Kumirini göstər, deyim kimsən


«Bütün kainatda bizdən bir dənədi» desək normal azərbaycanlının heç tükü də tərpənməz. Çünki dilinə gətirməsə də (bəzi abırlı insanlarda belə də olur) buraların suyun içib torpağının yetirdiyindən dadanların hamısı ürəyində belə düşünür. Həmin bu sözü bir neçə abırlı xarici və bir neçə abırlı millətin arasında desək əminəm ki, onlar da cavab tapmayacaq və gözlərini bərəldəcəklər, amma başqa səbəbdən. Onlar hardan bilsin ki, bura bir dənələr ölkəsidi. Azad rəqabət şəraitində inkişaf edən millətlər bunu anlamaz! Uzaqbaşı bunu özünə bir dənə deyənlərin kütləvi psixozu sayar, o da ən yaxşı halda.
Bir az öncəni xatırlayaq. Çox uzağa getməyək, Sovet dövründəki cəmiyyətdə şəxsiyyətə münasibəti yada salaq. O vaxtlar (SSRİ-də seks yoxuydu, dükanda ərzaq, keyfiyyətli geyim tarılmırdı və bütün uşaqlar kosmonavt olmağı arzulayırdı və hamı kommunizmə doğru iri addımlarla irəliləyirdi) bütün sahələrdə hər sənətdən bir dənəsi vardı. Xaricdə bizi təmsil eləməyə bir qadın (Zeynəb Xanlarova) və bir kişi müğənni (Rəşib Behbudov) vardı. Abırlı millətlərin gözüylə baxsaq təkcə onlara star, yəni ulduz adı vermək olardı. Çünki ulduz elə bir səma cismidir ki, onu planetin hər bir guşəsindən görmək olar. İşığı və səsi Balaxanıdan o yana getməyənlərin meqa, super, ultra star adlanmasına baxmayaraq. Zeynəb Xanlarova televizora çıxanda hər bir evin hətta ən səs-küylü cocuqları valideynləri tərəfindən xəbərdarlıq alır və ağzı nə idi ki, musiqi vaxtı cınqırını çıxaraydı. Əgər böyüklərini saymasaydı qulağının dibindən yağlı şillə alıb həmən otaqdan çıxarılmaqla cəzalanardı. Starın səsini yalnız o biri qonşuların evindən gələn əks-sədadan eşidə bilərdi, çünki hamı eyni kanala baxardı.
Həmin o vaxtlar Rəşid Behbudov yer kürəsini əldən salmışdı. Onun repertuarını bilənlər coğrafiyadan gözüyumulu imtahan verə bilər, hətta uzaqdan gələn qonaqlara onların dilində bir iki ağız qırıldamaqla fors eləyə də bilərdi. Avaranın mahnısını Rac Kapurdan nəinki Rəşid Behbudov, həm də elə bütün millət də daha yaxşı oxuyardı. Deyirlər oğlanlar qızlara bu mahnıyla ürək açardı. Bizim cəmi bir dirijorumuz (Niyazi) və bir pianoçumuz (Fərhad Bədəlbəyli) və bir cüt vokalçımız (Fidan və Xuraman Qazımova bacılarını da bir saymaq olar) vardı. Təkcə məşhurlarda deyil hər yerdə beləydi. Tarlalarda bir dəstə adam çalışar, nəticəsini bir nəfərin ayağına yazardılar. Bir dəstə alim kitab üzərində çalışar, amma üz qabığında bir nəfərin adı yazılardı. Bütün bunlar onunçün edilirdi ki, xalqın pərəstiş eləməyə kumiri olsun. Heç bir, hətta abırlı xalq da kumirsiz keçinə bilməz!
Bəs bu gün necə? Dəstə nədi, axınla, selnən gələn oxuyanlar ordumuz var. Hamısı da ulduzcığazdan tutmuş meqa-stara qədər tərif şkalasında öz yeri və adıyla birgə. Amma bir abırlı müsabiqəyə göndərməyə adam tapmırıq. Hər il konservatoriyanı onlarla pianoçu bitirir, hətta dirijorlar da yetişir. Onların nə adını bilən var, nə də işindən xəbərdar olan. İndi elmi kitabı bir nəfər yazır, amma nəşrdən sonra kitabın üz qabığını 3-4 müəllifin adı bəzəyir. Torpaqda can qoyanları axtarsan da tapmazsan. Atalar məsəli var: «Çoxluq p..luqdur».
Deməli o vaxtlar kimsə bizimçün kumir yaratmaqla məşğul idi və öz işini o qədər yaxşı görmüşdü ki, sədası indiyədək gəlir. Bu günün kumiri axmaq rep, yaxud səviyyəsiz meyxana deyən, özünün içalatını çölə töküb iyrəncilik yapan, bir sözlə sandığı açıq, pambığı tökülmüşlərdi. Əlqərəz, Xalqım, öz kumirini özün yaratmalı olacaqsan, neynək bu da bir işdi əvvəl-axır görməlisən. Şəxsi həyatını efirə gətirnələrə «kumir ola bilməzsən» də demə. Fərqli, ekstravaqant və rəngarəng şəxsi həyatı Şovkət Ələkbərovaya, eləcə də Rubaba Muradovaya kumir olmağa heç də mane olmadı. Çünki sandıq açıb pambıq tökənlərdən deyildilər. Məncə bir balaca açıq-saçıqlığı, bir balaca da cəsarətli etirafları sənətkara bağışlaya bilən xalqsan.
Xalqım, bax ha, hələ bir neçə il də abırlı millətləri təəccübləndirib çənəsinin düşməsindən ləzzət alacaqsansa sonra kumir yaratmağa material da tapılmayacaq. Sən bizim ölmüşümüz, «məndən bir dənədi» demə, düşər-düşməzi olar, gözə gələrsən!..

 




Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?