Bös-böyük
partlayışlardan sonra
Din keçmişin, elm gələcəyindirmi?
Bioloqlar daha yaxşı bilər, dünyanın ən adi mikroorqanizminə mikroskop
altında baxanda dünya adamın gözündə böyüyür. Bir damla qanda o qədər
canlılar qaçışır, toqquşur, münasibət qurur, ölür, bəlkə də ölənlərə
yas da tutur. Bioloqlar deyir ki, hansısa mikroorqanizmə, məsələn ən
adi lyambliya qurduna miroskop altında baxanda o elə bil ki, nəzarət
altında olduğunu duyur. Lyambliyanın quruluşu elədir ki, sanki 2 gözü
də var. O, ən adi günündə, ən adi həyatında yaşayanda, yəni insanın
bədənində oturuşub onun yediyini yeyib, içdiyindən dadanda mikroskop
altına düşən vaxtını hiss edir. Nəzarətçinin gözü hara gedirsə arxasıyca
boylanır. Bu fakt naşı bioloqları, işə təzə başlamış laboratoraiya işçilərini
bir az qorxudur. Çünki düz mikroskopa baxan layambliyanın baxışlarına
dözməli olur.
İnsan da arabir nəzarət altında olduğunu duyur. Gözünü göylərdən çəkmir,
hər addımında kiminsə sehirli iştirakını hiss edir. Lyambliyadan fərqli
olaraq insan kimin nəzarətində olduğunu bilir, Allahını tanıyır. Amma
elə həmin lyambliya kimi onun nə təsvirini verə bilir, nə də Allahın
ona münasibətini öyrənə. Məqsədimiz lyambliya qurduna Allahın kimliyini
izah etmək deyil, onsuz da anlamayacaq. Əgər kiməsə lyambliya və insan
arasında paralel aparıb qulağına Allahın deyil, ranqca nisbətən aşağı
məxluqların nəzarətində olduğunu desən ağzından vurarlar və dediklərini
küfr sayarlar. Hamı mütləq baş komandanın özü də şəxsi nəzarətində olduğunu
zənn edir və özünü onun bir növ ev heyvanı kimi saxladığı sevimli və
seçilmiş məxluqu sayır. Bu, bir növ paranoyadır. Müsbət mənada paranoya.
Kimsə laboratoriya şüşəsi üstündə hərəkət etdiyini heç ağlına da gətirmir.
Adam var heç birhüceyrəli lyambliya qədər də deyil, kimliyini anlamır.
Əgər lyambliya mikronlarla ölçülən bədəni və bizim anlamımızda olmayan
ağlıyla bizi görürsə, daha doğrüsü hiss edirsə niyə biz özümüzdən ali
qüvvələri duymuruq? Minilliklərdir ki, elm və din bir-birinin ətini
didir və razılığa gələ bilmirlər. Keçən il «Allaha inam və elm arasında
ziddiyyət yoxdur» deməsiylə aləmi bir-birinə qatan «İnsan genomu» layihəsinin
rəhbəri Frensis Kollinz hara getsə sual verənlərin içində Riçard Dokinz
adlı opponenti olur. «Allaha inam intellektə xəyanətin zirvəsidir» deyən
Dokins dini kütləvi miqyasda virus sayır və təkamülü ləngitdiyini deyir.
Dində ümidləri qırılmış alimlə keçmiş ateist-genetik səsi batanacan
mübahisələr etsələr də sonunda heç kim qalib gələ bilmir. Hər iki cəbhənin
tərəfdarları bu söhbəti səngiməyə qoymurlar. Bu iki, inanan və inanmayan
alimin mübahisəsini tam şəkildə şərh etmək fikrindən uzağıq. Maraqlı
məqamlardan birini diqqətinizə çatdıraq. Ateist alim Dokkinz «Əgər həyatı
Allah yaradıbsa niyə ən çətin yolu seçib? Əvvəl 10 milyard il gözlyib,
sonra daha 4 milyard ilə insanı formalaşdırıb ki, nəticədə günahlar
içində batan təzim edən kütlə əmələ gəlsin?» sualını qoyanda maraqlı
cavab aldı: «Biz niyə düşünürük ki, Allahın məqsədi bizi kamil yaratmaq
idi? Bəlkə o, bizi daim allahını axtaran insan kimi yaratmaq istəyirdi?
Bunun üçün də O, təkamül prosesi kimi yol seçib öz varlığını bizə sübut
etdirir».
Bir neçə il əvvəl gördüyüm və adını artıq unutduğum
bir filmdən səhnə neçə illərdir ki, yaddaşımdan silinmir. Varlı evin
uşağı dayəsiylə Allah haqqında söhbət edir. Uşaq balaca olsa da kifayət
qədər məlumatlı olduğundan artıq «Böyük partlayış» nəzəriyyəsinin məğzini
bilirdi. Bu nəzəriyyəyə görə kainat təsadüfən baş vermiş bir partlayışdan,
qığılcımdan yaranıb. Bu partlayışdan sonra olan bütün hadisələrin izahını
elm verə bilir. Amma partlayışın nədən baş verdiyini kimsə bilmir. Uşaq
dindar dayəsindən «Sən böyük partlayışa inanırsanmı?» soruşur. Dayə
«Yox, mən Allaha inanıram» deyir. Uşaq kefini pozmadan «Bəlkə böyük
partlayışı elə Allah özü yaradıb» cavabını verir. Uşaq ağlı çevik olar.
Bu cavab illər uzunu dindarlar və alimlər arasında gedən silahsız «müharibənin»
həlli də ola bilər.
Əgər kiçik bir qığılcım partlayış, sonra həyat yarada bilirsə cəmiyyətdə
kiçik qığılcımların da nə vaxtsa dəyişiklik edəcəyi ehtimalını yaradır.
Yaradıcılıq məsələlrində alimların imanlı, dindarların alim olması arzulanandır.
Alimlər və dindarlar şübhəsiz cəmiyyətin seçilmiş təbəqəsidir. Nəzərə
alın ki, hazırda Azərbaycanda bu iki təbəqə ən çox incidilən və sıxılanlardandır.
Hər iki təbəqəni aradan götürsələr, yaxud simasızlaşdırsalar görəsən
yerdə kimlər qalacaq?..