Ləzət
mərkəzi
Bu günlərdə oxudum ki, alimlər insan nəfsinin sirrini tapa biliblər.
Adını «ləzzət mərkəzi» qoyublar. Əvvəl tapıblar, sonra tapdıqlarından
diksiniblər. Yenicə kəşf edilmiş nöqtəyə təsir eləməklə təcrübə altındakı
adi insanları dahilərə və optimistlərə çevirmək mümkün olurmuş. Amma
təcrübəni bavam etdirdikcə tezliklə bu insanları həyatda yemək, içmək
və ləzzət almaqdan başqa heç nə maraqlandırmayıb. Həmin nöqtəyə həddən
artıq təsir eləsən ləzzət almaq həvəsi bütün hissiyyatı, həyatdakı bütün
duyğuları öldürüb məqsədə çevrilirmiş. Bundan sonra alimlər həmin nöqtəni
cümleyi cahana faş eləmək fikrindən daşınıblar. Qorxublar ki, insanlar
yalnız ləzzət haqqında düşünər, ondan başqa həyatdan heç nə istəməzlər.
Alimlərin çəkindiyi bu mənzərə sizə tanış gəlmədi ki? Bizim qədər yeyib-içməyə
meylli, onu həyatının məqsədinə çevirən insanların hamısını elə bil
bu diyara sürgün eləyiblər. İki saniyəlik ləzzət almaq uğrunda nələri
qurban verə bilərik? Nolar biz də beləyik, özümüzü yola verərik.
Heç onu demədim ki, siçanlar üzərində bu eksperimenti tətbiq edəndə
özündən çıxmış, yalnız ləzzət axtaran siçanlar dünyanın ləzzətini dadandan
bir az sonra hər şeyi, yenicə doğulmuş balalarını da unudandan sonra
gərginlikdən ölürmüşlər. Lətifəsi bizdən iraq.
Dürlü-dürlü xarici alimlər bu cür mərkəzi oyun-oyuncaqçün tapmayıb ki?
həmin mərkəzin tapılması narkomanların müalicəsində də istifadə edilirmiş.
Neyroxirurqlar xəstənin kəlləsində dəlik açır, həmin o dəlikdən beyninə
girib ləzzət mərkəzini dondururmuşlar. Beynində küləklər oynayan narkoman
dünya ləzzətini, hər gün can atdığı «kayfını» unudurmuş. Biz də başımızda
dəlikmi açaq?
Bu mərkəzin fəaliyətsizliyi isə insanı seksual oriyentasiyasını dəyişməyə
məcbur edir. Bu mərkəzi bir balaca qıdıqlasan kişilərə şorgöz baxışla
baxan «mavi»ni normal kişiyə çevirə bilərsən. Bu mərkəz kifayət qədər
yaxşı işləməsə cəmiyyətdə «mavi»lər artır. İndi baş açmıram, bizim beynimizdəki
mərkəzi qıdıqlasaq yaxşıdı, yoxsa rahat buraxsaq.
Axırda biz də siçanlar kimi qırılacağıq ya yox, bunu da bilmək çox çətindi.
Sürətli maşın sürmək, erotika, alkoqol, dəbli telefon gəzdirmək ləzzəti,
hətta SMS xəstəliyinin sonu necə olar? İngiltərənin psixoloqları isə
deyir ki, müasir cavanlara adi SMS yazışması sonsuz səadət hissi bəxş
eləyir. Yazıb sonra həsrətlə cavabını gözləmək, məşhur şairlərin şeirlərini
SMS həcminə qədər ixtisar edib öz şerin kimi qələmə vermək…. Deyirlər
ki, bu ləzzətin həcmi alkoqol ya da seksin gətirdiyi ləzzət qədərdi.
Alimlər onu da deyir ki, bu yol psixiatr kabinetinə aparan ən qısa yollardan
biridir.
Azərbaycanlıların ləzzətə olan münasibətini məncə dünya alimlərindən
gizli saxlamaq lazımdı. Yoxsa buralara doluşub milləti xilas eləmək
məqsədilə yenicə tapdıqları beyin nöqtəsini «söndürməyə» başlayarlar.
Biz onlara necə başa salaq ki, bu bizim həyat tərzimizdi, heç kim beynimizdə
eşələnib elməyib. Nə dəlik açıblar, nə qıdıqlayıblar, nə də dondurublar.
Biz anadangəlmə ləzzətsevənlərik.