|
Balaların babası
Yaxud babaların bəlası
Artıq 5 ildir ki, təbrizli Səkinə Məhəmmədi - Aştiani İran türmələrində
zülm çəkir. Onu ərinin ölmündə günahkar bilirlər və nikahdan kənar 2 kişi
ilə zinakarlıqda ittiham edirlər. Adıçəkilən günahlarına görə o, artıq
99 şallağın dadına baxıb. İndi isə daşqalaq yoluyla öldürüləcəyi günü
gözləyir. Daşqalaqla edam ölümlərin ən dəhşətlilərindən biridir. Çünki
elə ölçüdə daşlar seçilir ki, 20 dəqiqə sürən edam prosesində məhkuma
verilən əzab uzun çəksin və ölüm tez gəlib onun canını asanlıqla qurtarmasın.
43 yaşlı xanımın uşaqları 16 yaşlı Fəridə, 20 yaşlı oğlu Səid beynəlxalq
ictimaiyyətə müraciət edərək hökmün dəyişdirilməsini istəyiblər. Beynəlxalq
Əfv Təşkilatı bu qərarı çağdaş dövlət üçün qəbuledilməz sayaraq İran hakimiyyətini
hökmü dəyişdirməyə çağırıb. İran İslam Respublikası qərarın icrasını təxirə
salıb. Amma Ramazan bayramından sonra edam məsələsi hən an yenidən aktuallaşa
və icra edilə bilər.
Hazırda demək olar ki, bütün dünya daşqalağa məhkum edilmiş azərbaycanlı
xanımın müdafiəsinə qalxıb. Dövrün güc və söz sahibləri, məşhurlar, aktyorlar,
intelligensiya və sadə oxucular daşqalaq olunacaq xanımın müdafiəsinə
açıq məktublar yazıb etirazını bildirir. Fransız yazıçısı Bernard Henri
Levinin «La regle du jeu» saytında (http://laregledujeu.org) Səkinənin
çadralı fotosu saytın bannerindən qəmgin gözlərlə bizə baxır. Fotonun
altındakı sayğac müdafiəyə qalxanların sayını göstərir. Artıq 139 554
məktub «Səkinəni daşqalaq etməyə mane olmaq lazımdı!» şüarına qoşulub
və bizi də haraylayır. Bu məktubların içində avqustun 24-də yayılmış bir
məktub mənə o birilərindən daha maraqlı gəldi. Çünki onu Fransanın birinci
xanımı keçmiş model Karla Bruni-Sarkozi yazmışdı. Fransanın 23-cü prezidentinin
3-cü arvadı Səkinəyə «Mənim ərim sizi müdafiə edəcək. Fransa sizi fəda
etməyəcək» deyib təskinlik verirdi.
Yəqin ki, Karla Bruni bu məktubun İran tərəfdən kəskin şəkildə reaksiya
doğuracağını anlayırdı. Məktubda belə deyilirdi: «Səkinə! Sənin işinə
baxan hakimlər bilməlidir ki, bu gün sən beynəlxalq simvola çevrilmisən.
… Sənin o dərd və ağrı çəkmiş gözlərinin torpağa basdırılaraq daşqalaq
olunmasını, şəxsiyyətinin tapdanmasını təsəvvür etmək mənim üçün ağırdır.
Bu nifrət doğuran bir kabusdur. Təkcə səni yox, bütün qadınları, uşaqları,
bütün insani hissləri, insan şəxsiyytini hədəfə alan bu hökmün qarşısında
necə susmaq olar axı? … Axı nəyə görə, sənin qanını töküb uşaqlarını səndən
ayırmaq istəyirlər? Yalnız ona görə ki, siz yaşamısız və sevmisiniz? Ona
görə ki, siz qadınsınız? Ona görə ki, siz iranlısız? Mən bunları qəbul
etməkdən imtina edirəm! Uzun illər edam mənim vətənim Fransada qanunların
bir hissəsi olub. Lakin bu gün mən fransalı olmağımla fəxr edirəm. Çünki
bizdə artıq çoxdandır ki, edam cəzası ləbv edilib». Məktub Fransanın «Liberation»
qəzetində və bir neçə jurnal və saytlarda təkrarən nəşr edildikdən sonra
İranın «Keyhan» qəzetində «Fransız fahişələri insan hüquqlarından danışmağa
başlayıb» başlıqlı yazı çap edilldi. İran tərəfi düşünür ki, bu müraciətlə
Karlo Bruni öz əxlaqsız hərəkətlərinə və çoxsaylı sevgi romanlarına bəraət
qazandırmaq istəyib.
