Mənə
dəniz verin
Yaxud mənə mövzu verin, bu istidə yazmağa
Yazının girişinə başlayanda hava hələ ki, mülayimdi deyən uzun-uzadı
giriş vermək olar. Amma bu cəhənnəmin qapısı qarşısında günahkarı bir
az artıq çək-çevirə salmaq kimi bir şeydi. Onsuz da hamının yolu məlum.
Yay və onun ipisti sürprizləri isə hələ irəlidədi.
Hər il bu vaxt nədənsə dünyanın axırı barədə fikirlər mənə hücum edir.
Yəqin isti və qəyamət günü arasında nəsə bir assosiasiya duyuram. Tərs
kimi qəzetlər də istidə yazmağa bir şey tapmayanda dünyanın sonu barədə
informasiyaları verib hamını bir daha, bəlkə də sonuncu dəfə istirahətə
çağırır. Necə deyərlər həyatın tamını çıxarmağa. Ona görə də istilərdə
adamların bir qismi istirahət yerlərinə cumur, o biri qismi ibadətə.
Hamı qiyamətin gəlməsini istəmir. Yəqin anormal istilər bir növ cəhənnəmin
repitisiyasını xatırladır. Deyirlər, orda daha betər istilərdi.
O qədər də isti olmayan ölkələrin alimləri əlbəttə ki, dinc oturmur
və qalaktikalarda axtarışlar aparırlar. Astronomlar bu gün üçün ən ekzotik
bir planet aşkarlayıblar. O, bizdən 40 min işıq ili aralıdadı, yer kürəsindən
60 faiz iri və çəkidə 8 dəfə ağırdı. Bu planet sanki qurğuşundan tökülüb.
(Mərc gələrəm ki, bu yerində hamıda cəhənnəmdə boğaza qurğuşun tökülmə
cəzasını gözləri qarşısında canlandırdı). Bu planetin bir ili 18 saat
sürür. Əlbəttə, bu planetdə həyat yalnız plazma formasında ola bilər.
2700 dərəcə istilik içində olan planetin gücü çatır ki, özünü oxu ətrafında
saxlaya bilsin. Dözüm bax buna deyərlər. Cəhənnəm də yəqin belə olur.
Bizim planetsə dözümsüzdü. Oxu da laxlayır, az qalır yerindən çıxa.
Çıxası olsa bütün maqnit sahələri başayaq çevriləcək. Bu dombalaqdan
sonra sağ qalası olsaq turizm şirkətləri Antarktidada kabab çəkməyə
dəvət edəcək. Planetimizin gah orasında, gah burasında azon dəliyi açılır
və insanlarda gunahkarlıq kompleksi yaradır. İmpulsiv adamlar az qalırlar
atmosferin dəliklərini yamamağa cumsunlar, amma lazımlı ölçüdə iynə
tapa bilmirlər. Ona görə də il-ildən istidi.
Biri deyir anormal istilərdə rusların, amerikalıların əli var ki, iqlimi
idarə etmək istəyindən təcrübələr qoyur və hər şeyin necə deyərlər zibilini
çıxarırlar. Amma isti Amerikada da olur və fəsadlar törədir, Rusiyada
da torflu torpaqları tüstülədir. Keçəl əlac bilsəydi yəqin ki, öz başına
yaxardı. O boyda dövlətlərin simiclikdən bahalı texnologiyasını işə
salmaq istəməməsi fikrinə inanmaq çətindi. Amma elə də deyirlər ki,
ən varlı dövlətlər öz camaatına qıymır və bütün elmi nailiyyətləri seçilmişlər
üçün sərf eləməyi daha düzgün sayır.
Etiraf etməliyət, nə fontanlarda çimib sərinlənən avropalılara, nə də
eyvnında pürrəngi çay hortuldadıb tərləyən bizlərə yazığım gəlmir. Çünki
bu yaxında Amerikanın aborigen xalqlarının mifologiyasını oxudum. Orda
Günəşin və Ayın bir gündə qırılıb göydən düşməsi səhnəsinin çox ifadəli
təsvirini gözlərim qarşısında elə canlandırdım ki, istidən tərləməyi
Allahın bizə göndərdiyi lütfü sandım. Dünyanın sonu barədə mifologiya
da deyəsən oralardan gəlir. Mayya tayfasının daş təqvimi bithabitdədi.
(Onlar qızıl və gümüşdən tökülmüş iri məcmeyi boyda olan təqvim-disklərini
sahilə çıxmış ağdərili avropallara hədiyyə edəndən sonra gəlmələr qanmazlıqdan
metalı əridib lom şəklində Avropaya göndərmişdilər. Ona görə də indi
daş təqvimin ümidinə qalıblar). Onlara inansaq il yarımdan da az müddətə
6 –cı günəşin zamanı başlayır. Beşinci günəşimiz hələ ki, göydən yerə
gumbuldanmayıb zamanımız var.
Qiyamət günündən hamı qorxur. Kimisi cənnətə düşməyə layiq olmadığında
əminlikdən, kimisi isə ağrı-acıya dözümsüzlüyündən. Müqəddəs kitabımız
deyir ki, hamı cəhənnəmi görəcək. Hətta cənnətə yollananlar da burdan
keçib odda yananları öz gözləriylə görəcək. Ona görə də axirət gününün
repitisiyasında aktiv iştirak edək. Sona yaxın, mən əlbəttə ki, yazının
sonunu nəzərdə tuturam, noutbukun altı kimi mən də istilənirəm. Onu
da bilirəm ki, sərinləşdirici sonluq olmalıdı. Bilirsinizmi, o qədər
istidi ki, kanalizasiyalı, çirkablı, bağırsaq qurdları və infeksilarla
zıq vuran, sahilində şüşə qırığı və qarpız qabığından ayaqyalın gəzmək
mümkün olmayan, suya düşmüş qarışqalar kimi əl-qol atan cammatın içində
dənizdə çimmək yenə də od tutub yanan sahildə, beşinci mərtəbədə, öz
istisindən qaynamağa az qalmış kompüterində yazı yazmaqdan yaxşıdı.
(Tamlıq üçün yazının başlığını bir daha oxumalı).