Külək
sürətində fikirlər
Deyəsən zəhmətkeşlikdən və həmrəylikdən qurtulduq
Bu ilin mayın 1-də havaya fikir verdiz? Normal, günəşli bir gün idi.
Axşam tərəfi bir az soyuqlaşdı. Amma sabahısı hər şey öz yerinə qayıtdı.
Maraq üçün Moskvadan may nümayişlərinin şəkillərinə baxdım. Orda da
hava əla idi. Fotolarda günəşli bir gündə, rəngbərəng geyimli, azsaylı,
amma xoşbəxt üzlü adamlarn yığıncağı görünürdü. Bu ilin mayın 1-də zəhmətkeşlərin
həmrəylik günündə hava bizə sürprizlər eləmədi.
Amma mən ömrümün 1 maylı, nümayişli illərində həmişə bu günü yağışlı,
soyuq, ya da heç olmasa buludlu bir gün kimi xatırlayıram. Səhər tezdən
durmalı olurduq. Çünki dünəndən hamımızı adbaad xəbərdar etmişdilər
ki, sabah nümayişə gəlməsək nələr ola bilər. Televizorda may nümayişi
çox təmtəraqlı görünsə də əslində çox üzücü bir hadisə idi. Çünki müəyyən
olunmuş yerdə görüşəndən sonra meydana qədər tısbağa kimi addım-addım
sürünməli olurduq. 2 addım gedib sonra dayanır, bəzən saatllarla yerimizdən
tərpənə bilmirdik. Başqa, ola bilər bizdən daha vacib sayılan idarələri
qabağa salır, bizi gözlədirdilər. Üstəlik hərəmizə adını bilmədiyimiz
kişilərin portretini, transporantlar, bayraqlar vermişdilər. Şarları
özümüz doldurub gətirməli idik. Bütün portretlər içində Marks, Engels,Lenin
üslüyünün profili daha mərhəm gəlirdi, çünki qalanlarını heç tanımırdıq.
Tribunaya çatanda hamımızı tələsdirir və çığırmağa məcbur edirdilər.
Nə qədər ki, sovet quruluşu başımızın üstündə Damokl qılıncı kimi dayanıb
hamını hədələyirdi mayın 1-də havanın qırışığı açılmırdı. Çünki, yarandığı
vaxtı deyə bilmərəm, sonradan bu nümayişə adamlar həvəssiz və deyinə-deyinə
gəlirdilər.
Havanın insanların arzusuna, əhvalına uyğunlaşması ideyası absurd görünə
bilər. Amma buna hələ bir neçə nümunəmiz də var. Hər ilin aprel ayında
isti və soyuq günlər təqvimdə intensiv itələşən vaxtlarda soyuq, küləkli
günlər həmişə Pasxa bayramı ərəfəsinə düşür. Aprel ayında hava üz-gözünü
turşudan kimi Bakı əhli bilir ki, Pasxa bayramı keçən kimi havalar həmən
düzələcək. Həm xristianların, həm də yəhudilərin Pasxa bayramı aprel
ayına düşür. Qaydaya görə xristian Pasxası yaz gecə gündüz bərabərlşməsindən,
yəni bizm Novruz bayramımızdan sonra təzə ay doğulan həftənin bazar
gününə düşür. Yəhudilərin pasxası isə bir az sonra olur. Özü də havanın
bu cür surprizləri yalnız Bakıda olur. Yəni müsəlmanların, yəhudilərin
və xristianların yanaşı yaşadığı bir şəhərdə. Bir az kənarda, başqa
şəhərdə, ölkədən qıraqda belə bir hadisə müşahidə olunmur. Rusiyada
əksinə, pasxa qabağı havalar düzəlir.
Daha bir misal, mən bunu artıq neçə illərdir ki, müşahidə edirəm, yayda
plyaj sezonu başlayan kimi həftə sonu külək, tufan əlindən dənizə yaxın
düşmək olmur. Tərs kimi bütün həftəni günəş başımıza döyür, həftə içi
dənizdə sərinlənmək fikri ilə işləyirsən, istirahət gününü gözləyirsən.
