|
Hər sarışına bir milyoner!
Yaxud paxıllıqla yazılmış yazı
Təsəvvür edirsiz, onların öz günü var! Yəni ki, uşaqların müdafiə günü,
beynəlxalq qadınlar günü, ya da polis, dənizçi, radio-televiziya günü
kimi onların da təqvimdə öz guşələri var. Mayın 31-də uşaqlarımız son
zəngi cingildədəndə bütün dünya blodinkalar, yəni ki, sarısaç qadınlar
gününü qeyd edirdi. Yoxa çıxmaqda olan bir növ kimi onların müdafiəyə
ehtiyacı varmış…
Alimlər deyir ki, onların vaxtı 2202-ci ilə qədərdi. Qarasaçlar, yalnız
o gündən sonra rahatlıqla nəfəs ala biləcəyik. Amma həmin zamana qədər
ayıq-sayıq olmağımız lazım! Sarışınların genetik proqramında yalnız bir
və çox uğurla icra edilən vəzifəsi var: dünyanın ən yaxşı kişilərini ələ
keçirmək! Təkamül nəticəsində bu tip qadınlar görkəmlərində müsbət dəyişiklik
etdikcə lazım olmayan kefiyyətlər, yəni ağıl, zəka, düşüncə qabliyyəti
və sair bu kimi insan nailiyyətlərini lazımsız olduğundan sıradan çıxarmağa
başlamışdır. Düzdür də, məqsədi uzaqbaşı milyonçu əldə etməkdirsə ağıl
nəyə lazım?
Bir vaxtlar Yer əhalisinin 49 faizi sarışın imiş. İndi sarışınlar 14 faizə
qədər azalıb. Çünki uşağın sarışın doğulması üçün valideynin hər ikisi
sarısaç olmalıdı. Qadın «ovunda» qarasaç kişilər daha uğurlu olduğundan
demoqrafik xəritədə sarışındar azalmağa başlayıb. Bildiyniz kimi sarısaçların,
yəni ki, Avropanın saratüklü əhalisinin uşaq doğmaqnan arası yoxdu. Ona
görə də yavaş-yavaş aradan çıxırlar. Təqvimdə gün qeyd eləməknən deyil…
Onların bayramı 2006-cı ildən bəri qeyd edilir. Bəşəriyyətin ən gözə girən
hissəsi nəhayət ki, şəxsi bayramlarına layiq görülüb. Axmaq adlandırılaraq
lətifələr qoşulan, hidrogen peroksidinin və gözəllik salonlarının əsiri,
solyari və silikonun hökmdarı, qlamurun günahsız qurbanı, əsil centlimenlərin
sevimlisi olan sarışınlar ilk dəfə idi ki, 2006-cı ildə eksklüziv laureatlıq
mükafatına layiq bilindilər. Bu mükafat «Brilyant dikdaban» adlanırdı.
İlk tədbirləri də pis keçməmişdi. Amma mükafata həmişəki kimi gözəlləri
deyil, istedadlı, ağıllı, uğurlu, dəbli qadınları layiq görmüşdülər.
Adamın allahı var, sarışınların təkamül prosesi asan olmayıb. Amma alimlər
yenə sual qalağı altındadı. Axı insanlar Avropa ərazilərin 35 min il əvəl
gəliblər. Sarışın saçın bu gür rəngarəngliyini təbii seçmə yolu ilə almaq
üçünsə 850 min il lazımdı. Bu qoyulan sualı əlbəttə ki, qarasaçlılar həll
eləməli olacaq. Belə bir versiya var ki, insanlar hələ ibtidai icma quruluşunda
yaşayarkən (kişilər ov ovlayırdı, qadınlar ocağın odunu güdürdü) qadının
yalnız kişini özünə bağlamaq yoluyla yaşamaq şansı vardı. Kontinental
tundra şəraitində baş verən seksual selesiya təkamül prosesini məhz bu
rəngdə ayaq saxlamağa məcbur edib.
Amma dalınca danışdığımız , lətifələr qoşduğumuz sarışınlara hamı bənzəmək
istəyir. Xüsusilə də sarışınların çoxluq təşkil etdiyi ölkələrdə gəlmələr
saçını rəngləməyə üstünlük verir. Bizdə rasizm yoxdu, amma biz də sarışın
olmağı sevirik. Sarışın olmaq istəyənlər ordusu saç rəngi istehsal edən
industriyanın yaranmasına təkan verdi. İndiyəcən hidrogen peroksidi bu
işin öhdəsindən pis olsa da birtəhər gəlirdi. Hidrogen peroksidini hələ
19-cu əsrdə istifadə edirdilər. Bunu ilk dəfə Quqo adlı fransız kral bərbəri
Napoleonun arvadının saçını rəngləmək üçün istifadə edib.
Bütün dünyanın onları lağa qoyub gizlincə həsəb aparmasına baxmayaraq
bu bayram artıq var. Arabir özlərini hiper qadın məntiqinin banisləri
kimi qələmə verən sarışınlar bu bayramı ildən-ilə genişləndirirlər. Bu
il Sibirin sarışınları toplaşıb küçələrə çıxdılar. Əllərində şüarlar (Şüarların
məzmununa görə heç kim onları qınamadı, sarışınlardı da…) öz şərəflərinə
ucadan nitqlər deyərək aləmə car çəkdilər. Şüarlar sadə idi: «Geyməyə
heç nə yoxdu», «Blondinlər dünyanı idarə edir!», «Mən sarışınam, bəs səninbəhanən
var?». Mitinq iştirakçıları yolda sarısaç görən kimi üstünə cumub ona
güllər hədiyyə edirdi. Bu mənzərələri hətta təqaüdçülər də təbəssümlə
qarşılayırdı. Amma bütün bu tədbiri sarışın deyil, ən adi bir kişi idarə
edirdi.
Bu ilkimi, ya ötən illərin birində sarışınlar keçirilmiş tədbirlərin aktivliyindən
oyanıb öz tələblərini formalaşdırıb nəhayət ki, insanın başa düşəcəyi
şəklə sala biliblər. Onların bir, amma çox mühüm tələbi var: Hər sarışına
bir milyoner! Arada xırda tələblər də səslənirdi: dövlət hesabına sinənin
ölçüsünün artılıması, gözəl gözlərə görə ali savad, sarışınlara qırmızı
işıqla yol keçmək icazəsi… İndi sadəlöhv səslənən tələblərə barmaqarası
baxmayın. Çünki sarışınlar artıq Ukraynada öz partiyalarını yaradıblar.
Soruşanda deyirlər ki, «Neynəyək, nə qazımız var, nə də neftimiz. Amma
gözəl qadınlarımız var. Həmin bu gözəl qadınların hərəsinin varlı əri
olsa onda ölkə də varlanar».
Bizim neftimiz var deyib rahatlanmalıyıqmı, ya yox, bunu bilmirəm. Biz
çoxdandı ki, qadınları deyil, kişilərimizi eksport edirik…
|
|