Kitab
oxuyan qadınla mübahisə eləməzlər!
Zorakılıq alətini işə salmağı sevən kişilərə ünvanlanıb
Ər redaktə
olunmuş kişidir!
Epiqrafı yazmazdan
əvvəl xeyli düşündüm. Redaksiyanın bütün redaktorları kişi olduğundan
bu cümlənin redaktə olunmaq ehtimalı çox böyük idi. Amma sonra özümə
bir fikirlə toxdaxlıq verdim: onlardan hes biri mənim redaktə olunmuş
kişim olmadığından «məndən keçdi» deyib cümləyə əl vurmazlar, yəqin?..
Deməkdən yoruldum, amma kişilər bizim fikir yürütməyimizi heç sevmirlər.
Elə bil bazarda neftə, qəndə, çaya olan monopoliya kimi fikir yürütməyə
də monopoliya var. Qadın məntiqi anlamanı ortaya atan kimi (Əslində
bu anlamın özünü də kişi alimlər kəşf edib. Bunu bizim kişilərə necə
anladasan?) ən tərbiyəlisi belə dişlərini qıcıdır və müdafiə pozasını
alır. Yəqin bu sözün ardınca nəsə sürüşkən, qarmağa gəlməyən, mütləq
kişi pozisiyasını laxlada bilən sözün gələcəyini düşünür. Həm də ki,
lapdan deyilmiş bir cümləyə cavab quraşdırmağa kişiyə bir qədər vaxt
lazımdı. Kişilərçün biabırçı dərəcədə axmaq, amma qadın məntiqinə görə
dahiyanə fikri ortaya atmağa qadına bir, uzağı iki saniyə kifayətdi.
Bax, aşağıdakı fikir kolleksiyasından bir cümləni inanıram ki, bir kişi
özünə yaraşdırıb dilinə gətirməz. Çünki onlar qadın məntiqinin məhsuludur:
- Mən feminist deyiləm, sadəcə olaraq bir az ağıllıyam.
- Mən arıq deyiləm, səhərlər yeməyi sevmirəm ona görə belə görünürəm.
- Mən Venera deyiləm, çünki məndə venerik heç nə yoxdu.
- Mən gözəl olmasam da dəhşət dərəcədə gözəgəlimliyəm.
- Mən kök deyiləm, dünən üç dəfə şam yeməyi yemişəm, ondan belə görünürəm.
- Mən sizdən ağıllı deyiləm, Siz məndən kütbeyinsiz.
- Mən ləçər deyiləm, bir qədər tolerantlığı gözləmədim, vəssalam.
- Mən öz qiymətimi yaxşı bilirəm, amma heç vaxt dilimə gətirmərəm.
- Mən frigid deyiləm, sizin keçəlinizi bəyənmirəm, neynim?
- Mən təkəbbürlü deyiləm, bir qədər vasvasıyam.
- Mən naz-qəmzəli deyiləm, belə bacarmaram!
- Mən şahzadə olmasam da bəziləriyçün böyük hədiyyə ola bilərəm.
- Mənim dilim zəhər deyil, amma həmişə düşündüyümü deyirəm.
- Mən səliqəsiz deyiləm, andıra qalmış şkafda əşyalarçün yer yoxdu.
- Mən natəmiz deyləm, bir qədər qab yumağı sevmirəm.
- Mən təmbəl də deyiləm, bir balaca yatmağı sevənəm.
- Mən pinti deyiləm, hamı bilir ki, corabı almaq onu yumaqdan asandır.
Nə bileydim ki, şokolad cibdə əriyir?!
- Mən yalan demirəm, mən uydururam.
- Mən ciddi deyiləm, bir qədər xəyalpərəstəm.
- Mən sizi təhqir etmirəm, sadəcə uzun cümlələrlə danışmağı sevirəm.
- Mən sizi həqiqətən də təhqir etmirəm, mən sizi öyrənirəm.
- Kim deyirki, mən kişiləri sevmirəm, sizi özündən çıxarmamış işlətmək
olmur axı!
Bu ifadələri öz qulaqlarıyla eşidən kişi adəti üzrə qadından qisas almaqçün
fiziologiyasının üstün cəhətlərini işə salmağı həmən düşünəcək. Qadınçün
isə hər vəziyyətdən çıxış yolu var. Məşhur lətifədəki kimi: Balıq tutmağı
sevən ər kitab oxumağı sevən arvadıyla balıq tutmağa gedibmiş. Tilovun
başında mürgü döyən ərindən bezən qadın qayığı bir az irəli sürüb kitab
oxumağa başlayır. Onu cinayət üstündə yaxaladığını düşünən polis qayığa
yaxınlaşıb soruşur:
- Sabahınız xeyir, xanım, siz burda neynirsiz?
- Kitab oxuyuram.
- Burda balıq tutmaq qadağandı, bilmirsiz?
- Mən ki, balıq tutmuram, kitab oxuyuram.
- Noolsun, sizin brakonyerlik etməkçün bütün alətləriniz var. Sizi həbs
edib şöbəyə apramalı olacam.
- Onda mən sizi seksual təcavüzdə günahlandıracam.
- Mən sizə heç barmağımın ucuyla da toxunmamışam.
- Noolsun, sizin də bütün alətləriniz üstünüzdədi!
Burdan belə - nəsihət desəm lap ağ olar, nəticə deyim – çıxarmaq olar:
Kitab oxuyan qadınla mübahisə eləməzlər! Çox guman ki, o da sizin kimi
düşünməyi bacarır. Sənin gözlərini açanın ağzını yummaq böyük cəhalətdi!
İmkan verin biz də danışaq da...