15
faizlik sehr
Başqa dünyalarla əlaqələri sürüşkən olanların qorxuyla oxuyacağı
mövzu
Bu yaxınlarda Minskdə «başqa dünyalara» girməyə icazə kağızını maşının
ön şüşəsinə yapışdırıb şütüyən maşınlar nəzərə çarpmağa başlayıb. Bu
kağızları elə düzəldiblər ki, ilk baxışdan heç nəylə diqqəti cəlb etmir.
Yəni ki, Belorusiya administrasiyasının verdiyi başqa kağızların rəng-rufundadır
və saxta olduğunu ilk baxışdan duymaq olmur. Amma sonra yaxınlıqda saxladılmış
maşının şüşəsinə məşumcəsinə yapışmış kağızın düz gözünün içinə diqqətlə
baxası olsan əvvəl heyrətlənir sonra hiddətlənə bilərsən. (Əskinə də
ola bilər)
Başqa dünyalara girməyə icazə kağızında yazılıb ki, «Bu kağız sürücüyə
hazırki qalaktikada, eləcə də bütün planetlərarası sistemlərin, peyklərin
və asteroidlərin ərazilərində dayanmağı icazə verir». Bu kağız sürücüyə
sadalananlardan əlavə bəşəriyyəti kosmik ənginliklərin ən dərin nöqtələrində
təmsil etmək hüququ verir. Maraqlıdır ki, bu kağızı maşınına yapışdırıb
gəzən sürücüdən kimsə soruşmurdu ki, «Bu nədir bura yapışdırmısan? Nəyə
lazımdı, bu hüquqlardan kimsə istifadə edirmi? Bu imtiyaza görə kimin
qarşısında cavab verməli olacaqsan? Ya da bundan hamıya olarmı?». Heç
kim bu sualları vermədi və kağızın bir zarafat olduğunu bilənlər də
sürücüyə bir kəlmə də demədi. Çünki insanlar özlərində başı çıxmadığı
məkanlara burnunu soxmamaq kimi təbii instinktiv reaksiya yaradıblar.
Başqa dünyalar üzrə mütəxəssislərimiz hələ ki, yoxdu.
Elə həmin səbəbdən də bütün informasiya saytlarında «təbiətin sirrləri»,
«müəmmalı», «sirrli», «izahedilməz» kimi adlandırılmış rubrikaların
oxucusu başqa bölmələrdən çox olur. İnsan bütün sirlərdən agah olmaq
arzusundadı. Ona görə də bir neçə qəza dalbadal baş verən kimi qiyamət
gününün əlamətlərini zərgər dəqiqliyilə sadalayan yazılar peyda olur.
Sonra kimsə, nə bilim hansı əsrdə, kiminsə qədim mağaranın divarlarında
cızdığını öz gözləriylə görənin nəticəsi xatirələrini bölüşməyə başlayır.
Ya da ki, bir neçə reys daldadal qəzaya uğrayan kimi hamının işi indiyədək
rahat oturmuş dünyalara düşür. Tədqiqat aparan kim, öncəgörməlik edən
kim…
Bu yaxınlarda Rusiyada baş vermiş təyyarə qəzaları sirli və insan taleyi
üzərində hökmlü dünyalara bir daha soxulanların yeni dalğasını yaratdı.
Sən demə bütün dünya bununla maraqlanır və tədqiq edir. Söhbət qəza
baş verəcək təyyarələrə, qatarlara gecikən xoşbəxtlərdən gedir. Əlbəttə,
sağ qalmış adam və onun qohumları üçün bu fakt sehr kimi görünür. Məlum
olur ki, hansısa bizə məlum olmayan səbəblərdən qəza baş verəcək nəqliyyat
vasitəsinə gecikənlərin faizi daha yüksək olur. Kiminsə yuxusuna rəhmətlik
nənəsi girir və xəbərdar edir, o birisi olacaqları röyada görür, başqa
birisi isə yuxuya qalıb gecikir. Dindar adamlar bunu bir cümləylə izah
edir: «Allahın işidir!». Onlar çiynimizdəki mələklərin bu məsələyə birbaşa
dəxli olduğunda əmindir. Bəzilərin inamı var ki, başımızın üstündə hərəyə
bir qoruyucu mələk bizimlə bərabər gəzir. Qəzalar o vaxt baş verir ki,
bu mələk bizdən aralı düşüb, ya da məsəlçün tindəki su dükanından sərinləşmək
üçün kvas almağa gedib. Bu izahla qane olmayanlar, yəni ki, o dünyalarda
da eşələnməyi sevənlər bir az da dərinə qaçmağa üstünlük verir: «Niyə,
necə oldu, hansı səbəbdən, niyə məhz mən?!». Qəzaya xoşbəxt təsadüfdən
düşməyənlərin sayını və tezliyini riyazi dəqiqliklə ölçənlər də var.
Paralel dünyaların bizim işimizə nə qədər müdaxilə etdiyini ölçmək istəyi
hələ 1958-ci ildə amerikalı sosioloq Ceyms Stauntonun ağlına gəlib.
Son 30 ildə baş vermiş 200 qatar qəzalarını tədqiq edərək aşkarlayıb
ki, həmin qatarlar 61 faiz dolu olurmuş. Adi günlərdə isə qatarlar 76
faizə qədər dolu olur. Yerdə qalmış 15 faiz uğurun, təsadüfün, ya da
başqa dünyaların müdaxiləsinin payına düşür. Qəzaya düşmüş təyyarələrin
statistikası elə Qərbdə daha artıq olduğundan bu rəqəmlərdən yararlanaq.
Qəzalı reyslərə biletlərin 18 faizi geri qaytarılır. Ada günlərdə isə
bu rəqəm heç vaxt 10 faizi ötmür.
Xristian kilsəsi bu məsələdə, yəni insan taleyinə müdaxilə məsələsində
mələkləri də dərəcələrə bölüb. Mələk dərəcələrinin 9 olduğu deyilir.
İnsanlarla təmasda olanlar ən aşağı dərəcəlidir, yəni ki, mələklərin
piyadalırıdır. Belə bir inam da var ki, ölmüş adamların ruhları da bəzən
insanların köməyinə gəlir. Əlbəttə, maddi dünyanın hakim olduğu zamanda
qanadlı mələklər, xilaskarlar, xeyirxahlar barədə əfsanələr yaranmaya
bilməz. O biri tərəfdən də maddi həyat və onun ən koloritli simvolu
olan pul həyatımızın bütün tərəflərini zəbt eləyir. İndi pula da abidə
qoyurlar. İyun ayının ortalarında Krasnoyarskda 10 manata abidə açıldı.
Sanki küçədə kiminsə cibindən düşmüş kimi yerə sərilmiş kağız onluğun
2, 5 matr uzunluğu, 1 metr eni var. Əyilib götürə də bilərsiz. Amma
yerə sərilmiş abidəni, hətta canlı variantını da insanlar 15 faizlik
sehrə aid etmir.