Qapı arasında qalmış quyruqlar


Uzaq-uzaq, inkvizisiyası, tonqalda yandırması və işgəncəli dindirilmələriylə ad çıxarmış orta əsrlərdə əyləncə üçün yaradılmış alətlər də tükürpədici və qəddar idi. Məsələn, İspaniya kralı 2-ci Filippin qəribə bir musiqi aləti vardı. Onun adı «pişik klavisini» idi.
Pişik klavisini 14 bölmədən ibarət olurdu. Bölmələr bir-birindən taxta arakəsmələrlə ayrılırdı. Bu arakəsmənin hər birinə bir pişik otuzdurulurdu. Pişikləri xüsusi qayda ilə seçirdilər. Onun quyruğunu tapdalayır və çıxardığı səsin tembrini dinləyirdilər. «Kökləyici» usta hər pişiyin səsinə uyğun olaraq onu klaviş kimi lazımi bölmədə yerləşdirirdi. Əzabkeş pişiklərin bircə başı bayıra çıxırdı. Amma onların quyruğu klaviaturanın altında qalırdı. «İnsafsız» alətin klavişini basan kimi onun altındakı iynə pişiyin quyruğuna batırdı. Təbii ki, pişik də ağrıdan çığırır və oturduğu bölməyə uyğun səs çıxarırdı. Saray əyanları bu alətdə çalmağı, xüsusilə də akkord (Bir neçə səsin ahənglinə, birgə səslənməsinə akkord deyilir) götürməyi çox sevirdilər. Bəzən alətdə çalmaq üçün növbə yaranırdı. Bu qəddarlığın səbəbini kilsənin pişiklərə qarşı münasibətilə izah edirlər. Kilsə pişiyi İblisin köməkçisi və müjdəçisi elan etmişdi. Qara pişiklərin isə sağ qalma ehtimalı lap az idi. Bu alət çox qəddar olsa da Avropada kifayət qədər çox yayılmışdı. 1-ci Pyotr da dəbdən geri qalmayaraq Hamburqdan belə bir klavisin sifariş etmişdi. Aydın məsələdir ki, pişiklər belə şəraitdə çox davam gətirmirdi. Sıradan çıxmış pişikləri əlbəttə ki, zamanın dəbinə uyğun olaraq yandırırdılar.
Quyruğu klaviş arasında qalmış pişiklərn bu pozası mənə hazırki yaşam tərzimizi çox xatırlatdı. Heç kimin havasını kəsmirlər, yəni ki, başımızı çıxarıb, bəzən ölkədən kənara çıxarıb ciyər dolusu nəfəs ala bilirik. Amma arabir və mütəmadi olaraq quyruğumuzu tapdalayırlar ki, səsimiz çıxsın. Bu məmləkətdə yalnız əsəb xəstələri, o da ki, daim sakitləşdirici dərmanın təsiri altında olduğundan hər şeyə reaksiya verib çığırışmır. Nəqliyyatda da belədir, ofislərdə də, mağazalarda da, evlərdə də. Bu bir növ «pişik klavisini»ndən sağ çıxıb təsadüfən məhv edilməmiş zavallı pişiyin davranışına bənzəyir. Yəqin ki, o, quyruğuna batırılan iynələrin «ləzzətini» ömrünün sonuna kimi unutmayacaq və hər kiçik kontaktda ona iynə batmasa belə quyruğundakı ağrını hiss edəcək.
Biz bir millət olaraq təbiətən aqressiv deyilik. Bəlkə də əksinə, kifayət qədər sülhsevər, qonaqpərvər və bəzən ifrat sadəlövhük. Ola bilər bir az dalaşqanıq. Amma tez küsüb tez də barşanlardanıq. Bəs niyə ictimai, kütləvi tədbirlərdə, bu qədər gərgin oluruq? Xüsusilə də başqa millətlərə daim kimliyimizi, musiqimizi, mətbəximizi, mədəniyyətimizi göstərib (özü də son dərəcə əsəbi formada) hamya nəsə sübut eləməyimizdən əl çəkmirik? Ölkədən çıxası olsan bu əsəbilik hava limanında lap çox nəzərə çarpır. Məsələn, bu yaxında yerli aeroportun çox mərhələli yoxlamalarını ailəmizlə keçməli olduq. Əsəbilik bildirmədik, çünki «Belə lazımdı!» düşünürdük. Ayaqqabılarımızı da soyundurdular, körpə uşağı soyuq mərmər üstündə ayaqyalın saxladılar, azı 2-3 dəfə şüalandırdılar. Bütün bu prosedurlardan sonra uşağın əlindəki təyyarə gözləmə zalına keçmək üçün böyük əngələ çevrildi. Oğlum təyyarədə uçacağına sevinib oyuncaqlarının içindən bircə bunu seçib özüylə aparmaq istəmişdi. Nəzarətçi köməyə bir neçə adamı da çağırdı və onlar birlikdə, azı 5-6 adam, məşvərət edirdi ki, ucu iti olan oyuncağı təyyarəyə buraxsınlar, ya yox. Onlar oyuncağın çox təhlükəli olduğunu sübut etməkçün onu bıçaq kimi tutaraq bizi üstəlik tənbeh elədilər. Bıçaq kimi tutmaq azmış kimi, boynumuza yönəltdilər ki, nə boyda səhv etdiyimizi anlayaq. Həmin məntiqlə adi qələm də silah ola bilərdi. Oğlumsa tərslik edib oyuncağından əl çəkmək istəmirdi. Yarım saatdan sonra biz gözləmə zalına keçə bildik. Amma həmin hadisədən sonra oğlum təyyarəni həmişəki kimi uçuş vəziyyətində deyil, əsil bıçaq kimi tutur. Yəqin ilk dəfəydi ki, onun «quyruğuna iynə batırdı».
Müəyyən yaşa çatınca belə «iynələr»in sayı artır və az sonra bütün yaxşı təssüratları üstələyir. İnsan təbiəti belədi, yaxşını deyil, ağrını xatırlayır. Əgər çatdığımız yerdə bizi son dərəcə yaxşı qarşılamasaydılar hava limanındakı hadisəni normal yoxlama kimi qəbul edəcəkdik. Orda pasport yoxlamsında düz gözümüzün içinə 5-6 dəqiqə marıtlamaq əvəzinə bir baxışla kimliyi müəyyən etdilər, uşağın könlünü alıb konfetlə yola saldılar, maneəsiz baqajımızı aldıq, yəni ki, quyruğumuza iynə batıran olmadı. Sən demə batıran olmayanda adam səsini də çıxarmırmış. Yəqin elə bu cür davranış normadır, biz bilmirik. Bir də ki, nə vaxtsa «pişik klavisini» olubsa da ağrıdan müəyyən yüksəklikdə çığırmaq dünyanın bütün pişiklərinin taleyinə yazılmayıb. Nə qədər qəddar olsa da hər cür inkvizisiyanın dövranının keçəcəyi bir gün də olur.

 

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?