Amma cümə günü gecədən dəli küləklər başlayıb dənizin altını üstünə
çevirir. 2 gün bizi incidib dənizə, gəzməyə həsrət qoyandan sonra bazar
günü axşamdan sakitləşir. Bazar ertəsi quzu kimi sakit dayanıb arabir
yırğalanan dənizə həsrətlə baxıb işə gedirsən və növbəti istirahət günləri
barədə arzulamaqda davam edirsən. Anoloji hadisəni başqa ölkələrdə də
müşahidə edirlər. Həftə sonu çəmənlikdə istirahət etmək istəyənləri
həmişə çürprizlər gözləyir. Qəfil yağış yağa bilər, gün buludların altında
çıxmaqdan imtina edə bilər. Sinoptiklər deyir ki, ayın ən soyuq, küləkli
günləri çox vaxt həftənin şənbə və bazar günlərinə düşür. Etibarla mənbələrdən
bu informasiyanı oxuduqdar sonra məsələnin kifayət qədər ciddi olduğu
barədə də düşünməli olursan.
Ənənəvi dünyagörüşündən fərqli düşünən alimlər deyir ki, bu, insan fikirlərinin
məhsuludur. Yəni ki, havanın necə olacağı birbaşa şəkildə insan emosiyalarının
təsiri altındadır. «Havanın neçə olacağına təsir edirik?!» fikri adamın
beynini alt-üst edə bilər. Amma faktlara inanmamağa əsasımız yoxdur.
Alimlərin fikrincə insanlar 5 günlük iş həftəsində çoxlu stress situasiyalara
düşür, mənfi emosiyalar keçirir və bütün bunlar da enerjinin itməməsi
qanununa tabe olaraq atmosferdə toplaşıb istirahət günündə elə öz başımıza
düşür. 2 gün istirahət edib beynimizi səliqəyə salan kimi hava da özünü
yığışdırır və ilin qrafikinə uyğun şəkildə özünü aparır. Yağış yağmalıdısa
yağır, gün çıxmalıdısa çıxır. Bəlkə də həmin səbəbdən kurort zonalarının
havası həmişə stabil olur. Burda insanlar stressdən qurtulur, istirahət
edir və mənfilikləri öz ölkəsində qoyub bura bir qucaq müsbət emosiya
ilə gəlir. Bəlkə də ona görə artyq mayın 1-də hava korlanmır. Çünki
səhər tezdən durub mənasız nümayişə getmək lazım gəlməyəcək deyən gecəni
heç kim deyinib bu bayramı çıxaranı, lap yeri gəlsə bütün zəhmətkeşlərin
atabatasını söymür.
Yaranış haqqında bütün qədim əfsanələrdə su, hava, torpaq və odun canlı
olduğu və birbaşa Allahın əmrlərini yetirməsi barədə danışılır. Bir
hədisdə isə suyun hər gecə insanları öldürmək, Yer üzünü suya qərq etmək
üçün Allahdan izn diləməsi barədə deyilir. Guya Allah hər gecə sulara
səbrli olmağı və hələ ki, insanları müşahidə etməyi tapşırır. Həmin
məntiqlə yanaşsaq nə qədər ki, Bakı camaatı həyatından, küçələrdəki
qazıntılardan, zir-zibildən, məişətindən narazıdır buranın turizm zonası
olması ehtimalı yoxdur. Çünki Xəzri camaatın narazılıq ritmində əsməyə
başlasa (necə ki, elə əsir də) daş üstə daş dayanmaz. Ona görə də evləri
sökülən adamların qarğışları çox guman ki, Avrovijen iştirakçıları və
təşkilatçılarının yuxusuna haram qatacaq. Kimin qarantisi var ki, həmən
günlər Xəzər özünü quzu kimi aparacaq?