Mərhəmətli fransız xanımı və ölümünü gözləyən azırbaycanlı qadın əslində
mənsub olduqları xalqları çox gözəl təmsil edirlər. Prezident arvadı olanadək
artıq tanınan Karlo Bruni barədə məlumat toplamaq istəyən hər kəs İnternetdə
onun çılpaq rəsmlərini seyr etməli olur. Gözəl və maraqlı qadındır. Çoxsaylı
sevgi macəralarından da danışmaqda həvəslidir. Hətta nə vaxtsa «Mən monoqamiyadan
bezirəm» deyib bir nəfərlə yaşayacağını təsəvvür etmirdi. Amma onu yox,
qaşının üstünədək bağlanmış Səkinəni daşqalaq edəcəklər. Nə üçün? Ona
görə ki, Karlonun babaları nə vaxtsa azadlıq uğrunda qan töküblər. «Azadlıq,
bərabərlik» şüarının əllərinə alıb barrikadalarda vuruşublar ki, nə vaxtsa
balaları bunun bəhrəsini görsün. Respublika qurublar, hüququ parlament
yaradıblar, qanunları işləməyə məcbur ediblər, həqiqi seçkilər yapıblar,
bir sözlə bütün dünyanı azadlığa yoluxdurublar. Həmin bu vaxtlar isə Səkinənin
babaları əyiliblər. Azadlığı, müstəqilliyi dolanışığa, bir parça çörəyə
dəyişdiriblər. Torpaqları əldən veriblər, güzəştə gediblər. Ona görə də
bu gün azərbaycanlı balaları analarını salamat görməkçün üzünü dünyaya
tutub yalvarır, fransız xanımı isə köməyə tələsir. Ümumiyyətlə Karlo Bruni-Sarkozinin
mərhəmətli olmaq kimi bir növ adətkarlığı var. O, arabir heyvanların da
müdafiəsinə qalxaraq təbii xəz geymədiyini və buna görə heyvan öldürməyin
əliyhinə olduğunu deyib açıq məktub yazır. Bu addımın müqabilində heyvanların
müdafiə cəmiyyətinin sədri Den Matyuz «Stella McCartney» dükanından ayaqqabı
pəşkeş edib onu inandırır ki, ayaqqabının ərsəyə gəlməsində bir dənə də
heyvan zərər çəkməyib. Avropa heyvanları və adam kimi yaşamağı arzulayanları
qoltuğuna almağa çalışır.
Fransızlığı ilə fəxr edən Karlo Bruni fransız vətəndaşlığını 2008-ci ildə,
Fransa prezidentinə ərə gələndən sonra alıb. Buna görə o, 2007-ci ilin
prezident seçkilərində ərinə səs verə bilməyib. Yəqin ki, ölüm-dirim arasında
olan Səkinə Aştianiyə vətənini dəyişdirmək təklif edilsə o, tərəddüdsüz
bunu qəbul edər və canını qurtarar. «Günah babalardadı!» deyib çəkilmək
əslində bir növ qorxaqlıqdı. Çünki balaların babalara çevrilməsi prosesi
dayanmadan gedir və tarix üçün bir göz qırpımında, 20-30 il ərzində baş
verir. Biz babalarımızın səhvlərini düzəldərək balalarımıza gün ağlamalıyıq.
Hər gün, hər dəqiqə, hər an…
P.S. Hüquq müdafiəçilərinin məlumatına görə İranda son 2 ay ərzində 500
adam edam edilib. Ölüm dəhlizlərində minlərlə məhbus edamını gözləyir.
Onların müdafiəsinə heç kim məktub yazmır və heç yazmayacaq da…
|
|