İlk
çərşənbə axşamında
Ailə siyasəti liderinin təcrübə mübadiləsi
(Kosaya birinci məktub)
Salam, ay Kosa. Nə var, nə yox? Düz bir il olar səs-sorağın gəlmir.
Az keçməz gəlib çıxarsan. Bu gün ilk çərşənbədir axı. Dedim bir hal-əhval
tutum. Görüm bu il gələcəksən, ya yox?
Əvvəl özümüzdən yazım. Bayramqabağı şikayət eləyib zarımazlar. Gözümüzün
qorasını sıxanda Həmişəbelə gəlib görər, «srok»umuzun üstünə bir il
də qoyacaq. Özümə söz vermişəm, bax bu sətirləri oxuyanların canı, nə
dinəcəm, nə danışacam. Yazanda isə min yox, min bir dəfə ölçüb biçəcəm.
Neynim, balalarım var, necə qıyım ki, onlar cavan ömürlərini «türmədə
canını çürüdən anam, vay» deyib məni oxşasınlar. Bilirsən, mənfi şakərim
əmələ gəlib, yazmağa qurşanmışam. Gül kimi sənətimi, evdarlıqda professor
minimumu səviyyəsinə çatandan sonra atıb, bala-bala yazmağa ürəklənmişəm.
Qonşular dalımca pıçıldaşırlar: «Bilirsən, ay Fatmanisə, o da onlardandı.
Çox çəkməz, gəlib aparacaqlar».
Odur ki, məktubu oxuyandan sonra yandır. Qoy «ulika» qalmasın. Sənin
polisə verib qurtulmağa pulun hardandı. Neçə ildi qapı-qapı gəzib dolaşırsan,
yırtıq papaq və köhnə xurcunundan başqa heç nəyin yoxdu. Mənim fikrimi
eləmə. Jurnalist tayfası arsız olar. Bir də ki, belə getsə bir azdan
içəridə çöldəkindən maraqlı olacaq. Amma aparanda yaxşıları aparırlar,
mənə dəyməzlər.
Soruşarsan niyə sənə yazıram? Bir balaca bərk gedən yerə mesaj göndərirsən,
dalıyca bir qayma daş düşür təpənə, ətrafındakıları da xürd–xəşil eləyir.
Dostlarıma, yəni qələmdaşlarıma deməkdən yorulmuşam: Bax, mənim kimi
ünvansız yazın, onda başınız ağrımaz. Mənə elə gəlir ki, öndə olan və
ən çox vurulan peşə olduğuna görə jurnalistikaya parta arxasından gəlməzlər.
Oxumağın bura nə dəxli var, axı? Görürsən, ən səviyyəsiz jurnalistlər
ekranların ulduzudur. Hərdən fikir də yürüdürlər (?!). Şəxsən mən ailə
siyasətinin incəliklərini mənimsəyib, evdə lider seçkisində tam qələbə
çalıb, mətbəxdə muxtariyyət quraraq bütün ailənin ərzaq ehtiyatını və
bölüşdürülməsi məsələsini ələ alaraq, kişilərin mədəsi vasitəsiylə ürəklərinə
lağım atandan sonra, uşaqların simasında tərəfkeş qazanıb sonda qaynana
və «dövlətimizə» o tipli müdaxiləçilərin hamısını zərərsizləşdirərək
jurnalistikaya gəlmək imkanı qazanmışam. Etiraf eləyirəm ki, bircə divan
uğrunda döyüşləri uduzmuş və televizorun pultu kimi bəzi kompromislərə
şüurlu sürətdə gedərək əvəzində xeyirli güzəştlər əldə eləmişəm. İndi
necə bilirsən, mən bu cür qiymətli təcrübəmi bölüşməliyəm, yoxsa onsuz
da həllini tapmayacaq problemlərdən yazmalıyam? Nə qədər yazarlar, «qaz
yoxdu», «su gəlmir», «kimisə doğradılar, kəsdilər, asdılar», «jurnalistlərə
azadlıq», «rüşvətxorlara ölüm!» - hamısı bekarə şeydi. İndi sənə yazıram
ki, gəlməyinə az qalıb, bir az məlumat topla, bunları başa sal, qadası.
Yoxsa mənim o boyda «təcrübəm» kar eləmir.
Burda havalar hələ ki, soyuqdu, əyin-başını möhkəm elə. Çuxanın yırtıq-yamağını
tikməyə bi il vaxtın yetmir sənə? Gələrsən, aparıb «aeroportdan» sənə
təzə çuxa da alarıq. Sən canın, zarafat eləmirəm! Amma onda heç kimin
sənə yazığı gəlməyəcək. Camaatın gözü onsuz da tərəziydi, indi lap elektron
tərəziyə çevrilib. Cibinə girənləri sən deyən ayırmasa da başqasının
hesabını yaxşı bilir. Üzünə baxan kimi cibinin pulunu bir göz qırpımında
hesablayırlar. Hə, bir də ki, ayaqqabına fikir ver. Şəhər dizəcən palçıq
içindədi. Necə olmasa su çərçənbəsidi, yaz yağışıynan gör danışa bilərsən,
ya yox. Onunla gəlişin bir yerə düşsə palçıqdan elə tanınmaz günə düşəcəksən
ki, hamı səni dərsdən qayıdan müəllimə bənzədəcək. Bu məmləkətdə isə,
özün bilirsən, müəllimdən qiymətsiz bir şey yoxdu. Onda səni müəllim
kimi gözü yolda, cibi boş qoyacaqlar, inan mənə.
Bıy, köşəmin yeri doldu. Bundan o yana kəsəcəklər. Darıxma, hər çərşənbə
yazacam, lap bayrama qədər...
Görüşərik!!!...