Yaxşı 
          Əhval Nazirliyi
          
        Əgər 
          sizi anlamırlar deyə əzab çəkirsizsə
          toxtaya bilərsiz. 
          Çünki sizi anlasaydılar daha çox əzab çəkərdiz.
          Klarens Darrou
        Bayırda külək tüğyan eləyib zibillərimizi başımıza çıxaranda təmiz 
          evimdə, sakitlikdə oturub yaxşı əhval-ruhiyyə haqqında yazmığım gəlir. 
          Deyərsiz, bunun küləyə, ya zibilə nə dəxli var? Axı bilirəm ki, külək 
          nə qədər özünü öldürsə də pəncərəmin şüşəsini sığallayıb geri çəkiləcək. 
          Bərk gedən zibillərdən heç biri nə içimə, nə də içəriyə soxula bilməyəcək. 
          Qəlbimi də belə qoruya bilsəydim…
          Alınmır… Bunu mən dəqiq bilirəm. Çünki içəriyə plastik pəncərə –qapı 
          qoydurmamışam. Dəlmə-deşiyi də həddindən artıq çoxdu. Hərəsi bir çarpışmadan, 
          taleylə üzləşmədən sonra əmələ gəlib. İtirdiklərimin əvəzini tapıb yerinə 
          qoya bilməmişəm deyən bayırda-bacaqda əsən küləklər içərimdə də əsir. 
          Deyəcəksiz təbii… Belə də olmalıdır. Səhrada yaşamırsan, bizə dəyən 
          sənə niyə dəyməsin ki? İstəmirsən pəncərəni bərk-bərk bağla. Bağlayardım, 
          amma içəridə də boğanaq olsa neynərəm. Bir udum havayçün, bir qurtum 
          sərinlikçün kimin qapısın döyərəm. Döysəm görən məni içəriyə buraxarlar? 
          Bəlkə onlarda da darısqallıqdı. Eybi yox, içərisi genişlik olanı tapsam 
          qapısın döyərəm. Tapacam, mütləq tapacam…
          Üçüncü abzasın «enter»ini vurdum, amma hələ ki, yazdıqlarım mövzuya 
          girişdi. Yaxşı əhval-ruhiyyəyə yanaşmağın tərzini itirmişəm, yəqin. 
          Pis şeylərə də o qədər tez öyrəşirsən ki… Sifət tökməyi professionallıqla 
          bacarıram. Avtobusda biqafıl birisinin üzünə gülsəm bilirəm ki, ən azı 
          yarım saatlıq problemim olacaq. Ona görə ictimai yerdə qaş-qabaq tökməyin 
          eksklüziv yollarını hər gün tətbiq eləyirəm. Təbəsümümün təsadüfən üstünə 
          düşdüyü adama başa salanacan ki, «Sənə gülmürdüm», «Sadəcə əhvalım yaxşıdı» 
          və heç cür anlaya bilməsə nəhayət «Əcəb eləyirəm gülürəm, olmaz bəyəm!?» 
          deyib tədricən tonumu qaldırmalıyam. Axı, o bədbəxt necə anlasın ki, 
          kiminsə başqasını üzünə gülməyə ehtiyacı var. Deməli, azərbaycanlı qadın 
          öz abırlı reputasiyasını qoyumaqçün hamıya qaş-qabaq tökməlidir. Xaricdən 
          gəzib gələnlər deyir ki, orda hamı bir-birinin üzünə gülümsəyir. Elə 
          belə, səbəbsiz, təmənnasız… Yaxşı əhval ruhiyyəyçün indi xaricəmi gedək?
          Koşənin bu yerində ədəbi terminlərlə desək qızıl mərkəzində, ya də qızıl 
          kəsiyində mütləq kulminasiya olmalıdır. Yəni nəsə təklif eləmək, fikir 
          demək lazımdı ki, yazarın statusuna ziyan dəyməsin. Ona görə də deyirəm 
          bəlkə Yaxşı Əhval-ruhiyyə Nazirliyi yaradaq. Həmin nazirliyin ümdə və 
          cari məqsədi bizim əhvalımızın keşiyində durmaq olacaq. Qorxmayın, bir 
          dənə də havayı yeyənlər dəstəsini dolandırmağa imkanımız çatar. Ən gülərüz 
          adamı nazir seçərdik, ya da qoyardılar, fərqi yoxdu. Əsas məsələ gülərüz 
          olsun və hər gün ekranlarda insanlara ümid, yaxşı əhval paylasın. Çoxlu 
          gözəl vədlər verərdi, planlar cızardı, ən vacibi isə bunları hamısını 
          gülə-gülə edərdi. Bu nazirlik ümidsizlkdən lap əldən gedənlərçün xüsusi 
          hazırlıqlı, silahlı dəstələr təşkil etsəydi yaxşı olardı. Omon kimi, 
          Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürənlər dəstəsi kimi ağır hallarda 
          mənbəni yerindəcə zərərsizləşdirməkçün hadisə yerinə desant kimi atılardı. 
          Amma deyəsən bu dəstənin silah problemi olacaq. Ən yaxşı halda adamı 
          güldürməkçün abırsız lətifələrlə, ağır adamlarçün Bəhlul Danəndə, ya 
          da Molla Nəsrəddin lətifələriylə pulemyotu doldurmalı olacaqlar. Azərbaycan 
          ədəbiyyatında sağlam yumora rast gəlmək nazirliklərdə rüşvətə əli bulaşmayan 
          məmur axtarmaq kimi nəticəsiz bir işdi. Pis əhvala yoluxmuşlara Sabirin 
          satirasını oxuyub sinəsinə çalın-çarpaz dağ çəkmiyəcəklər ki?
          İş də ki, başdan aşır. Bu boyda xalqa ümid ver, inandır, yol göstər, 
          gözünün yaşını sil, qarnını doyur (Ac adamı güldürmək olar?), başının 
          sığalla, işıqlı gələcəyin ünvanını ver. Üstəlik ağlamalı mahnılarla 
          mübarizə, dilxor eləyən verilişləri yığışdırmaq, televiziyadan axmaq 
          ifadələri çıxarmaq, əttökən şou aləmini ələkdən keçirmək…
          Hələ kadr problemini demirəm. Hər adama bu gür nazirlikdə işə götürmək 
          olar bəyəm? Deyəsən, YƏN-də həmişə vakansiya olacaq. Bilsəm ki, məni 
          ora layiqli bilib işə götürərlər, içərimin bütün dəlmə-deşiyini tıxayıb 
          külək, zibil nədi, heç hənirtini də içəri buraxmaram. İşə düzəlməyə 
          gedəndə deyərəm ki, arabir avtobusda insanların üzünə gülümsəmək təcrübəm 
          də var. Bütün bunları deyəndə var gücümlə gülümsəyərəm. Amma qorxuram 
          cavabında eşidəm ki, «Nə var gülürsən, aa- a- az….».