsində tapılmış telefon hissəciklərindən necə xəbər tuta bilər!?
Axı bu qazıntının yaşı 100 min ildir, bunu isə elm deyir.
Bəlkə reallıq tamam başqa bir şeydi? Bəlkə bu saat paralel dünyalarda
çox vacib qərarlar qəbul edilir və məhz sənin səsin, fikrin burda həlledicidir?
Bəlkə elə indilərdə başqa zaman ölçüsündə qanunsuz eyvanımın altından
qatar keçir? Hər dəfə relsləri danqıldadıb keçəndə qatar basdırdığımız
trubaya dəyib qəzaya düşür? Ya da sökülən evlərin əksəriyyətti kosmik
qanunları pozurmuş deyən buldezerin ağzına verilib. Məhkəmə iddiaçılar
bunu bilirmiş, amma bizə demirlər. Bəlkə bizim fikirlərimiz hansısa
dünyaların daşı, qumu və sementidir? Orada da total tikinti şəraitidir.
Bunu heç kim bilmir, demək olar ki, buna heç kim inanmır. Amma inananlar
var. Bəyəm bizə demyiblər ki, o dünyada ilk qarşılaşdığımız öz əməllərimiz,
fikirlərimizdən yaranan obraz olacaq? Bu obrazın rəsmini indidən çəkirik.
Reallığın obyektivliyinə inanmayanlar həmişə olub. Onlar az qala anadangəlmə
duyğuyla bilib ki, incəsənət obyektlərin təsviri üçün deyil. Natürmort
çəkirsənsə meyvənin tamını çəkməlisən, adam çəkirsənsə onun içalatını.
Onlar inanıb ki, müəyyən bucaqdan baxanda bu obyekt bəlkə də heç yoxdu.
Kubistlər bunu çox uğurla nümayiş edir. Kubik predmetlərdən ibarət tablonun
qarşısında dayanan adam heç olmasa bir neçə dəqiqə gözünü ordan çəkməyib
rəsmin nə demək istədiyini, kubların, üçbucaqların arxasında nə olduğunu
düşünməyə məcburdur. 20-ci əsrin simvollarından biri sayılan rəssam
Pikasso deyirdi: «İncəsənət yalandı. Amma bu yalan bizi düzünü danışmağa
məcbur edir. Heç olmasa bizim öz anlamımızdakı həqiqəti deməyə…».
Dünya pisdirsə deməli günah ona baxan gözlərdədi ki, yaxşı görmür. Onu
həkimə aparmaq, müalicə etmək, alınmasa heç olmasa eynək geyindirmək
lazımdı. Ona görə də gələn dəfə nəsə «çəkmək» üçün fırçanı əlinə alanda,
nəçə «yaratmaq» üçün klaviatıraya döyəcləyəndə bil ki, bu hardasa yaranan
bir obrazın «gözlərinə sürmə çəkir». Pikasso deyirdi: «İnsanın profilini
çəkmək üçün bir yox, üç burun çəkməlisən ki, oxşasın».
Hamımız rəssamıq və hər hərəkətimizlə, fikirlərimizlə yeni dünyaların
rəsmini çəkirik. Axtarırıq, forumlara qoşuluruq, musiqi diləyirik, rəsmə
baxırıq, müasir və yeni olan hər şeyə tamarzı olduğumuzdan yeniliyi
az qala burnumuzu küləyə tutub axtarırıq, iy çəkirik. Aha, deyəsən budu!
Yox, alnmadı, yenə irəli. Ardını yaşayırıq, irəliləyirik. Bəzən elə
bilirik ki, həyatın içində yox, paralel dünyalarda addımlayırıq. Yaradıcı
adamlar bilir ki, paralel xəttlər həmişə kəsişir…