«Bomj» olmaq dəbdə deyil
(Kosaya ikinci çərşənbə məktubu)

Salam, Kosa. Hal-əhval, xoş-beş – on beş və s. belə tipli sözlər... Sözə simiclik eləmirəm, yerə qənaət edirəm. O qədər yazacaqlarım var ki, heç səhifə yetməz.
Səndən incimişəm. Neçə vaxtdı içimdə söz qaynadıram, tüstüsü təpəmdən çıxır. Elə bilmə ha, millət səni çox istəyir. Durub vaxt vədə yetişməmiş (gəlib çıxsaydın dalcan danışmaq olmazdı da!) səndən qeybət eləsəm camaat bunu milli dəyərləri alçaltmaq kimi başa düşərlər. Milli dəyərləri tapdayanlar, milləti nüfuzdan salanlar azmış mən də qoşulum onlara. Elə- belə, söhbət eləyirik də, cavanlar demiş mırt vururuq. Axı sən də bizlərdənsən. Sənin kimi qəhrəmanı yalnız bizim kimi xalq yarada bilər, başqası heç vaxt!
Bilirsən, dünya əslində böyük olduğu qədər əlçatmaz deyil. Allaha şükür, oxuyuruq, baxırıq, bilirik. Başqa millətlərin adətlərini öyrənib sonra məişətimizə də qatırıq. Şaxta Babayçün, Santa Klausçün o qədər dedilər ki, «yaddır, bizə xas deyil, bizim öz milli personajlarımız, məsələn Kosa var», xeyir eləmədi. Millət hər il yeni il gecəsinə səni yox, onu çağırdı. Aranızı vurmuram, olanını deyirəm. Süfrəsinin başına yanağı qırmızı, yaxud içməkdən qızarmış qoca ağsaqqal babanı oturtdu. Yanına sarısaç qız da qoyub adına Qar Qız, yəni guya Şaxtanın nəvəsi adlandırdı. Uşağına Şaxta Baba çağırtdıra bilməyənlər xəcalətindən yerə girməməkçün pambıqdan bığ-saqqal yapışdırıb özü qırmızı libasa büründü. Bir aylıq maaşını bir torba hədiyyəyə məmnunuiyyətlə dəyişib payladıqca sevincindən az qaldı ürəyi gedə. Bilirsən niyə? Xalqımız əslində başqalarının adətinə tez uyğunlaşandı. Sərf eləsəydi yeni ilə səni gətizdirərdilər, adını da «konqlomerat», yaxud «adətlərin qovşağında milli elementlər axtarışı» qoyardılar. Başa düş, sən bizimkisən. Sən keçmişdən gəlmisən, əyin-başın Şaxta Babadakı kimi naftalin yox, keçmişin, özü də unutmaq istədiyimiz keçmişin iyini verir.
Bilirəm, sən inciynlərdən deyilsən, ona görə ürəknən yazıram. İnciyən olsaydın qadağan olunmuş illərdə çıxıb gedərdin başqa millətin qapısına. Mən bilmirəm bu bir il ərzində sən harda veyillinmisən, kimin qapısını pusmusan. Heç olmaya Laplandiyada məskunlaşmış, ev-eşik sahibi olmuş Santa Klausdan gözün su içsin! Özü gəlməmişdən əvvəl onun buz sarayından elə görüntülər verirlər ki, adamın heyrətdən çənəsi düşür. Bu neçə il nədi, neçə əsrdə bir balaca koma da tikə bilmədin özünə? Vallah ayıbdı. Mən indi dünya milliətlərinin yanında necə dilimə gətirim ki, hər il çiçəklər tumurcuqlayanda, təbiət oyananda mənim milli qəhrəmanım, bomj Kosa Keçəli də yanına salıb sallana sallana gələcək.
Gəlməyinə gələcək, amma məqsədi qapı-qapı gəzib pay-puh dilənmək olacaq. Bizim Kosamız birindən yumurta, o birindən qoğal alıb, tuluğunu dolduracaq. Amma Santa Klaus Laplandiyadakı villasıyla fors eləyəndən sonra hamının gözü qabağında xizəkli arabasını hədiyyəylə doldurur. Deyəcəksən, ucuz reklamdı. Nolar, barı sən də elə?! Heç olmaya vədə yetəndə xurcununu yırtığını yama, əyin banşına əl gəzdir. Elə biz də yazıq olmaqdan, əl açıb dilənməkdən bezmişik. Bilirsən, bu artıq keçmir. Mən bilirəm, sən də bilirsən ki, bu tryukdu. Yazıq olub qapıları gəzmək dəb deyil. Noolub bizə, dövlətimiz, bayrağımız, himnimiz, neftimiz......
Heç fikir vermisənmi, sənünçün bir dənə də təzə mahnı qoşan yoxdu? Amma Şaxta Babaya hər il bir neçə təzə mahnı yazırlar. Odur ki, ağlını başına yığ. Özünə «respektabelnı vid» ver. Villaya gücün çatmasa təzə «novostroykalardan» biringə çoxotaqlı mənzil götür. Bir də ki, adam bir kəsin qapısını açanda əliboş gəlməz, ayıbdı. Onda sənnən hamı bölüşər, biz ürəyi yuxa millətik. Bax mən deyənləri eləsən, başın haqqı, oğlumun hər il Şaxta Babaya yazdığı məktubunun üstünə sənin ünvanını qoyacam. Qoy bilsin ki, bizim milli obrazlarımız da bayramda nəsə gətirir. Başa salacam ki, a bala, hədiyyəni Kosadan istəyərlər. Axı o, bizimkidi, özümüzküdü...

 

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?